Birvaxtlar ölkə futbolunda ən istedadlılardan biri sayılırdı.

Bütün komandalar onu heyətinə cəlb etməyə çalışırdı. Aqressivliyi ona olan sevgini bir az da artırırdı. Karyerasını bitirəndən sonra isə futboldan uzaq düşdü. Bəs indi Elnur Allahverdiyev hardadı, nə ilə məşğuldu? Bu sualların dalınca düşdük, söz sözü çəkdi, söhbət uzandı və bir də gördük ki, böyük müsahibə alınıb.

“Heç kimlə danışmıram, əlaqəm yoxdu”

- Uzun müddətdi ortalıqda yoxsan. Haralardasan, hansı işlə məşğulsan?
- Yaxşıyam, salamatçılıqdı. Evdə-eşikdəyəm. Ailəmlə bir yerdəyəm. Hərdən futbollara baxıram. Həmişə yox, arabir. Əsasən millinin oyunlarına baxıram. Çox yox, az-az maraqlanıram.

- Futbol ictimaiyyətindən kimlər səninlə maraqlanır? Futbolçu dostların hal-əhval tutur?
- Heç kimlə danışmıram, əlaqəm yoxdu. Futbol oynayarkən da belə olmuşam. Heç kimlə ünsiyyətdə olmamışam. Xasiyyətim belədi. Çox şükür, yaxşıyam, sağlamam, salamatam.

- Sənin dövründə futbolla məşğul olanların çoxu hazırda məşqçidi. Nə üçün bu yola qədəm qoymadın?
- Bir müddət dincəldim. Dediyiniz məsələ fikrimdə yox idi. Amma indi fikrim dəyişib. İstəyirəm ki, gedib məşqçiliyi oxuyam. Düzdü, o vaxt Elxan Məmmədov məni dəvət etmişdi. Demişdim ki, gəl, oxu. Bir az səhlənkarlıq etdim. Necə deyim, tənbəllik etdim. İndi istəyirəm, Allahın köməyi ilə yenidən başlayım. Qışda B lisenziyası üzrə kurslar başlayır. Mən də oxuyub, məşqçi kimi özümü sınıyaram. Görək də, necə alınır. Amma istəyirəm ki, məşqçi kimi özümü sınayım.

“Millimiz uduzanda pis oluram, qələbə qazananda sevinirəm”

- Sənin dövründəki futbolla indiki arasında çox fərq var. Düşünmürsən ki, məşqçilik sənin üçün çətin olar?
- Başa düşmürəm, indiki dövrlə bizimki arasında nə fərq var ki? Futbolun hamı üçün bir dili var da. Fikrimcə, bizim vaxtda daha yaxşı futbolçular var idi, nəinki indi. O dövrdə rəqabət bundan da güclü idi. Məşqçilik məsələsinə gəlincə, yaxşı futbolçular, komanda, düzgün sistem olandan sonra nəticə vermək o qədər də çətin deyil. Mən belə başa düşürəm. Burda çətin nə var ki? Oxusam, üstünə düşsəm, öz üzərimdə çalışsam, kurslarda iştirak edəndən sonra təcrübəm artar. Əlbəttə, təcrübəsiz insan üçün ilk illərdə işləmək çətin olacaq. Məşqçi işləyə-işləyə təcrübə qazanırsan. Yenə deyirəm, futbolun bir dili var. Kim bunu necə başa düşürsə, elə də komanda qurur.

- Dedin ki, millinin oyunlarına baxırsan. Ölkədə hamı yığmanın nəticələrindən narazıdı. Niyə nəticələrimiz pisdi? Bunun səbəbi nədi?
- Millinin oyunundan hamı narazıdı. Düzdü, mən yığmanın üzvü olmuşam. Bizim vaxtımızda da uduzanda tənqid edirdilər. Bu heç vaxt xoşuma gəlməyib. İndi yığmada oynamıram. Kənardan futbolçular, məşqçi haqda pis danışmağım düzgün deyil. Meydanda hər şey yaxşı görünür. Kim nə işlə məşğul olur, kim necə oynayır, hamısı bəllidi. Mən də yığmadan uğur gözləyirəm. Millimiz uduzanda pis oluram, qələbə qazananda sevinirəm. Mən də hamı kimi istəyirəm ki, həmişə udaq. Amma bu futboldu, həmişə udmaq olmaz. Həyatdı, yaşayırıq. Mən uşaqlara inanıram. Onlar Azərbaycanın övladları, azərbaycanlılardı. Gəlin gözləyək. Səbr edək, görək axırı necə olacaq. İnşallah, yaxşı olar. Mən özüm futbolçu olduğum üçün heç vaxt kimisə qınamaq istəmirəm. Çoxdan oynamıram. Kənardan kiminsə haqda nəsə deməyi də düzgün saymıram. Bu heç mənə yaraşmaz da. Amma yenə deyirəm, uduzanda məyus olub, təəssüflənirəm. Hətta özümü çox pis hiss edirəm.

- Çoxları deyir ki, hazırda yığmada oynayanlar ölkənin ən yaxşılardı. Bu fikirlə razısan?
- Gəlin bir məqama diqqət yetirək. Dünya ölkələrində də tarixboyu millidə həmişə ən yaxşılar oynamayıb. Mən belə düşünürəm. Bəzən elə məşqçi olub ki, yaxşı formada olan futbolçuya dəvət göndərməyib. Futbol komanda oyunudu. Hər məşqçinin öz seçimi var. Amma bizdə… Necə deyim? Əsas heyətin üzvlərinə baxıram, öz komandalarında daim oynayan futbolçulardı. 3-4 nəfəri burdan çıxmaq olar. Düşünürəm ki, bu suala millinin baş məşqçisi daha yaxşı cavab verər. Bir də görürsüz məşqçi fərqli qərar verir. Bu haqda mən nə deyə bilərəm? Nəticə istəyiriksə, ən güclülər yığmaya dəvət olunmalıdı. Mən təkcə bunu bilirəm. Hər şey ədalətli olsa, daha yaxşı olar. Bu zaman uğur əldə etmək olar.

- Yığmalarda əcnəbi məşqçilərin çalışması bizə xeyir verir? Əsas millidə Canni de Byazi, U-21-də Milan Obradoviç idi. Serbiyalı ilə yollar ayrıldı. Ümumiyyətlə, əcnəbi məşqçilərin bizə xeyri var?
- Təzəlikcə oxudum ki, Obradoviçlə yolları ayırıblar. Özləri gətiriblər, indi də belə qərar verirlər. Biz ona qarışa bilmərik. Düzdü, mən də istəyərəm ki, yığmada yerli məşqçilər olsun. Amma heç kim deyə bilməz ki, yerli məqşçilər olsa, nəticə verə biləcəklər. Gəlin De Byazidən danışaq. Albaniya millisi ilə görün necə nəticələr əldə etdi... İndi bizim millidə uğursuzluğa düçar olursa, o demək deyil ki, bütün günahları onun üzərinə yıxmalıyıq. Bu haqsızlıq olar. Biz ədalətliyiksə, gəlin millinin oyunlara baxaq. Görək oyunçular meydanda necə mübarizə aparır? Onlara da qiymət vermək lazımdı. Mən məşqçi deyiləm. Durub onun haqda nəsə deməyim düzgün olmazdı. “Yerli mütəxəssis olsaydı, nəticəmiz də olardı” deməyim heç düzgün çıxmaz. De Byaziyə şans vermək lazımdı. Çünki o insan nəsə etmək istəyir. Həqiqətən bu görünür. Əlindən gələni etsə də, hələ ki belə alınır. Amma nəsə mən o məşqçiyə inanıram.

“6 legioner, 5 yerli ən gözəl variant idi”

- Ölkə futbolunda bir çox dəyişiklik baş verdi. Məsələn, U-21 limiti ləğv olundu. Bu sistem işə yaradı?
- Məncə, yeni qəbul olunan yaxşı qərardı. Mən belə başa düşürəm. Kim güclüdüsə, o da oynasın. 21 yaşadək futbolçu limiti bəzən komandaları çətinə salırdı. Düzdü, çoxları deyir ki. cavan futbolçulara şans verilməlidi. Çünki oynamalı, inkişaf etməlidi. Amma bir şeyi bilmək lazımdı ki, yaxşı futbolçu nə etsən də, üzə çıxacaq. İstedadı varsa, bu nə vaxtsa üzə çıxacaq. Amma məşqçidən də çox şey asılıdı. Həmin futbolçuya inanıb, güvənməlidi. Cavan oyunçunun inkişafında məşqçilərin çox rolu var. Onlara inanmalıdılar. İndi futbol o qədər sürətlidi ki, fiziki güclü olanlar irəli gedir. Bu da cavan futbolçuların, məşqçilərin önə çıxmasına şərait yaradır. Hamı belələrinə üstünlük verir. AFFA-nın qəbul etdiyi qərar doğru və yaxşıdı. İnşallah, bunu sınayaq, görək necə alınacaq.

- Limitin "7+4"-ə dəyişdirilməsi necə, bu da yaxşı qərardı? Ümumiyyətlə, Azərbaycan premyer-liqasında yerli futbolçu limiti mütləqdi?
- “7+4” sxemi yaxşıdı. O ki qaldı limitə, yerli futbolçular oynamalıdı. Çünki milli komandanı da fikirləşmək lazımdı. Ümumilikdə qərar pis deyil. Zaman hər şeyi göstərər. Amma azərbaycanlı futbolçuları yaddan çıxarmaq lazım deyil. Həmişə onlara dəstək olmaq lazımdı. Mən oynamasam, kənarda olsam da, həmişə yerlilərin tərəfini tutmuşam. Mənim fikrimlə qərar versəydilər, deyərdim ki, “6+5” qalsın. 6 legioner, 5 yerli ən gözəl variant idi. Amma belə qərar verilibsə, nəsə deməyə ehtiyac yoxdu.

“Rumınlar həqiqətən çox xarakterli insanlardı”

- Keçək klublarımıza. Avrokuboklardakı rəqiblər bəllidi. Başlayaq "Qarabağ"dan. "Lex"i keçə biləcək ?
- Səhv etmirəmsə, “Lex” öz ölkəsində 8 il idi çempion ola bilmirdi. Uzun müddət idi uğurları da olmurdu. Amma bu il Polşada çempion olublarsa, Çempionlar Liqasında da nəsə etmək istəyəcəklər. Düşünürəm ki, çox yaxşı heyətləri də var. Düzdü, “Qarabağ”a çətin olacaq. Amma elə hesab edirəm ki, ağdamlılar rəqibi üstələyəcək. “Qarabağ” “Lex”i keçməyə borcludu. Polşa təmsilçisi keçiləsi rəqibdi. “Qarabağ” ciddi yanaşsa, o qədər də problem yaşamayacaq.

- Konfrans Liqasında "Neftçi" "Aris"lə, "Qəbələ" "Fehervar"la, "Zirə" isə "Makkabi" ilə qarşılacaq. Növbəti mərhələ üçün kim daha şanslıdı?
- “Neftçi”yə təzə baş məşqçi gəldi. Mən də “Xəzər Lənkəran”da oynayarkən rumın məşqçi ilə işləmişəm. Çox prinsipialdılar. Xatırlayırsızsa, Redniklə işləyərkən uğurlarımız da olub. Rumınlar həqiqətən çox xarakterli insanlardı. Düşünürəm ki, şərait yaradılsa, uğur əldə edə bilər. Rumın məşqçilər öz işlərində çox ciddi çalışırlar və peşəkardılar. Amma düşünürəm ki, “Neftçi”nin mərhələ keçmək şansı 50 faizdi. “Qəbələ” ilə bağlı heç nə deyə bilmərəm. Konfrans Liqasında iştirak “Qəbələ” üçün böyük uğurdu. Düşünürəm ki, onların da mərhələ keçmək şansı 50 faizdi. “Zirə” isə… Çox istəyərdim ki, bütün komandalarımız mərhələ keçsin. Amma “Zirə”yə güclü rəqib düşüb. Çox çətin olacaq. “Zirə”nin “Makkabi”ni keçməsi onlar üçün çox böyük uğur olacaq. Çünki rəqib çox güclüdü.

- "Neftçi"dən bir az çox danışmaq istəyərdim. Klub rəhbərliyinin ötən mövsüm çempion olan məşqçini göndərməsi doğru qərar idi?
- Samir Abasov “Neftçi”ni çempion etdi, daha sonra gümüş medal qazandı. Onu komandadan göndərirlərsə... Hər şey göz qabağındadı. Əlbəttə, düz qərar deyildi. Çempionatda “Qarabağ” kimi rəqib varsa, “Neftçi” ikinci yer tutursa, məşqçini dəyişməyə gərək yox idi. Başa düşmürəm, niyə belə qərar qəbul etdilər? Buna ehtiyac yox idi. Samir Abasovun nəticələri əla idi. İndi ola bilsin, “Neftçi” rəhbərliyinin başqa planları var. Yeni məşqçi ilə nəticə əldə edib, başqa şeylər hədəfləyirlər. Amma 1 il öncə çempion olan məşqçini nəticə vermədiyinə görə işdən çıxarmaq yanlış qərardı. Samir Abasova yenə şans vermək lazım idi. Demirəm e, Samirin çox uğurları var. Amma “Neftçi”ni çempion etmək elə-belə şey deyil.

- Hər dəfə “Neftçi”yə yeni futbolçular gətirilir, daha sonra çoxu ilə yollar ayrılır. Bunun səbəbi nədi ? Flaqmanın bugünkü durumu səni qane edir? Yəni ikinciliklə barışması doğrudu?
- Düzdü, “Neftçi”yə indi çox futbolçu gəlir və gedir. Bütün komandalarda belədi. O vaxt “Xəzər Lənkəran”da da eyni vəziyyət idi. “Qarabağ”da da çox oyunçu var idi. Mirça Rednikin dövründə də “Xəzər Lənkəran”a çox futbolçu gəldi. Rumınlarda belə xüsusiyyət var. Onlar menecerlərlə çox işləyirlər. “Qəbələ”də Muntyanunun dövründə də oynamışam. Yəni onlar çox futbolçu gətirib, sonra da göndərməyi xoşlayırlar. Düşünürəm ki, belə şeylər olanda nəticə yada düşmür. Gələk ikincilik məsələsinə, hamı bilir ki, “Qarabağ” çox güclüdü. İndiki zamandan danışırıqsa, “Neftçi”nin ikinci olması yaxşıdı. Amma komanda güclənəcəksə, bir müddət sonra fərqli tələb olacaqsa, onda başqa məsələ. Güclü heyət, komanda olandan sonra “Neftçi”nin 2-3-cü yer tutması, təbii ki, pisdi. Amma indi “Qarabağ” olan yerdə “Neftçi”nin ikinci yerdə olması yaxşıdı.

“Çox istərdim ki, Azərbaycan premyer-liqasında 16 komanda olsun”

- Lənkəranın böyük futbolsuz qalması nə dərəcədə doğrudu? Cənub təmsilçisinin yeri görünür?
- Onların yeri həmişə görünür. Onlar başqa aləm, camiə idi. Çox istəyərdim ki, Lənkərana futbol qayıtsın. İnşallah, o günü də görərik. Ümid edirəm ki, böyük futbol Lənkərana qayıdar.

- "Xan Lənkəran"ı diviziona buraxmadılar. Doğru qərar idi?
- Xeyr, doğru qərar deyildi.

- Nə üçün belə düşünürsən?
- Çünki Lənkəranda komanda olması Azərbaycan futboluna başqa rəng qatır. “Xəzər Lənkəran” olanda hər şey maraqlı idi. “Neftçi” ilə möhtəşəm oyunlar olurdu. Azarkeşlər stadionu doldurur, orda futbolu çox sevirlər. Bu səbəbdən də çox istəyərdim ki, Lənkəran komandası 1-ci divizionda iştirak etsin. Daha sonra premyer-liqaya qayıtsın. Məncə, bunun ölkə futboluna çox xeyri dəyərdi. Bunun da bəhrəsini yaxın vaxtlarda görərdik. “Şəmkir”i də divizionda görmək istəyirəm. Azərbaycan futboluna ən çox futbolçu verən bölgələr hansılardısa, hamısında klub olmalıdı. Çox istərdim ki, Azərbaycan premyer-liqasında 16 komanda olsun. Ən azı 14. Allah o günü görməyi mənə nəsib etsin.

- "Turan Tovuz"la "Kəpəz" yenidən premyer-liqada iştirak edəcək. Bu qərar ölkə futbolunda canlanmaya səbəb ola bilər?
- Əlbəttə! Bu komandalar həmişə çempionluq uğrunda mübarizə aparıb. Biz görün nəyə sevinirik. Onların premyer-liqaya qayıtmasına! Sevincimizə baxın! Onlar həmişə premyer-liqada olmalıdı. Naci Şensoyun vaxtında mən də Tovuzda oynamışam. Bizim yaxşı komandamız var idi. “Kəpəz”lə “Turan Tovuz”un premyer-liqada iştirak etməməsi absurddu. Təbii ki, sevinirəm. Amma gələn-gedənə uduzacaqlarsa, son pillədə yer alacaqlarsa, belə komanda yaratmağa ehtiyac yoxdu. Onların niyyəti, məqsədi o olmalıdı ki, əvvəlki adlarını geri qaytarsınlar. Premyer-liqaya qayıdıb, yenə axırıncı yer üçün oynamalarının Azərbaycan futboluna heç bir xeyri olmayacaq.

- Azərbaycan premyer-liqasında, divizionda klub sayının çox olmamasının səbəbi nədi? Bunda AFFA günahkardı, yoxsa başqa səbəblər var?
- Fərqli nüanslar var. Ya futbola qayğı göstərən insanları yaxın qoymurlar, ya da heç kim Azərbaycanda futbolu sevmir. Amma düşünürəm ki, bizim xalq futbolu sevir. Xahiş edirəm, kimsə futbola yatırım etmək istəyirsə, ona şərait yaratsınlar. Mən burda AFFA-nı günahlandırmazdım. Düşünürəm ki, federasiya əlindən gələni edir. Bir halda ki 8 komandadan altısını AFFA maliyyələşdirir... Dünyanın harasında belə şey var? Düşünürəm ki, iş adamları futboldan küsüblər, ya da onlara şərait yaradılmır. ("Futbol plus")