
25-ci tura baxış
- 06 Mar 2025 13:25
- 91
Premyer Liqada 25-ci tur geridə qaldı. Öyrəndik ki...
- Berdıyevin maksimumu var. Təcrübəli mütəxəssis əlindəki heyətlə konkret bir taktika ilə oynayır, ciddi dəyişikliklərə getmir, getmək istəmir. Çünki həm bunun üçün xeyli vaxt lazım olduğunu düşünür, həm də nəticələrin katastrofik olmadığı qənaətindədi. Üstəlik, oyunçular da o səviyyədə deyil ki, özləri nəsə ekstraordinar iş görə bilsinlər, fərq yaratsınlar. Bu faktorlar həm məşqçinin özünün, həm də komandanın maksimumunu ortaya qoyur, gözləntiləri yüksəltməyə imkan vermir. Bu "Turan" bundan artığına qadir deyil, bundan aşağı da düşməyəcək.
- Rəşad Sadıqovun "Zirə"si isə sürət qatarı kimi yoluna davam edir. Mövsümün əvvəlindəki xal itkiləri olmasaydı, yetirmələri çempionluq mübarizəsinə də qoşula bilərdilər. Komanda "Qarabağ"dan sonra ən çox qol vuran, "Qarabağ" və "Araz"dan sonra ən az qol buraxan komandadı, hazırkı pillədə olmaqları tam qanunauyğunluqdu. Sürətli, çevikdilər, gedişata uyğunlaşma, onu dəyişmə bacarığına malikdilər. Bu temp avrokuboklarda da davam etsə, qrup (Liqa) mərhələsində oynamaqları möcüzə sayılmayacaq.
- Elmar Baxşıyev enişdə olmalarını qəbul etmir. Liqada son qələbələrini təxminən 40 gün əvvəl qazanan naxçıvanlılar, kubokda 3 penaltiylə "Zirə"ni üstələmələrini xüsusi bir nailiyyət hesab edir. Ola bilər. Amma buna qədər enişdə olmaları, indi yavaş-yavaş ordan çıxmaq siqnallarını verdikləri dəqiqdi. Növbəti tur "Qarabağ"ladı, mütəxəssis "yarımfinalın məşqi"ndə əslində nəyin-necə olduğunu bizə göstərməli olacaq.
- Köhnə "Neftçi" yenə "burdayam haa" dedi. Samir Abasov komandanı toparlayıb, amma birdəfəlik relsə qoymağı hələ bacarmayıb. Mümkün də deyil. Vaxt lazımdı buna. "Kəpəz"lə matçda "ağ-qaralar"ın həm fiziki, həm də psixoloji hazır olmadıqları, yorulduqları görünürdü.
- Berezutski 4-2-4 sxemindən əl çəkmək niyyətində deyil. Bunun üçün heyətin, xüsusilə orta xəttdəkilərin bu sistemi irəlilədəcək gücdə və potensialda olmadığını bilərək etməsi maraqlıdı. Rusiyalı mütəxəssis növbəti mövsüm üçün sistem otuzdurmağa, yayda lazımi transferlər edərək daha da iddialı olmağa çalışır, məqsəd-məramının bu olduğunu deməyə çalışırsa, hər şey "ok"-di. Klub rəhbərliyi məşqçisinə hətta kubokdakı mümkün uğursuzluğa rəğmən güvənəcəksə, bunun mesajını veribsə, yenə də hər şey "ok"-di. Təki hər şey yaxşı olsun, çünki bu çempionata güclü "Sabah" lazımdı. İki il əvvəl masazırlılar çempionluq uğrunda mübarizənin mümkünlüyünü bizə göstəriblər, yenə də göstərə bilərlər.
- "Şamaxı" və "Kəpəz"ə əhsən, "Səbail" və "Sumqayıta isə...
Yazar haqqında
