Abduləzimovanın 7 xalı komandasını məğlubiyyətdən xilas etmədi
- 21 Yan 2021 12:01
- 825
Türkiyədə qadın voleybolçuların birinciliyində növbəti oyunlar baş tutub. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin üzvü Ayşən Abduləzimovanın formasını geyindiyi "Sarıyer BLD" əvvəlki turlardan təxirə salınmış görüşə çıxıb.
Blokçumuzun komandası 19-cu turun qarşılaşması çərçivəsində "Əczaçıbaşı" ilə üz-üzə gəlib. Oyun kifayət qədər gərgin keçib. Səfərdə keçirilən görüşə yaxşı başlayan "Sarıyer BLD" ilk seti aktivinə yazdırıb. Bundan sonra üstünlüyə yiyələnən meydan sahibləri ardıcıl iki hissədə qalibgəlməklə 2:1 hesaı ilə önə keçiblər. Lakin asan təslim olmayan Ayşən və rəfiqələri növbəti seti qalib başa vurmaqla ümumi hesabı bərabərləşdiriblər və oyunun taleyini tay-brekə daşıyıblar. Həlledici hissədə isə sahibi komanda daha dəqiq oynayıb. 5 hissə davam edən matçda Ayşənin komandası 2:3 hesabı ilə məğlub olub - 2:3 (25:23, 19:25, 15:25, 25:17, 8:15).
Komandasının qələbəni son anda əldən verdiyi oyunda yığmamızın üzvü 7 dəfə fərqlənib. Abduləzimova bu xallardan 5-ni hücumda, 1-ni blokda, 1-ni isə eyslə qazanıb. Millimizin digər üzvü Nikalina Başnakova isə əvəzetmə ilə meydana çıxıb və 5 xal qazanıb. Hücumçumuz meydan sahiblərini 3 dəfə hücumda, 2 dəfə eyslə məyus edib.