200-ə yaxın qələbə, milli komandalara çağırılan 28 futbolçu
- 09 İyl 2024 17:00
- 345
"Sumqayıt Futbol Akademiyası"nın baş direktoru Hakan Sünal geridə qalan mövsümü dəyərləndirib.
Rekord.az-a açıqlama verən akademiya rəhbəri qarşıya qoyulan tapşırığın demək olar ki, yerinə yetirildiyini bildirib: "Ümumi götürsək, mövsüm bizim üçün uğurlu keçdi. Bütün komandalarımızın qarşısına ilk "beşliy"ə düşmək və pley off oynamaq tapşırığı qoyulmuşdu.Təəssüf ki, yalnız U-13 komandamız bu şansı qaçırdı. U-14 komandamız ilkin mərhələdə 3-cü yeri tutdu, 1/4 finalda "Qarabağ"a uduzdu. U-15 komandamız da ilkin mərhələdə 3-cü yeri tutdu, lakin yarımfinalda mübarizəni dayandırdı. U-16 komandamız ilkin mərhələdə 4-cü pilləni tutdu, pley off-da "Sabah"a məğlub oldu, U-17 komandamız bildiyiniz kimi, çempion adını qazandı, bizim qürurumuz oldu. Çünki Sumqayıtda ilk dəfə hansısa komandamızın çempionluğu münasibəti ilə tədbir təşkil olundu, çox qürurverici idi. Düzdür, bundan bir neçə il öncə U-13 komandamız da çempion olmuşdu, amma böyük yaş qruplarında ilk çempionluğumuz idi. U-19 komandamız təəssüf ki, uğurlu mövsüm keçirə bilmədi, bunun da müxtəlif səbəbləri var. Ümumilikdə möcsüm ərzində 300-ə yaxın oyun oynadıq, 200-ə yaxın qələbəmiz var, 35 oyunda heç-heçə edib, 62 oyunda məğlub olmuşuq. Belə deyim, ortalama olaraq, beş oyundan üçünü udub, birini heç-heçə edib, birini uduzmuşuq. Rəqəmləri bir kənara qoysaq, oynanılan futbolu qeyd edərdim ki, mənim üçün bunun özü də çox maraqlıdır və həqiqətən də akademiyamızın komandaları mükəmməl futbol sərgilədilər. Əsas odur ki, meydançada bizim fəlsəfəmizə uyğun oyunu sərgilədilər. Get-gfedə də inkişafa doğru gedəcəyimizə inanıram. Mənim burada beşinci ilimdi. Bunun da ilk iki ili pandemiya dövrünə təsadüf elədi, çətin vaxtlar idi. Onu saymasaq, son 3 ildə 5 medal qazanmışıq ki, bunun da ikisi qızıl olub. İki medal gümüş, bir medal da bürünc olub".
Hakan bəy məhz U-17 komandasının çempionluğunun əsas komanda üçün də böyük stimul olduğunu düşünür. Çünki burada yer alan futbolçular bir neçə il sonra əsas komandanın heyətində yer alacaq: "Artıq indidən bu yaş qrupundan olan futbolçularımız əsas komandanın hazırlıqlarına cəlb olunub. Həqiqətən bizim "qızıl yaş qrupu" deyəcəyimiz bir yaş qrupudur və düşünürəm ki, bu komandadan ən azı 4-5 nəfər yaxın illərdə Azərbaycan Premyer Liqası oynayacaq potensiala sahibdi. Təbii ki, bunun üçün düzgün istiqamətlənmə də vacibdi. İkinci bir məsələ bu futbolçuları saxlamağa nail olmaqdı. Çünki həmin futbolçulara digər klublarda da böyük maraq var, onları öz heyətlərinə cəlb etmək istəyənlər olacaq. Amma bu futbolçuların bir mənada bəxti gətirib ki, onların A komandasında Samir Abasov kimi baş məşqçi var. Daim nəzəri gənc futbolçuların üzərindədir, hamısını da şəxsən tanıyır. Hazırda A komandada yer alan Nihat Əhmədzadə, Xəyal Feyzullayev, Sənan Muradlı məhz öz akademiyamızın yetirmələridir. Onu da deyim ki, futbolçularımızdan 7 nəfəri U-19 millisinə dəvət aldı ki, bu da çox yaxşı göstəricidir. Nadir Orucov, Vüsal Paşayev, Toğrul Tapdıqlı 2007-ci illər, eləcə də 2006-cı illərdən Kənan Feyzullayev, Sənan Muradlını qeyd edərdim. Özüm də oyunlarını izlədim, çox xoşuma gəldi və xüsusilə mənə ləzzət verən o oldu ki, bəzi oyunlarda elə an olurdu ki, bizim futbolçuların 5-6 nəfəri eyni anda meydançada olurdu. Onu da deyim ki, çempion olan komandamızın demək olar hamısı sumqayıtlıdır. Yalnız bir nəfər Masazırdan gəlir, bir nəfər də Xırdalandan. Bir üstünlüyümüz də odur ki, bu uşaqlar 3 ildir eyni komandada oynayır, tək-tük dəyişiklik olub. Daha bir sevindirici məqam, U-17 komandamızın üzvü Toğrul Tapdıqlı 40 qolla çempionatın bombardiri oldu, Bundan başqa, U-15 komandamızdan 8 nəfərin milli komandaya dəvət almasını da xüsusi vurğulamaq istərdim. Ümumiyyətlə, mövsüm ərzində 28 futbolçumuz müxtəlif yaş qruplarından ibarət milli komandalara cəlb olunub.Bunlardan 10-11 nəfəri milli komandanın forması ilə rəsmi oyunlara çıxıblar. İki futbolçumuz İspaniyaya gedib, böyük ehtimal 1-2 il orada qalacaqlar. Daha 8 futbolçumuz ispanların burada keçirdiyi seçimlərdən uğurla çıxdı. Keçən il eyni xətlə İspaniyaya 10 uşaq yollanmışdı ki, bunun da ikisi bizim uşaqlar idi
Həmsöhbətimiz U-14 yaş qrupunun altında olan daha aşağı yaş qruplarından ibarət komandaların da mövsüm ərzindəki çıxışının ümumi dəyərləndirməsini apardı: "Bildiyiniz kimi, aşağı yaş qruplarında AFFA turnir cədvəli tərtib etmir və oyun protokolları, hesabların qeydə alınması yoxdur. Amma təbii ki, istər-istəməz ən azı valideynləri qeyri-rəsmi turnir cədvəli tutur (gülür). Həmin qeyri-rəsmi turnir cədvəlinə baxsaq, U-12 komandamız çempion olub. Mövsüm boyu cəmi bir oyunda uduzublar. Səhv etmirəmsə U-8 komandamıza da çempion demək olar. Ümumilikdə aşağı yaş qruplarındakı nəticələrimizi də uğurlu saymaq olar, çünki həmin qeyri-rəsmi turnir cədvəlinə baxsaq, demək olar bütün komandalarımız ilk "beşlik"də yer alıb. 4-5-6 yaşlı uşaqlardan ibarət "Təməl qrupu"muzun əsas üstünlüyü odur ki, U-8 liqasına kənardan futbolçu axtarmırıq, "təməl"dən hamısı hazır gəlir və 2-3 il eyni yerdə oynayaraq gələn uşaqlar olur. Bundan başqa, "Sumqayıt Futbol Məktəbi" layihəmiz də uğurla davam edir, A komandalarıan düşməyən uşaqları itirmirik və adını çəkdiyim futbol məktəbinə cəlb edirik. Orada elə uşaqlar olur ki, sonradan potensialını açıb A komandaya düşür. Aşağı yaş qruplarımızda çalışan məşqçilərin də işindən razıyam, üzərlərinə böyük yük düşür, məsuliyyət düşür, bünövrəni onlar qoyur. Burada problem deyə biləcəyimiz əsas faktor uşaq sayının çox, meydança sayının az olmasıdır. Ümid edirəm ki, yaxın zamanlarda bu məsələni də yoluna qoyacağıq".
Hakan bəy akademiyanın seleksiya fəaliyyəti haqda da söz açdı: "Təbii ki, əsas çevrəmiz Sumqayıtla bağlıdır, amma ətraf ərazilərdə, ümumiyyətlə, Şimal bölgəsində də zaman-zaman seleksiya xarakterli axtarışlarımız olur. Bu yaxınlarda Xırdalanda, Sarayda və Masazırda bir neçə məktəbdə olduq, görüşlər keçirdik, futbol festivalları təşkil etdik. Çünki futbol tək klublarla kifayətlənmir. Bu gün məktəblərdə də kifayət qədər yaxşı futbol oynamağı bacaran uşaqlar var və onları da kəşv edib akademiyamıza cəlb etmək istəyirik. Həmçinin, ötən gün Qusarda olduq, "Metax"la işbirloyimiz çərçivəsində ordakı uşaqlara futbol dərsləri verdik, orda da istedadlı uşaqlar var, onları da akademiyamıza cəlb etmək istəyirik".