
24-cü tura baxış
- 11:11
- 43
Premyer Liqada 24-cü tur çətinliklə də olsa, arxada qaldı. Öyrəndik ki...
- Öyrənmədik, bilirdik, bir daha əmin olduq ki, futbol kişi oyunudu və biz hamımız onun üçün çətinliklərə dözməyə hazırıq. Soyuq, şaxta maneə ola bilməz, olmadı da. Camaatın küçəyə çıxmağı ağlının ucundan belə keçirmədiyi vaxtda Şamaxıda da matç oynandı, Bakıda da, qəsəbələri Mərdəkan və Zirədə də. Futbol qurumlarımız da, klublar da, digər əlaqəli şəxs və təşkilatlar da böyük əmək sərf edərək yarışın davam etməsini təmin etdilər. Sağ olsunlar!
- Soyuğun bir müsbət cəhəti oldu ki, oyunun sürəti ölmədi. Hava çox şaxtalı olduğundan futbolçular yerə yıxılan kimi ayağa durur, vaxt aparmırdılar. Az qollu, amma hərəkətli matçlar izlədik.
- Oyunların özünə gəlincə, açılış matçında "Neftçi" və "Sumqayıt" üz-üzə gəldi. Meydan sahibləri qalib gəlsələr də, qonaqların yaxşı futbol oynadığını deyə bilərəm. Vaqif Cavadov komandasını relsə qoymaq istəyir, ancaq fikri başqa işlərdə olduğundan ortada nəticə yoxdu. Əvvəl sevməyənlərin duası günahkar idisə, bu dəfə hakimləri hədəf göstərdi. Üstəlik, öz işini jurnalistlərin üzərinə qoymağa da çalışdı. Gənc mütəxəssis belə şeylərin başını buraxıb işinə köklənsə, hər şey yaxşı olacaq. Samir Abasovda olduğu kimi. Sakitcə xal və xallar qazanır, "ağ-qaralar"ı toparlayıb, oyunlarını müəyyən qaydaya salıb. Hazırda lazım olan, gərəkən məhz budu.
- "Qarabağ" yenə xal itirdi. Ağdamlılar ilk yarıda əldə etdikləri üstünlüyü qoruya bilmədilər, şansları boşa verdilər. Rəqib Berezutskinin komandası isə bu baxımdan daha dəqiq oldu. Vasili müəllimin güclü rəqiblərlə işi daha yaxşı alınır, bunu problem kimi qəbul etmək olar. "Sabah"ın bütün matçlarda nəticə qazanması lazımdı, çünki tək kuboka güvənib avrokubok hədəfinə çatmaq olmaz.
- "Turan"ın qələbəsi gözlənilən idi. Çox da yaxşı oynamadılar, amma hazırda bu heç bir əhəmiyyət daşımır. Liderlər qrupunda olmaq, qalmaq üçün belə matçları "tum kimi çırtlamaq" gərəkdi.
- "Araz"ın enişi məni təəccübləndirir. Yaxşı komandadılar, yaxşı heyətə malikdilər, ancaq qışdan sonra özlərinə gələ bilmirlər. Bu durumun çox davam etməməsi lazımdı. Çünki komandanın potensialı bundan yaxşısına imkan verir.
- Turun fərqlənəni isə "Zirə"di. Komanda yüksəlişini sabitliklə davam etdirir. Rəşad Sadıqov ötənmövsümkü performansın təsadüf olmadığını və təkrarlamağa hazır olduğunu göstərir. Mütəxəssis əla bir konanda formalaşdırıb, hədəfə doğru irəliləyir.
Yazar haqqında
