
30-cu tura baxış
- 15 Apr 2025 13:22
- 82
Premyer Liqada 30-cu tur geridə qaldı. Öyrəndik ki...
- Kurban Berdıyev kimi qocaman məşqçi öz karyerasının ilk qırmızı vərəqəsini Tovuzda aldı. İllər sonra bu məşqçi haqda yazılar yazılanda "yalnız bir dəfə"dən sonra "Turan", "Sabah" və yəqin ki hakim Elçin Məsiyev də qeyd olunacaq. Maraqlıdı ki, bu Məsiyevin qırmızı almayan adamlara qırmızı verdiyi ilk fakt, üstəlik də ilk Qurban deyil. İki il əvvəl Qəbələdə bu hakim Qurban Qurbanova da eyni vərəqəni vermişdi. Bu, Hocanın məşqçilik karyerasında cəmi 2-ci qırmızısı idi. Necə deyərlər, Məsiyev söz götürən oğlan deyil :)
- Avrokuboklara çempionat yolu ilə kimlərin gedəcəyi demək olar ki məlum oldu. Qeyri-sabit qrafik cızan "Turan"ın bu qeyri-sabitliyindən nə "Sabah", nə də "Neftçi" yararlana bilmədilər, bilmirlər, bundan sonra da bilənə oxşamırlar. Berezutski yenə "nevnyatnı" futbol oynatdı, Şafrankonun qırmızısından sonra isə komandanı tonusda saxlaya bilmədi. Nəticədə aradakı xal fərqi daha da artdı, yeganə ümid kuboka qaldı. Yenə kubok...
- "Neftçi"də nəticə eyni olsa da, durum bir qədər fərqli idi. İlk 20-25 dəqiqədə "ağ-qaralar" bəlkə mövsümün ən yaxşı performansını nümayiş etdirdilər. Pressinq, komanda oyunu, düşünülmüş kombinasiyalar, sürətli və çevik qərarlar... Hər şey vardı. Həmin dəqiqələrdə fərqi 5-ə qədər qalxma ehtimalı da ağıla gəlirdi. Ancaq sən saydığını say, gör "Neftçi"nin futbolla güləşi səhv salan müdafiəçisi nə sayır. "Razdevalkaya qol", fasilədən sonra Rəşad Sadıqovun ikili əvəzetməsi, axsayan mövqenin düzəlməsi, keyfiyyətli legionerlər və yüksək səviyyəli futbol, yüksək temp və təzyiq öz effektini artıqlaması ilə verdi. "Yabayla tank üstünə getməzlər". Hazırda "Zirə" Azərbaycan çempionatında ən yaxşı komandadı, tank kimi sakit və xətərsiz hədəfinə doğru irəliləyir. Matçın nəticəsi də qanunauyğun oldu.
- "Kəpəz" 2025-ci ildə ev matçlarında məğlub olmayıb.
- "Qarabağ"da 12-ci çempionluq yüklənib. Qalıb ok-i basıb izləmək.
Yazar haqqında
