Abasovdan tarixi uğur - 1/8 finala yüksəldi
- 11 Avq 2023 18:21
- 345
Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda keçirilən Dünya Kubokunda 1/8 finala yüksəlib.
Rekord.az xəbər verir ki, qrossmeyster 1/16 finalda FİDE adından çıxış edən Pyotr Svidlerlə dueldən qalib ayrılmaqla buna nail olub, O, ilk dəfə Dünya Kubokunda bu cür nəticəyə imza atıb.
Abasovla Svidler arasında ilk rapid oyunu bərabərliklə yekunlaşıb. İkinci rapid mübarizəsinin mittelşpilində mürəkkəb vəziyyət yaranıb. Abasov rəqibin piyadasını götürərək onun təşəbbüsünün qarşısını alıb. Sonda Azərbaycan təmsilçisi gözlənilməz taktiki gedişlə "ağlar"ın məğlubiyyətini rəsmiləşdirib.
Dünya Kubokunda 1/8 final mərhələsinin ilk oyunları avqustun 12-də baş tutacaq. Nicat Abasovun rəqibi BƏƏ təmsilçisi Saleh Salem olacaq.