Azərbaycanlı qrossmeyster Nicat Abasov və amerikalı Hikaru Nakamura şahmat üzrə İddiaçılar Turnirinin üçüncü turunda heç-heçə oynayıblar.

Rekord.az xəbər verir ki, yarış Kanadanın Toronto şəhərində keçirilir.

Üçüncü turda heç-heçə həmçinin rusiyalı Yan Nepomnyaşi ilə Hindistan təmsilçisi Dommaraju Qukeş, Fransa təmsilçisi Alireza Firuca və ABŞ təmsilçisi Fabiano Karuana aralarında keçirilən görüşlərdə qeydə alınıb.

Hindistanlı Rameşbabu Praqnanandha həmyerlisi Qucrati Viditi qara fiqurlarla məğlub edib.

Üç turdan sonra Nepomnyaşi, Qukeş və Karuana hərəyə 2 xal, Vidit və Praqnanandha hərəyə 1,5 xal, Nakamura, Firuca və Abasov isə hərəyə 1 xal toplayıblar.

Dördüncü turda Abasov Firuca ilə, Nepomnyaşi Viditlə, Karuana Qukeşlə, Praqnanandha isə Nakamura ilə qarşılaşacaqlar.