A Seriyası: 45 günə 124 matç - Bütün oyunlar Romada keçirilə bilər
- 08 Apr 2020 17:20
- 651
Koronavirus pandemiyasına görə dayandırılan A Seriyasının davam etdirilməsi üçün müxtəlif variantlar müzakirə edilir.
Rekord.az İtaliyanın “La Respublika” nəşrinə istinadən xəbər verir ki, yerli federasiya mövsümün qalan oyunlarını Romada keçirməyi planlaşdırır.
Bütün klubların 45 gün ərzində paytaxtda toplanaraq kiçik bir hazırlıqdan sonra çempionata davam edəcəkləri gözlənilir. Bu müddət ərzində 124 oyun keçirilməlidir.
Federasiya rəhbərliyi Romada koronavirus pandemiyasının yayılma sürətinin digər şəhərlərlə müqayisədə az olduğundan, bu qərar haqda düşünür.
Xəbərdə bildirilir ki, bu, koronavirusun yayılmasının qarşısını alacaq. Roma ilə digər bölgələrin insanlarının təması məhdudlaşdırılacaq, futbolçu və məşqçi heyəti hər gün koronavirus testindən keçiriləcək, həmçinin jurnalistlərin komandalar məskunlaşan yerlərə getməsinə icazə verilməyəcək.
Qeyd edək ki, İtaliya A seriyası 26 turdan sonra dayandırılıb.