Ucuz təyyarə biletləri

Səmədağa Şıxlarov, Tərlan Əhmədov... Göz dağına çevrilən Şirvan stadionu - YAZI

Tarix:  19.06.17 13:06           Yazar:  Rekord.az           Oxunub: 204 dəfə

Ölkədə futbolun inkişafı, kütləviliyin təmin edilməsi üçün ilk növbədə böyük şəhərlərdə bu oyun yaşadılmalıdı. Lakin təəssüf ki, Azərbaycanın böyük şəhərlərindən bəzilərində nəinki çempionatda təmsil olunmaq üçün komanda, heç düz-əməlli stadion belə yoxdu. Bu cür şəhərlərdən biri də Şirvandı. 2008-ci ilə kimi Əli Bayramlı adlanmış şəhərdə ötən ilə olan məlumata görə 84 min nəfər yaşayır. Amma buranın futbolunda olan şərait, daha doğrusu, şəraitsizlik bu əhali potensialından top oyununun inkişafı üçün istifadə etməyə maneə törədir.

Yerlilərin çempion etdiyi “Energetik”

Şirvan futbolu deyəndə ilk növbədə, şəhər Əli Bayramlı adlandığı dövrdə buranı Azərbaycan SSR çempionatında təmsil etmiş “Energetik” yada düşür. Bu komandanın əsası 1975-ci ildə qoyulub. Ancaq “Energetik”dən öncə də Şirvanda komanda mövcud olub. Belə ki, neft-qaz şəhəri olan o vaxtkı Əli Bayramlının “Neftçi” komandası şəhəri ölkə çempionatlarında təmsil edirdi. 1975-ci ildə isə Əli Bayramlı Dövlət Rayon Elektrik Stansiyasının (DRES) bazasında yeni komanda yaradılması qərara alınır. Komanda tezliklə ölkənin ən güclülərindən birinə çevrilir. Belə ki, Əli Bayramlı təmsilçisi 1980-ci ildə həm Azərbaycan çempionluğunu, həm də ölkə kubokunu qazanır.

Uzun illər “Energetik”də çalışmış, həmçinin, çempionluğun və kubokun qazanıldığı ildə baş məşqçi olmuş Ramiz Hacıyevin sözlərinə görə, komandada top qovan futbolçuların əksəriyyəti yerli oyunçular idi:

“Energetik” komandası 1975-ci ildə, o vaxtkı Əli Bayramlı şəhəri Dövlət Rayon Elektrik Stansiyasının nəzdində yaradılıb. Komandanı məhz bura maliyyələşdirirdi. Əvvəllər burda “Neftçi” komandası fəaliyyət göstərib. 1975-ci ildə bizdə stadion istifadəyə verildi. Bundan sonra komanda da yaradıldı. İlk baş məşqçi isə Nağı Babayev oldu.

1978-ci ildə isə komandaya mən baş məşqçi təyin olundum. “Energetik”də oynayan futbolçuların hamısı yerli uşaqlar idi. Komandaya baş məşqçi təyin olunan kimi yerli futbol məktəbinin yetirməsi olan uşaqları komandaya cəlb etdim. Cəmi iki il sonra isə həm çempion olduq, həm də ölkə kubokunu qazandıq. Ölkə çempionu olduqdan sonra SSRİ çempionatının 2-ci divizionuna vəsiqə qazanmaq üçün Naxçıvan “Araz”ıyla keçid oyununda üz-üzə gəldik. Həmin oyunda 2:1 hesabıyla qalib gəldik, lakin 2-ci divizionda çıxış edə bilmədik. O vaxt şəhərin birinci katibi olan Qubadov tərəfindən komandanın çempionatda çıxış etməsi üçün təminat məktubu verilmədi. Belədə, o dövrdəki idman komitəsi də bizim çempionatda çıxışımıza icazə vermədi. Bununla da, 2-ci divizionda çıxış etmək şansımızı itirdik. Bundan sonra ancaq yerli çempionatda çıxış etdik”.

“Güc-bəlayla maşın tapıb, oyunlara ac-yalavac yollanırdıq”

1992-ci ilə kimi Azərbaycan SSR çempionatında çıxış edən “Energetik”, həmin ildə ilk müstəqil ölkə çempionatının da iştirakçısı olur. Lakin maliyyə vəsaitinin azaldılması komandanın çempionatdakı çıxışına da mənfi mənada təsir edir. “Energetik” güclülər dəstəsindəki ilk mövsümünü 26 komanda arasında 24-cü pillədə başa vuraraq, birinci diviziona düşür. Amma komanda 1995-ci ilə kimi aşağı liqada da çıxışını davam etdirir. Həmin ildə yerli DRES-in komandaya pul ayırmaqdan ümumiyyətlə imtina etməsi, “Energetik”in dağılmasıyla nəticələnir. Hacıyev deyir ki, maliyyə yardımı 1995-ci ildə tam dayandırılsa da, bundan öncə də komandada vəziyyət çox pis olub:

“1992-ci ildə müstəqil Azərbaycan çempionatının da iştirakçısı olduq. Ancaq həmin ildə birinci diviziona düşdük. Bir neçə il birinci divizionda çıxış etdikdən sonra komanda fəaliyyətini dayandırdı. DRES komandaya maliyyə ayırmaqdan imtina etdi, buna görə, fəaliyyətimizi dayandırmalı olduq. Düzü, bundan öncə də DRES-dən bizə maliyyə vəsaiti çox az ayrılırdı. Ona-buna yalvara-yalvara komandanı saxlayırdıq. Güc-bəlayla maşın tapıb, oyunlara ac-yalavac yollanırdıq. Futbolu yaşatmaq üçün bu cür oynamağa da razı olduq. Lakin komandanı saxlaya bilmədik”.

“Şirvan”la qayıdan futbol

“Energetik”in dağılmasıyla futbolsuz qalan Şirvan, 2001-ci ildə peşəkar səviyyədə olmasa da, böyük futbola qayıdır. Ramiz Hacıyev şəhərdə “Şirvan” adlı komanda yaradır. Bir neçə il həvəskarlar liqasında çıxış edən komanda, 2004-cü ildən Ədliyyə Nazirliyində qeydiyyatdan da keçir. Yerli Azneft İstehsalat Birliyinin maliyyə ayırdığı komanda, üç il həvəskarlar liqasının qalibi olur. Kiçik tutumlu şəhər stadionu Azneft İstehsalat Birliyinin təşəbbüsü ilə yenidən qurulmağa başlanır.

“Şirvan” 2007-ci ildə Bakıda keçirilən UEFA Regional Kubokunda da iştirak edir. Qrup mərhələsini ikinci pillədə başa vuran komandanın sərgilədiyi oyun bəyənilir. Amma hər şey bir anda dəyişir. İstehsalat Birliyi komandaya maliyyə ayırmaqdan imtina edir. 8500 tamaşaçı tutumuna malik olması planlaşdırılan stadionun da tikintisi yarımçıq dayandırılır. Ramiz bəyin sözlərinə görə, maliyyə vəsaiti dayandırılana qədər hətta komandanın növbəti mövsümdən birinci divizionda çıxış etməsi də planlaşdırılıb. Ancaq komanda nəinki birinci divizionda çıxış edir, ümumiyyətlə, fəaliyyətini dayandırır:

“2001-ci ildə şəhərdə yenidən komanda yaratdıq. Həmin ildə həvəskarlar liqasında çıxış etməyə başladıq. Komandaya yerli kiçik sahibkarlar maliyyə dəstəyi verirdilər. İşimiz uğurlu alındı. 2004-cü ildə Ədliyyə Nazirliyində “Şirvan” Futbol Klubu MMC adıyla qeydiyyatdan keçdik. Bundan sonra Azneft İstehsalat Birliyi komandanı himayəyə götürdü. Nərimanov Neftçıxarma İdarəsi bizim əsas sponsorumuz oldu. Komandaya avtobus ayırdılar, yaxşı şərait yaratdılar. Bundan sonra həvəskarlar liqasında çempion olduq, həm də, həvəskarlar arasında ölkə kubokunu da qazandıq. 2007-ci ildə UEFA-nın Regional Kubokunda iştirak haqqı qazandıq. Oyunlar Bakıda, “Şəfa” stadionunda keçirilirdi. İsveçrə, Serbiya və Gürcüstan təmsilçiləriylə bir qrupda yer almışdıq. Qrup mərhələsini ikinci pillədə başa vurduq.

Artıq həmin ildə birinci divizionda çıxış etməyi planlaşdırmışdıq. Lakin bizə sponsorluq edən idarənin rəhbərliyində dəyişiklik oldu və bundan sonra Neftçıxarma İdarəsi komandaya maliyyə ayırmaqdan imtina etdi. Bununla, “Şirvan” da fəaliyyətini dayandırdı”. 

Yarımçıq qalan (stadion) ümidlər

Bu gün Şirvan şəhər stadionu yerli futbolsevərlərin qarşısında göz dağı kimi dayanıb. Şəhərdə böyük stadion tikiləcəyi xəbərini sevinclə qarşılayan yerli futbolsevərlər, bu gün amfiteatrı xatırladan yarımçıq stadiona baxıb, köks ötürürlər. Maraqlıdı ki, stadionda əsas işlər tamamlanmış vəziyyətdədi. Məsələn, tribunaların tikintisi böyük ölçüdə başa çatıb. Hətta bir tribunanın üstü də örtülüb. Plana əsasən, həmin yerdə təkcə stadion yox, baza yaradılmalı idi. Stadionun yanındakı 2 mərtəbəli mehmanxana da məhz buna hesablanmışdı. Elə həmin mehmanxananın da tikintisi böyük ölçüdə başa çatıb. Geriyə yalnız son tamamlanma işlərinin edilərək bazanın istifadəyə verilməsi qalmışdı ki, bu işlər də anidən gerçəkləşən imtinayla yarımçıq qaldı. Ramiz Hacıyev Şirvan stadionunun vəziyyətiylə bağlı müxtəlif yerlərə müraciət etsə də, hələ ki, heç bir nəticə yoxdu. Hacıyev hətta AFFA-ya müraciət edərək, stadionu federasiyanın balansına keçirməyi də təklif edib:

“2005-ci ildə şəhər stadionu söküldü. Belə ki, yeni sponsorumuz stadionun tutumunu artırmağı planlaşdırırdı. Əvvəlki stadionun tutumu az idi. Lakin yeni tikiləcək stadion 12 min yerlik olmalı idi. İşlərin 70 faizə yaxını tamamlansa da, stadionun tikintisi yarımçıq dayandırıldı. Buna səbəb kimi maliyyəni göstərdilər. Demək olar, işlərin böyük hissəsi görülmüşdü. Bu barədə prezidentə, idman nazirliyinə müraciət etmişəm. Cavab gəlib ki, maliyyə vəsaiti ayrılan kimi tikinti işləri davam etdiriləcək. Lakin təəssüf ki, hələ də, heç bir irəliləyiş yoxdu. Heyf çəkilən əziyyətdən, xərclərdən.

Stadion Azneft İstehsalat Birliyinin balansında idi. Sonra idman nazirliyinə verdilər. Nazirlik isə yenidən istehsalat birliyinə qaytardı. Mən neçə dəfə müraciət etmişəm ki, stadion AFFA-nın balansına verilsin. Tikinti işlərini tamamlayıb, istifadə etsinlər. Böyük stadiondu, şəhər də paytaxta yaxındı. Hazır stadiondu”.

Problemli uşaq futbolu

Komanda, stadion olmasa da, Şirvanda futbol hələ də yaşayır. Bu şəhərdə futbolu yaşadan da illərini top oyununa vermiş Ramiz Hacıyevdi. “Şirvan” böyüklərdən ibarət komandaya malik olmasa da, aşağı yaş qruplarında AFFA-nın yarışlarında çıxışını davam etdirir. Hacıyevin sözlərinə görə, hazırda klubun 5 yaş qrupu fəaliyyət göstərir. Lakin Şirvanın uşaq futbolu da problemlərdən azad deyil:

“Hazırda əsas qüvvəmizi uşaq futboluna yönəltmişik. 10-dan 14 yaşa kimi komandalarımız AFFA-nın yarışlarına qatılırlar. Burda da U-14 liqasına kimi irəliləyirik, bundan sonra əlavə maliyyə vəsaiti lazım olduğundan, dayanırıq. 15-16 yaşlıları yerli dostların hesabına bir il yaşatdıq, lakin bundan artığına gücümüz çatmadı. Bu gün 100 minə yaxın əhalisi olan neft, qaz, enerji şəhərinin komandası yoxdu.

Komandanı top və forma, həmçinin yeməklə AFFA təmin edirdi. Amma son vaxtlarda bu yardımı dayandırıblar. İndi ancaq oyunlara yollanmaq üçün yolpulu verirlər. Bundan əlavə, idman nazirliyindən də xahiş edəndə, top, forma məsələsində kömək göstərirlər. Səfərlərə yollananda isə icra hakimiyyəti köməklik göstərir.

Şəhərdə futbola maraq çoxdu. Hazırda burda “Neftçi” İdman Sağlamlıq Mərkəzinin meydançasında yarış keçiririk, 500-ə yaxın adam gəlib. Hər 3-4 aydan bir belə yarışlar təşkil edirik.

Bu gün uşaq futbolunda əsas problemlərimizdən biri də stadionla bağlıdı. Hazırda olimpiya idman kompleksinin stadionunda məşq keçirik. İdman naziri Azad Rəhimovla görüşdə şəhərdəki stadion problemiylə bağlı məlumat vermişdim. O da sağ olsun, bizə olimpiya kompleksində məşq keçməyimiz üçün şərait yaratdı. Lakin bu meydança standartlara tam cavab vermir. Süni örtük birbaşa asfaltın üzərinə döşənib ki, buna görə meydança çox bərkdi”.

“Təkcə şirvanlı futbolçulardan ibarət komanda yarada bilərəm”

Hacıyev yerli gənclərin potensialına inanır. Onun fikrincə, şərait yaradılacağı təqdirdə, vaxtilə ölkə futboluna bir çox istedadlı oyunçu bəxş etmiş Şirvanda ancaq yerli futbolçulardan ibarət komanda da yaratmaq olar:

“Şəhərdə komandanın fəaliyyət göstərməməsi, burda top qovan uşaqların gələcəyinə də təsir edir. Düzdü, bizdən Bakı komandalarına yollananlar var. Lakin hər komanda da uşaqları saxlaya bilmir axı. Həmin uşaqlara yatacaq yer, yemək verməlidilər.

Şirvan şəhərindən həmişə futbolçu çıxıb. Bizim Avropa çempionumuz var - Tərlan Əhmədov. Bizdən Səmədağa Şıxlarov, Vadar Nuriyev, Elmir Xankişiyev, Əli Abışov kimi futbolçular çıxıb.

Həmişə demişəm, burda komanda yaradılsa, mənə kənardan oyunçu lazım deyil. Təkcə şirvanlı futbolçulardan ibarət komanda yarada bilərəm. Öz yetirmələrimiz bizə bəsdi. Çünki həmişə bizdən futbolçular çıxıb. Burdakı uşaqlarda potensial var. Bizim məktəbimiz var. Heç bir şərait yaradılmasa da, futbolu hələ də yaşadırıq. Mənə bu saat desinlər ki, birinci dəstədə çıxış etmək üçün komanda hazırla, kənardan bir dənə də oyunçu gətirmərəm. Şirvan uşaqları özü bəs edir.

Burda komanda olmadığından, başqa klublara keçə bilməyən uşaqlar sonradan avaraçılıqla məşğul olurlar. Dərs oxuyanlar təhsilini artırır, elmin ardınca gedir, digərləri isə çayxanalarda vaxt keçirirlər”.

Bu gün Azərbaycanın 6-cı ən böyük şəhəri olan Şirvan nəinki komandadan, hətta normal stadiondan da məhrumdu. Ancaq burda futbolun inkişafı üçün yetərincə potensial var. AFFA Azərbaycan Dövlət Neft Şirkətinin Azneft İstehsalat Birliyinə aid olan stadionu öz balansına keçirə bilər. Federasiya hətta akademiyanın filialını ölkənin ən böyük şəhərlərindən birində yaratmaqla, ölkə futboluna yeni-yeni istedadlar bəxş etmək imkanına da malikdi. Hər halda, 84 mindən artıq əhalinin məskunlaşdığı Şirvanda futbolun inkişafı üçün hər cür potensial var. Qalır, bu potensialdan düzgün istifadə etmək.

Qeyd: Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

mənbə: komanda.az

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Prosineçkinin gələn cismi, qalan ruhu
2017-08-22  // 0 Şərh
Kənan Məstəliyev
Yaxşı yol, “İnter”, irəli “Keşlə”!
2017-08-09  // 4 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Aqil Məmmədov "Neftçi"yə təklif edildi - ÖZƏL!
Sumqayıtın uğurlu “Uğur”u!
AZAL-ın sabiq futbolçusu Arif Əsədovun yeni komandasında!
İDDİA: “Neftçi” türkiyəli mütəxəssislərlə maraqlanır!
Nüqzar Kvirtiya I Divizion klubu ilə müqavilə bağladı
"Göyçə" İtaliyadan məşqçi, Ukraynadan qapıçı gətirir
"Masallı" rəhbərliyi I Divizion üçün Ramin Musayevdən yox, Elxan Məmmədovdan "dabro" alıb
Arif Əsədovdan yeni qərar: heç kiminlə müqavilə bağlanmasın
"Mil Muğan"nın yeni baş məşqçisi məlum oldu
"Mil Muğan"da növbəti təyinat - ÖZƏL!

Xəbər Lenti
24 Avqust 2017
01:26 Qurban Qurbanov: "Qələbəni Azərbaycan xalqına həsr edirik"
01:20 "Qarabağ"ın tarixi qələbəsi - VİDEO
01:12 Çempionlar Liqasında pley-offa yekun vuruldu
01:07 "Qarabağ"ın qələbə selfiesi - FOTO
00:56 "Qarabağ"ın Çempionlar Liqasının qrupundakı rəqiblər nə vaxt bilinəcək?
00:35 "Qarabağ" ÇL-in qrup mərhələsində!
23 Avqust 2017
23:51 "Qarabağ"da planlaşdırılmamış əvəzləmə
23:30 Samir Məsimov oynamadı, "Fakel" mərhələ adladı
22:30 Nəsirov oynadı, "Sportinq" qələbə qazandı
22:01 "Kopenhagen" - "Qarabağ": Heyətlər açıqlandı
21:49 "Kopenhagen" - "Qarabağ" - CANLI YAYIN
20:00 "Atletiko"nun hakimi söyən futbolçusu cəzalandı
19:30 "Qəbələ" Koreyaya yollanır
19:00 Qadın güləşçilərimizin DÇ-yə startı uğursuz oldu
18:40 Runi milli karyerasını başa vurdu
18:21 "Kəpəz"in legionerlərinin son durumuna aydınlıq gəldi
17:30 Almaniya klubundan İngiltərə təmsilçisinə
17:00 Nüqzar Kvirtiya I Divizion klubu ilə müqavilə bağladı
16:21 Taekvondoçumuz Taypeydə qızıl medal qazandı
15:40 Portuqaliya millisinin üzvü Moskva "Lokomotiv"ində
15:29 Yığmamızın vəsiqə qazandığı mundialın təsnifatında pley-off mərhələsinə start verilib
15:21 Əvəzedicilərin çempionatı: 3-cü turun oyun cədvəli bəlli oldu
15:00 Millimizin Norveç və San Marino ilə oyunlarına 25 futbolçu çağırıldı
14:42 “Qarabağ” “Kopenhagen”lə duelə hazırdı - VİDEO
14:21 Premyer Liqada 3-cü turun oyun cədvəli
14:00 Arif Əsədovdan yeni qərar: heç kiminlə müqavilə bağlanmasın
13:41 UEFA klub reytinqində bir pillə gerilədik
13:21 Millimiz Belarusa məğlub oldu
13:00 "Göyçə" İtaliyadan məşqçi, Ukraynadan qapıçı gətirir
12:40 "Latsio"dan Premyer Liqa klubuna
12:21 "Barselona"dan Neymara 8,5 milyon avroluq iddia
12:00 Aqil Məmmədov "Neftçi"yə təklif edildi - ÖZƏL!
11:40 "Traktorsazi"dən növbəti qələbə
11:21 "Valensiya"nın oyunçusu rəsmən "İnter"də
11:00 Orxan Hüseynzadə SOCAR-ın "qara siyahısı"nda? - ÖZƏL!
10:30 Arazın "Anortosis"in heyətində ilk oyunu - VİDEO
10:00 Klublarımızın yay transferləri - YENİLƏNİR
01:00 "Başakşəhər" Çempionlar Liqası ilə vidalaşdı
22 Avqust 2017
23:00 Elvin Mürsəliyev DÇ-də bürünc medal qazandı
22:40 "Neftçi” Elşad Əhmədovun rəhbərliyi altında ilk məşqə çıxdı
22:30 Tahir Gözəl: "İnanırıq ki, zəfər bizim yanımızda olacaq"
22:20 Miçel: "Sərfəli nəticə ilə mərhələ keçəcəyimizə inanırıq"
22:00 Qurbanov: "Şansımız var və bundan maksimum istifadə etməyə çalışacağıq"
21:30 "Kopenhagen" "Qarabağ" ilə oyun üçün 18 oyunçu seçdi
20:30 Solbakken: "Qrup mərhələsinə vəsiqə qazanmaq üçün hər şeyi edəcəyik"
20:12 Millimiz Belarusa qarşı bu heyətlə oynayacaq
19:21 Super Liqa klubunun prezidenti istefa verdi
19:00 “Kəpəz” tarixi derbinin hazırlığına başladı
18:40 Kapitan hələ də fərdi məşq edir
18:25 Sumqayıtın uğurlu “Uğur”u!
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.