Qadın voleybolçular arasında Macarıstan çempionatı başa çatıb. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin üzvü Ayşən Abduləzimovanın şərəfini qoruduğu "Vasas" qızıl medal qazanıb.

Blokçumuzun komandası final mərhələsində "Bekescsaba" ilə üz-üzə gəlib. Cütün ilk 4 qarşılaşmasında tərəflər hərəyə iki qələbə qazanmaqla çempionluğun taleyini 5-ci görüşə saxlamışdılar. Əvvəlki matçların hamısı gərginliyi ilə yadda qalıb və 5 set davam edib. Lakin son qarşılaşmada Ayşən və rəfiqələri rəqibə göz açmağa imkan verməyiblər. 3 hissə davam edən bu görüşdə kapitanımızın komandası quru hesablı qələbə qazanmaqla çempion adına sahib çıxıb - 3:0 (25:20, 25:17, 25:15). Bu matçda kapitanımız 9 xal qazanıb. Ayşən birinciliyin son qarşılaşmasında rəqibi 6 dəfə hücumda, 3 dəfə isə blokda məyus edib.

Beləliklə, yığmamızın üzvü Ayşən Abduləzimovanın formasını geyindiyi "Vasas" 2021/22 illər mövsümünü MEVZA-nın (Orta Avropa Voleybol Zona Assosiasiyası), Macarıstan kuboku və birinciliyinin qalibi kimi başa vurub.