44 oyunluq marafonun sonu və yeni başlanğıc!
- 04 Noy 2021 10:15
- 958
Simvolik bir məqam var: “Qarabağ” bu günə qədər avrokubokların qrup mərhələsində 44 matçda meydana çıxıb. Meydana çıxıb deyirəm, çünki əslində 45-dir. “Vilyareal”la ötənilki səfər matçı koronavirus pandemiyası səbəbindən oynanılmayıb və təmsilçimizə texniki məğlubiyyət verilib. “Qarabağ” təsnifatda da yüzə yaxın matç oynayıb, ancaq qruplar daha vacibdir. Çünki orada böyük tarix yazmaq şansı daha böyükdür.
Beləliklə, 44 matç...
Rəqəm sizə nəyisə xatırlatmır?
Əsgərlərimiz Vətən Müharibəsində torpaqlarımızı canları, qanları hesabına böyük şücaətlə işğaldan azad edib, onları haqqını ömrümüzün sonuna qədər ödəyə bilmərik. 30 illik həsrətə son qoyulması əbədi olaraq şanlı tariximizdə yer alacaq, fəxr, qürur, istinad yerimiz olaraq qalacaq, xatırlanacaqdır. Bütün dünya biləcək ki, Qarabağ Azərbaycandır.
Ancaq hərb təkcə silahla aparılmır. Əldə qələm, ayaqda topla da döyüşə girmək, qalib çıxmaq olar. Ağdamın “Qarabağ”ı kimi!
Dünyada 3 milyarda yaxın izləyicisi olan futboldan böyük təbliğat meydanı tapmaq mümkün deyil. “Qarabağ” Futbol Klubunun da Avropanın futbol arenalarında ortaya qoyduğu çalışmanın əhəmiyyəti də məhz bu səbəbdən kiçildilməməlidir. Uzun illərdir, informasiya müharibəmizdə diasporamızın gördüyü işlərdən dəfələrlə çoxunu edən, haqq savaşımızda ciddi təbliğat maşınına çevrilən bu komandaya, kluba böyük bir təşəkkür borcumuz var. Sona qədər peşəkar davrandıqlarına, həmişə soyuqqanlı və mübariz qaldıqlarına, ruhdan düşmədiklərinə, Qarabağ sevgisiylə yaşayan milyonlarla azərbaycanlının təsəlli, sevinc, qürur yeri, ölkədən kənarda Azərbaycanın siması olmağı bacardıqlarına görə. Çox sağ olsunlar!
Bəs bu 44 matçda nələr oldu? Qeyd olunası məqamlar çoxdur. Düşünürəm ki, “Kayrat”la yeni Milad olacaq bugünki səfər matçından öncə bu səyahətə qısa bir nəzərə salmaq olar.
Ardıcıl 8 ildir davam edən qrup mərhələsi macərası 18 sentyabr 2014-cü ildə Fransa təmsilçisi “Sent-Etyen”lə qolsuz bərabərliklə başlamışdı. Geridə qalan 44 matçda “Qarabağ” (və onun simasında Azərbaycan) ciddi sınaqlardan keçdi. Komanda:
- ilk cəhddəcə ağır hakim qərəzi ilə üzləşdi, “İnter”lə son turda çexiyalı Zelinkanın təmiz qolumuzu saymaması ilə qrupdan çıxışımız əngəlləndi;
- Danışılmış oyun biabırçılığı ilə İtaliya “Fiorentina”sı bilərəkdən PAOK-a uduzaraq, “Qarabağ”ın real şansını minimuma endirdi;
- Lazımi təhlükəsizlik tədbirləri görülmədiyindən Lüksemburqda ermənilər stadionun mərkəzinə qədər dron uçurdaraq qondarma respublikalarının bayrağı ilə komandaya təzyiq göstərməyə cəhd etdilər;
- Təxribatı törədənlər bu hadisədən sonra Henrix Mxitaryanın onlara zəng edərək təşəkkür etdiyini etiraf etsə də, futbolçuya heç bir cəza tətbiq olunmadı;
- Yenə də təhlükəsizlik səbəbindən “Arsenal”la “Emireyts”dəki matçda erməni azarkeş meydançaya girdi, oyunçularımız hücuma məruz qaldı;
- PAOK, APOEL, “Sevilya” və digər bir neçə səfərdə tribunalarda Ermənistan və onun qondarma törəməsinin bayrağı açıldı, şüarlar səsləndirildi;
- ÇL-də “Atletiko” qarşılaşmasında rəqib qapısına penalti təyin etmək əvəzinə Ndlovuya “simulyasiya”ya görə qırmızı vərəqə verildi, “Çelsi” ilə ev oyununda isə hakimlər ilk dəqiqələrdən “Qarabağ”a qarşı qərarlarla oyunun taleyini startdaca “təmin etdilər”;
- “Atletiko” matçında azarkeşlərin A4 kağızlarından düzəltdiyi simvolik bir koreoqrafi və ona lağedici münasibət qardaş Türkiyədəki çox sayda gizli düşmənimizi tanımağa kömək etdi. Növbəti ev oyununda “Qarabağ” buna “Far away from home but where you belong” (“Evdən uzaq, amma aid olduğun yerdə”) şüarlı üçrəngli, nəhəng və möhtəşəm xoreoqrafiyayla cavab verdi;
- UEFA pandemiyalı ötən mövsümdə “Qarabağ”a ciddi haqsızlıqlar etdi. Əvvəlcə, təsnifatda “Mölde” matçının Bakıda keçirilməsi əngəlləndi, ardınca qrupdakı ev oyunları paytaxt alındı, komanda İstanbula sığınmalı, bütün matçlarını faktiki səfərdə keçirməyə məcbur oldu;
- Ermənilərin dövlət başçısına qədər dilindən düşməyən irqçi, faşist, qeyri-insani, vəhşi açıqlamaları ola-ola “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimovun öz feysbuk səhifəsində hisslərə qapılaraq yazdığı və sonradan sildiyi bir statusuna görə absurd ömürlük futboldan uzaqlaşdırılması qərarına da şahidlik etdik;
Yəqin ki, klubdakılar daha çox, xüsusilə də təsnifatlardakı əngəlləri sadalaya bilərlər, ancaq bu, bizim açıq gördüklərimizdi.
Bütün bunlara rəğmən “Qarabağ” ruhdan düşmədi və layiqli çıxışını davam etdirdi. Bu 44 matçda tarixi nəticələr də qeydə alındı (təsnifatlardakı “Rusenborq”, “Zaltsburq”, “Yanq Boyz”, “Şerif”, “Legiya” qələbələrini də unutmadan):
- Sonra Avroliqanın finalında oynayacaq “Dnepr” səfərdə məğlub edildi;
- “Anderlext” və PAOK kimi tanınmış və böyük tarixə malik klublar Bakıdan əliboş yola salındı, yunanlar səfərdə də məğlub edildi;
- “Sent-Etyen”, “İnter”, Monako”, APOEL, “Bazel” kimi komandalar Azərbaycandan yalnız bir xal apara bildilər;
- Sonra Avroliqanın qalibi olacaq Madrid “Atletiko”su ÇL-in qrupunda “Qarabağ” iki matçın heç birində yenə bilmədi;
- Ermənilərin dron uçurtmaqla təzyiq etmək istədiyi matçda “Düdelanj” böyük hesabla darmadağın edildi;
Bu, işin futbol tərəfidir. Meydanda yenilgi də var, qələbə də. Əsas olan isə istiqrar və davamlılıqdı. Yuxarıda da qeyd etmişdim ki, beynəlxalq turnirlərin üst mərhələlərində davamlı iştirak həm də Azərbaycanı tanıtmaq, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq baxımından əla platformadır. Hər dəfə qruplarda dünya çapında tanınan nüfuzlu media qurumlarının diqqəti ölkəmizə yönəlib. Ötən müddət ərzində Böyük Britaniyanın “The Sun”, “Daily Mail”, “The Telegraph”, Fransanın “L’Equipe”, İtaliyanın “Corriere Dello Sport”, Almaniyanın “Bild”, İspaniyanın AS, “Marca”, Niderlandın “De Volkskrant” və onlarla bu kimi məşhur nəşrlərdə Qarabağ, bu bölgəni təmsil edən eyniadlı komanda haqqında silsilə yazılar, xəbərlər dərc olunub və bu proses hələ də davam edir. “Rəqibimiz “Qarabağ” kimdir” sualının cavabını axtaran əcnəbi KİV - yazılı, elektron, TV, bir sözlə hamısı - istər-istəməz məqalələrdə “Qarabağ”ın işğal altında olan bir rayonu təmsil etməsi, Ağdamın Erməni Silahlı Qüvvələri tərəfindən zəbt edilməsindən sonra “ruhlar şəhəri”nə çevrilməsi, müharibə nəticəsində 1 milyondan çox vətəndaşımızın məcburi köçkün və qaçqın düşməsini qabardıb, süjetlər hazırlayıb, nəhəng auditoriyaya məlumat verib. Futbolçular, məşqçilər, klub rəsmilərimiz də dəfələrlə xarici mətbuata açıqlamalarında bu həqiqətlərimizi dilə gətirib, haqsızlıqlara etiraz edib, mübarizəmizin hələ bitmədiyini qeyd ediblər.
Ölçüyəgəlməz bir iş var ortada.
Əminəm ki, “Qarabağ” haqqında nəvaxtsa film çəkiləndə komandanın bu Avropa səyahəti daha təfərrüatlı göstəriləcək, keçilən yola daha diqqətlə nəzər salınaraq necə böyük işin öhdəsindən gəlindiyinin fərqinə varılacaq. Ordumuz 44 günə Qarabağı işğaldan azad etmişdisə, “Qarabağ” da 44 matça Qarabağa qarşı edilən haqsızlıqların qapısına həm meydanda, həm də ondan kənarda öz qolunu vurmağı, xüsusi təyinatlı komanda olmağı bacardı.
Bu gün yeni tarixi ən yeni tarixə çevirmək üçün vacib qarşılaşma oynanılacaq. Avropanın ən şərq nöqtəsində, qədim türk torpağında Qazaxıstan “Kayrat”ı ilə səfər matçında qazanılacaq qələbə geridə qalan 44 matçlıq bu ağır, eyni zamanda gözəl seriyanı bir fəthə çevirəcək, pley-offuna sancılan bayraq olacaq.
Ola bilər bizə lazım olan nəticə Qazaxıstanda yox, Bakıda, ya da ardınca Bazeldə əldə olunsun. Əsas odur ki, bu uğura nail olunacaq, özü də bu il. Buna heç bir şübhəm, tərəddüdüm yoxdu. Çünki “Qarabağ” güclüdü, arxasında həmişə layiqincə təmsil etdiyi Azərbaycan və artıq azad Qarabağı var.
Lap nəticə qazanmasa belə, bütün daxili, xarici çətinliklərə, maneələrə rəğmən “Qarabağ” öz işinin öhdəsindən gəlib. Bizi həm öz adı, həm də nümayiş etdirdiyi gözəl futbolla fəxr etdirə bilib. Təşəkkürlər və yeni tarixində uğurlar “Qarabağ”!
"Qarabağ" Azərbaycandır!
Qarabağ Azərbaycandır!
Kənan Məstəliyev