7 - 21 - 11... YAZI
- 12 Okt 2019 13:00
- 1421
Azərbaycan çempionatı adı altında keçirilən açıq "Bakı birinciliyi"ndə ilk dövrə sona çatıb.
Lider 20 xalı birnəfəsə adlayıb, ardınca gələnlər 10 xallıq səddi güc-bəla ilə keçiblər...
Sonuncularla ikincilik arasında cəmi elə iki qələbəlik məsafə var. Bir oyunda büdrəmə növbəti turda fərqin aradan götürülməsi deməkdir. "Neftçi" ilə bağlı haqlı deyim yerinə düşür, "ikinciliklə sonunculuq arasında heç bir fərq yoxdur"...
"Qarabağ" ötən mövsümdə verdikləri boşluqlardan, özlərini atdıqları stressdən necə dərs çıxarıbsa, bir dövrəyə çempionluğu 99% həll edib. 10 xallıq fərq 3 məğlubiyyət, 1 heç-heçə deməkdir, əgər izləyicilər 100%-lik(!) nəticə qazanarsa...
Dəqiq təhlillər gərəkdir. "Qarabağ" yuxarı-aşağı gücünü, stabilliyini qoruyub saxlayıb. Ötən mövsümdəki kimi yenə də qruplarda çıxış edir. Üstəgəl də milliyə çağırılan futbolçular. Deməli, bir il öncəki çempionatın startındakı büdrəmə rəqiblərin sıçrayışı ilə bağlı deyildi, "Qarabağ"ın arxayınlığının, ritmdən düşməsinin nəticəsi idi...
"Neftçi" heyətini öz fəlsəfələrinə uyğun kifayət qədər gücləndirib. Baş məşqçi də hər dəfə heyətin genişliyindən, rotasiyalardan ağızdolusu danışır. Məntiqlə, ötən ili nəzərə aldıqda, "Neftçi" "düz yoldadır"la indi 10 xal olmasa da, 5-7 xal öndə olmalıydı. Ən pis halda şərikli liderlik bölüşülərdi. "Qarabağ" yenə də eyni sıx qrafiklə oynayır...
Obyektiv təhlillər sərf etmir. Dərindən düşündükdə, tənqidlərin özü bir dəstəkdir. "Neftçi" ağırlığını dərk etməyənlərə isə mənasız, daha doğrusu özləri üçün piar kampaniyalar daha sərfəlidir. Piarla, sığortalarla isə meydanda liderlik, çempionluq, Avropada uğurlu çıxışlar təmin edilmir...
Təəccüblü də deyil, günahı kənarda, havada, suda, odda-alovda, səmada, azarkeşlərdə, "istefa"larda "axtaran" rəhbərlik, rəsmilər, məşqçilər nəzərlərini öz "nəzəriyyələrinə" yönəltsələr yaxşıdır. "Neftçi"ni idarə edən, strategiyasını müəyyənləşdirən, transferləri gətirən özləridir, yuxuda da gördükləri "kənar qüvvələr" deyil...
"Neftçi"ni ələ alanlara sərf etməsə də, nəyin necə nəticələnəcəyini illərdi bildiririk. "Qarabağ"ın çempionluq fonunda 50 manatlıq "tarix"dən dəm vuranlar, "biz çempion olmalıyıq?" deyənlər, avrokubokda bir mərhələni uğur sayanların 7 - 21 - 11 günləri təbiidir və olmaması təəccüblü qarşılanardı...
Reallıqda isə təəccüblü olan təsisçi, sponsorların bu duruma biganə qalması, göz yumması, illərdi xalqın, dövlətin 10 milyonlarla vəsaitinin xərclənməsi, heç bir nəticələrin qazanılmaması fonunda seyrçi olmalarıdır...
Ən azından dərk edilməlidir, "Neftçi"ni himayədarlıq edən havadarların, "boz kardinalların" yerləşdirdikləri kadrlara görə heç bir sənəddə imzaları, məsuliyyətləri yoxdur. Son məqamda imzalı, möhürlü məsuliyyət "Neftçi" təsisçilərinin üzərində qalacaq, onlar məsuliyyət daşıyacaqlar...
Ötən mövsüm "Qarabağ"ın "yatması" bir şans idi, "Neftçi"nin nə meydanda, nə də nüfuz olaraq güclərinin göstəricisi deyildi. Son 5-6 tura "oyandılar" və çempionluq həll edildi. İndi isə hər dövrə 7 - 21 - 11-rin aradan qaldırılması üçün gərək rəqib dayana, futbol oynamaya...
"Neftçi"nin adı, ruhu fanatları hər zaman yerindədir. Problem ruhsuz, bacarıqsızların klubda olması, "Neftçi"ni yox, özlərini düşünməsi, imkan daxilində vaxt udub "yağlı tikələrdən" əl çəkmək istəməmələridir...
"Neftçi" böyüklüyü 7 - 21 -11, ən yaxşı halda daimi ikincilik damğasından yaxa qurtarmalıdır.
Çempionluqların təmin olunması, tarixi klubun adına layiq uğurların əldə edilməsi qurtuluşu isə ilk olaraq "Neftçi"nin "yadellilərin" əlindən qurtulmasından keçir...
7 - 21 - 11... Çempionat başlamamış bitən çempionat, çempionluq....
Tahir SÜLEYMANOV