Futbol üzrə Azərbaycan Premyer Liqasında qış çempionu müəyyənləşib.

Rekord.az xəbər verir ki, qış fasiləsinə iki tur qalmış “Qarabağ”ın liderliyi əldən verməyəcəyi dəqiqləşib. 

Bu, XII turun görüşlərindən sonra rəsmiləşib. Ağdam klubu səfərdə “Sumqayıt”a 1:2 hesabı ilə uduzsa da, bu turadək komandanın ən yaxın izləyicisi “Keşlə” də məğlub olub. Bakılılar səfərdə “Zirə”yə 1:3 hesabı ilə yenilib. Nəticədə fasiləyə iki tur qalmış 8 xallıq fərq dəyişməz qalıb. Düzdü, son turda “Qəbələ”yə qalib gələrək (4:1) ikinciliyi ələ keçirən “Neftçi” xal hesabında “Qarabağ”a çatmaq imkanına malikdi. Lakin şəxsi oyunlarda (2:0, 0:0) üstün olan “köhlən atlar” 2019-cu ili zirvədə başa vuracağını rəsmiləşdirib. 

Bu, “Qarabağ”ın tarixində 7-ci qış çempionluğudu. Ağdamlılar 2004/05, 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2019/20 mövsümlərində ili lider kimi başa vurub. 

Rekord isə “Neftçi”yə məxsusdu. Bakılılar 8 dəfə (1994/95, 1996/97, 2000/01, 2001/02, 2003/04, 2010/11, 2011/12, 2018/19) yeni ili lider kimi qarşılayıb. “Kəpəz” (1993/94, 1997/98, 1998/99) və “İnter” adlandığı vaxt indiki “Keşlə” (2008/09, 2009/10, 2012/13) hərəyə üç dəfə qış çempionu olub. Digər 5 komandanın bir belə uğuru var: “Xəzri” (1995/96) “Şəmkir” (1999/2000), “Karvan” (2005/06), “Xəzər Lənkəran” (2006/07), “Olimpik” (2007/08). 

Qeyd edək ki, ilk iki mövsümdə - 1992 və 1993 mövsümlərində qış çempionu olmayıb.