Premyer Liqada 19-cu tur arxada qaldı. Öyrəndik ki...


- Heç bir komanda üçün heç bir rəqiblə heç bir matç asan keçməyəcək. Bu Liqada hamı hamıdan xal alacaq gücdədi. Çempionatın ikinci yarısı çox maraqlı olacaq.


- "Şamaxı" az qala lideri büdrədəcəkdi. "Qarabağ"ı tempi artırmağa və yüksək saxlamağa, oyunun bəzi bölümlərində hətta müdafiə olunmağa məcbur etmək az məsələ deyil. Ayxan Abbasov yenə də yaxşı iş görməyi bacarıb, komandası heç kimə asan yem olmayacaq.


- "Zirə" vacib matçdan qalib ayrıldı. Yaxşı rəqiblə oyunu ağıllı idarə edən Rəşad Sadıqov həm 3 xalı, həm də komandasının psixoloji üstünlüyünü geri qaytardı. Hesaba baxmayaraq, oyunun tempi yaxşı, qonaqların təzyiqi güclü idi. Ancaq Elmar Baxşıyevin yetirmələri rəqib müdafiəsini yarmağı bacarmadı və ardıcıl 3-cü məğlubiyyətini aldı. Eniş var, ancaq düşünmürəm ki bu eniş komandanı avrokuboklardan endirsin.


- "Sumqayıt"ın heyət quruculuğundakı gecikməsi onlara baha başa gəldi və bu gedişat davam edə bilər. Aşkar autsayderlə matçda ümumiyyətlə heç nə ilə yadda qalmayan meydan sahiblərində oyunboyu qol vurmağa adam tapılmadı. Vaqif Cavadov yalnız Kamran Quliyevin ümidinə qalmışdı ki, ona da nə normal top gəldi, nə də o özü tək nəsə edə bildi. Azı 2 transferə ehtiyac var ki, "Sumqayıt" mövsümün sonunda bu gün məğlub olduğu komandanın yerini tutmasın. Belə bir təhlükə var.


- Qərb derbisi möhtəşəm idi. Qarşılıqlı qollar, istifadə olunmayan penalti, qaçırılan digər şanslar, futbolçular və azarkeşlər arasındakı gərginliklər... Yaxşı bir matç izlədik. Xüsusilə Azər Bağırovun yetirmələri əla oyun nümayiş etdirdilər. Sürətli keçidlər, paslaşmalar, ələ düşən imkanlardan doğru istifadəni izləməyə dəyərdi. "Kəpəz" mövsümün ikinci yarısına yaxşı hazırlaşıb və çoxlarına başağrısı olacaq. "Turan" isə heyət problemlərini düzəldə bilmir. Komandada çətin məqamda oyunu öz üzərinə götürəcək lider olmadığından Tovuz təmsilçisi özünə oxşamadı. Berdıyevin bu cür ağır məğlubiyyətini xatırlamıram. Rusiyalı mütəxəssisin start heyəti planlamasında məcburi yanlışlıqlar vardı. Şəhriyar və Aleksin vərəqə cəzalısı, Miller, Hacıyev və Marandiçinin zədə problemi onu çətin vəziyyətdə qoymuşdu, ancaq Kurban müəllim yenə də həll yolu tapa bilərdi. Bu matçı onu passivinə yazmaq lazımdı.


- "Neftçi" Matiasa bir həll tapmalıdı. Hakim daha təcrübəli biri olsaydı, onu meydandan qovacaqdı. Yuri sanki bilərəkdən qırmızı almağa, komandanı pis vəziyyətdə qoymağa çalışırdı. Birinci hissədə iki kobud səhvə yol verib rəqibə qol imkanı yaratması ilə yanaşı, kobud və yersiz emosionallığı da "ağ-qaralar"a ziyan vuracaqdı. Yaxşı qurtardılar. Bu dəfə.


- Berezutskinin Elvin Camalovla nə problemi var, başa düşmürəm. Özünə də sual verdim ki, sabiq kapitan onun mövqeyində mərkəz müdafiəçisi oynadılacaq qədər zəifləyib? Məşqçi Şakladan qaldığını dedi. Bu gedişini düzgün saymıram və axır-əvvəl Vasili müəllimə zərər vuracağını düşünürəm. Aşkardı ki, burda oyundankənar amillər rol oynayır və bu məsələ mümkün olduğu qədər tez həllini tapmalıdı. Ona görə yox ki, Elvin super futbolçudu. Ona görə ki, o həm kapitandı, həm də alternativi yoxdu. Ümumiyyətlə, "Sabah"ın yarımmüdafiə xətti fiaskodu: istər arxa, istər ön. Azı 2 yaxşı transfer edilməsə, masazırlıların Avropa niyyəti elə niyyət olaraq qalacaq.


Kənan Məstəliyev, Rekord.az