Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin üzvü Ayşən Abduləzimova beynəxaq yarışın qalibi olub. "Rekord.az" xəbər verir ki, kapitanımızın şərəfini qoruduğu Macarıstanın "Vasas" klubu MEVZA-nın (Orta Avropa Voleybol Zonal Assosiasiyası) çempionu adını qazanıb. 

Təcrübəli blokçumuzun komandası finalda Sloveniyanın "OK Calcit Kamnik" klubu ilə üz-üzə gəlib. Görüş Ayşən və rəfiqələri üçün uğurlu başlayıb. İlk setdən təşəbbüsü ələ alan "Vasas" üstünlüyünü sonadək qoruyub və qarşılaşmadan 3:0 (25:22, 25:16, 25:19) hesablı qələbə ilə ayrılıb. Bununla Macarıstan təmsilçisi həm də yarışın qalibi adını qazanıb. 

Komandasının çempion olduğu görüşdə yığmamızın üzvü 13 dəfə fərqlənib. Kapitanımız bu xalların 6-nı blokda, 4-nü hücumda, 3-nü isə eyslə qazanıb.

Üçüncü yeri isə yarımfinalda "Vasas"a uduzmuş Sloveniyanın "Nova Branik" kollektivi tutub. Komanda bu qarşılaşmada Avstriyanın "SVS Post" klubunu 3:1 hesabı ilə məğlub edib.