AÇ-2020: Biletlərin birbaşa satış mərhələsi başladı
- 20 Dek 2019 20:00
- 1030
UEFA AÇ-2020-nin oyunları üçün biletlərin birbaşa satış mərhələsi artıq başlayıb.
Rekord.az xəbər verir ki, bu gündən etibarən UEFA AÇ-2020-nin Bakıda keçiriləcək 4 oyunu üçün birbaşa bilet satışı mərhələsi açıq elan olunub.
İndi azarkeşlər bilet satışı portalı (euro2020.com/bakutickets) vasitəsilə A qrupunun Bakı Olimpiya Stadionunda keçiriləcək 3 oyunu, həmçinin 1/4 final mərhələsinin 1 qarşılaşmasına biletləri birbaşa ödəniş etməklə əldə edə bilərlər.
Birbaşa satış mərhələsindən öncə 4-18 dekabr tarixlərində bilet satışının lotereya mərhələsi keçirilib. Lotereya mərhələsində iştirak edən və müraciətlərini uğurla tamamlayan bütün azarkeşlər bilet sahibi hesab edilirlər. Onlar 2020-ci il yanvar ayının sonunadək e-mail bildiriş alacaqlar və bundan sonra ödənişi həyata keçirib biletlərini əldə edə bilərlər.
Bilet satışı yalnız onlayn həyata keçirilir. Müraciət edənlər özü də daxil olmaqla, hər oyuna maksimum 4 bilet ala bilər. Oyunlara biletlər 3 kateqoriyada təqdim olunur. Birinci kateqoriya 125 avro, ikinci kateqoriya 75 avro, üçüncü kateqoriya 30 avro dəyərində olacaq. Fiziki məhdudiyyətli insanlar üçün nəzərdə tutulan biletlər oturacağın yerindən asılı olmayaraq, ən aşağı qiymətə satılan 3-cü kateqoriya biletləri ilə eyni qiymətə - 30 avroya satılacaq və onları müşayiət edən bir nəfər üçün bilet pulsuz veriləcək.
Öncədən bəlli olduğu kimi, A qrupunun 3 oyunu, həmçinin 1/4 final mərhələsinin 1 qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.
Püşkün nəticəsinə əsasən, A qrupunda Türkiyə, İtaliya, Uels və İsveçrə milli komandaları yer alıb. Bakıda keçiriləcək oyunların təqvimini diqqətinizə çatdırırıq:
13 iyun
17:00. Uels - İsveçrə
17 iyun
20:00. Türkiyə - Uels
21 iyun
20:00. İsveçrə - Türkiyə
4 iyul
20:00. 1/4 final oyunu
A qrupunda mübarizə aparacaq İtaliya milli komandası bu mərhələdəki hər 3 oyununu Roma şəhərindəki "Olimpiko" stadionunda keçirəcək.