44 saata fəth olunan Afina
- 08 Okt 2022 11:59
- 633
44 saata nə etmək olar? Kiçik bir kitab oxumaq, hansısa rayonu gəzmək, yeni bir əcnəbi dilin əlifbasını öyrənmək… Başqa? Məsələn, Afinaya yollanıb, onu fəth etmək. Olarmı? Olar. “Qarabağ” bu işin öhdəsindən təsadüfənmi, ya zərurətdənmi, məhz bu qədər vaxt ərzində rahat və artıqlamasıyla gəldi. Mən də bu qısa, amma tarixi zəfər səfəri barədə bəzi qeydlərimi, kiçik də olsa təəssüratlarımı sizinlə bölüşmək istədim.
Afinaya işə gedənlər
Bir təyyarədə uçduğumuzdan “Qarabağ”ın oyuna hansı əhval-ruhiyyədə yollandığını görmək imkanımız olmuşdu. Komanda çox sakit, belə demək olar ki, adi iş rejimində idi. Heç kimdə həyəcan, gərginlik yox idi. Futbolçular sanki səhər 9-da işə gəlib axşam 18-də evə qayıdan işçilər kimi idilər. Sanki komanda məşhur “Georgios Karaiskakis”də güclü “Olimpiakos”un qonağı olmağa yox, adi bir işin öhdəsindən gəlməyə gedirdi Afinaya. Başlarında da “tarix müəllimi” vardı. Tarixin yarandığı yerə yeni tarixi yazmaq, sonra da onu həm yetirmələrinə, həm də bizə demək üçün getmişdi ora. “Qarabağ”ın bu qədər uğur qazanmasının sirri də yəqin ki illər ərzində formalaşan bu mexanizmdi. Rəqibin “Olimpiakos”, “Atletiko”, yaxud “Şamaxı” olmasından asılı olmayaraq işə düzgün köklənmə, həmişə tam gücünü ortaya qoyma bacarığı mütəmadi qələbələrin təməlidi.
Futbol söhbəti
Qurban Qurbanov həmişə təyyarədə media nümayəndələrinin yanına gələrək müxtəlif mövzularda söhbət edir. Bu dəfə istisna olmadı. Adətən bu qeyri-rəsmi dialoqların böyük hissəsi mütəxəssisin monoloquna çevrilir. Azərbaycan futbolunun təməl problemləri, kadr çatışmazlığı və digər söhbətlər yerini dünya futbolunun bu günü və gələcəyi haqda proqnozlara qədər gəlib-çıxdı. Məşqçi hazırda futbolun sürətinin çox böyük olduğunu, atletik və güclü oyunçuların ön plana çıxdığını qeyd etdi. Ancaq onu da dedi ki, “Mançester Siti”, PSJ və digərlərinin nümayiş etdirdiyi bu sürət və intensivlik daimi olmayacaq. Çünki il ərzində 60-70 matçı bu tempdə, bu səviyyədə keçirmək fiziki olaraq çox çətindi, turnirlər və oyunlar arasında seçim etməyi gərəkdirir. Məntiqli fikirlərdi.
“Prius”suz şəhər
Şəhərə oyundan cəmi bir gün əvvəl gəldiyimizdən və həmin günə ayrı-ayrı vaxtlarda həm oyunöncəsi mətbuat konfransı, həm də məşq düşdüyündən, hava limanı – otel – stadion – yenidən otel – yenidən stadion – yenidən otel marşrutu ilə hərəkət edib, günü demək olar ki, yolda keçirmiş olduq. Afinanı hiss etmək üçün cəmi 24 saatımız qalırdı ki, bu da nəinki yetərli deyil, hətta heç nədi. İliyinə qədər tarixdən ibarət olan bu şəhərdən təəssürat almaq üçün azı 2 həftə lazımdı, ancaq yenə də müəyyən fikirlər yürütmək üçün imkan tapa bildik. Gözlənilənlərin əksinə, ya da elə gözlənildiyi kimi Afina dəbdəbə, görkəmdən uzaq, sadə şəhərdi. Göydələnlərə, xüsusi effektli görsənən binalara demək olar ki, rast gəlmək olmur. Bunun bilərəkdən edilməsi, şəhərin qədim tarixi arxitekturasının saxlanılması səbəbindən edildiyini təxmin etmək olar, ancaq bununla yanaşı da insanların işlədiyi, yaşadığı məkanların Bakıdakından xüsusi fərqi yoxdu, hətta əksər hallarda geri qalır. Otelimiz şəhərin tam mərkəzində yerləşsə də, xüsusi mərkəz ab-havası hiss olunmurdu. Elə digər yerlərdə də həmçinin. Bu müddət ərzində yollarda bahalı marka maşınlara rast gəlmədim. “Qelendvagen”, “Porşe”, “Lamborgini” və digər bu kimi markalar bu şəhər üçün çox da tanış adlar deyil. Əvəzində sadə, ekonomik maşınlar üstünlük təşkil edir. Küçələrdə trolleybuslar fəaliyyətdədi, ictimai nəqliyyat intensivdi. Motosikletlərin sayı maşınlarla bərabər olmasa da, ona yaxın saydadı. Taksi anormal dərəcədə çoxdu, ancaq heç biri “Prius” deyil. Yalnız sarı rəngdə olan bu xidmət maşınları “Şkoda” və “Mersedes” markalarındandı. Başqalarına rast gəlmədik.
Axillesin evsizləri
Maraqlı adları olan - Hippokrat, Axilles, Dionis və s. - küçələrin çox da səliqəli və təmiz olduğunu demək olmazdı. Divarlarda qraffiti çoxdu, yollarda, səkilərdə qazıntı işləri gedir, elə bu baxımdan da Bakını xatırladır. İnsanlara gəlincə, Afina əhalisi varlı deyil. Orta təbəqə üstünlük təşkil edir, hətta kasıb yaşadıqlarını da qeyd etmək olar. Dilənçi, evsiz insanlar isə az qala hər yerdədilər. Demək olar hər mərkəzi küçənin kənarlarında onların yatdıqlarını görmək olur. Və bu insanlar şəhərdə çox sayda olan hindistanlı və ya pakistanlılar kimi gəlmələr yox, məhz yerlilərdilər. Etiraf edim ki, bu qədər evsiz adama başqa heç bir Avropa şəhərində rast gəlməmişdim. Səbəbi nə olursa-olsun, obyektiv və ya subyektiv, üzücü mənzərədi.
Gözəl Afina!
Ancaq Afina yenə də çox gözəldi. Yaşı mini keçən o qədər məkanlar, abidələr var ki, hamısının qarşısında durmaq, maraqlanmaq, sonra da şəkil çəkdirmək üçün günlər, həftələr yetməz. Ona görə də müəyyən bir məqamdan sonra telefonu bir kənara qoyub, sadəcə tarixin daş yaddaşını öz yaddaşına keçirməyə başlayır, zövq almağa başlayırsan. İlk Olimpiya Oyunlarının açılış və bağlanış mərasimlərinin keçirildiyi möhtəşəm “Panateniako”, yaxud digər adı ilə “Kalimarmaro” stadionu, əzəmətli, bir anda səni özünə təslim edən, dünya tarix incilərindən olan Akropolda Parfenon, Panteon, Afina məbədləri, Aqora meydanı və digər məkanlar bu şəhəri sənə sevdirir, bir vaxtlar Platonun, Sokratın gəzdiyi yerlərdəki gəzinti adama “ilk imkandaca bura bir daha qayıdacam” dedirdir. Çox gözəl təəssüratlardı.
“Karaiskakis”də “sükut”
Afina gözəldi, insanları da problemlərinə rəğmən pozitiv, səmimi və gülərüz qalmağı bacarırlar.
Ancaq bu gülərüzlülük “Olimpiakos” azarkeşlərinə aid deyil. Matçın başlamasına bir saat qalmış “Qarabağ”ı dəstəkləməyə gəlmiş kiçik bir qrupa səbbəsiz şəkildə hücum çəkən, onlara petard, müxtəlif pirotexniki vasitələr atan, xəsarət yetirməyə çalışan utraslar yersiz aqressivlikləriylə seçildilər. Polis işə qarışandan, gözyaşardıcı qazdan istifadə edəndən sonra tribunalarına çəkilən bu “təəssübkeşlər” oyun ərzində də dinc durmadılar. Arenaya erməni bayrağı gətirmələri bir yana qalsın, indoneziyalı 180 mərhum futbol azarkeşi üçün elan olunan bir dəqiqəlik sükutu bilərəkdən pozaraq etdikləri tərbiyəsizliyə heç bir ad vermək olmur. Sükuta riayət etmədilər, amma susduqları anlar da oldu. “Qarabağ”ın 3-cü qolundan sonra qısa müddətlik çökən sakitliyi görərdiz... Az qala öz aramızda danışdığımız səslər arenada əks-səda verirdi. Sanki futbol stadionunda yox, kitabxanada oturmuşduq. Bu, futbolun və ədalətin yerli azarkeşlərə bir dərsi, onların özündənrazılıq və saymazyanalığına elan edilən bir dəqiqəlik sükut idi. Haqq etdiklərini almışdılar.
Come to Olympiacos, Qurban Qurbanov!
Hər halda, 130-a yaxın yaşı olmasına baxmayaraq, gözəl, eyni zamanda müasirliyini qorumağı bacarmış, yığcam, əsl futbol arenası olan “Georgios Karaiskakis”də matç izləmək böyük zövq idi. Xüsusilə də təmsilçimizin oyunu, ortaya qoyduğu perfomansı nəzərə alaraq. Təsadüfi deyil ki, yunan jurnalistlərdən biri oyunsonrası mətbuat konfransında “Qarabağ” bu stadionun tarixində ən yaxşı futbol nümayiş etdirən komanda idi” deyərək dünənki matçdan olanlar barədə əlavə suala yer qoymamışdı. Qurban Qurbanov və yetirmələri öz təmkinləri, səbrləri, eyni zamanda istedad və çalışqanlıqları ilə əldə etdikləri bu möhtəşəm qələbəni biz hələ uzun illər xatırlayacaq, illərin zəhmətiylə qurulan sistemin rəqibləri necə ram etdiyini fəxrlə deyəcəyik.
Həmin jurnalist konfransdan sonra da Hoca haqda danışdı. Qurbanovun çox yaxşı, hətta ideala yaxın məşqçi olduğunu, nəticəyə rəğmən rəqib komandaya, tribunalarda baş verənlərə rəğmən azarkeşlərə hörmətlə yanaşmasına, “Olimpiakos”a, həmçinin öz peşəsinə nümayiş etdirdiyi sayğıya valeh olduğunu bildirdi. Sonda isə Qurbanova “Come to Olimpiakos”, yəni “Olimpiakos”a gəl” cümləsini ona çatdırmağı xahiş etdi.
Kənan Məstəliyev, Bakı-Afina-Bakı.