AÇ: Azərbaycan komandasından bürünc medal
- 19 İyn 2022 00:07
- 470
İsrailin Təl-Əviv şəhərində bədii gimnastika üzrə Avropa çempionatı davam edir.
Rekord.az xəbər verir ki, iyunun 18-də fərdi və qrup hərəkətləri proqramında çoxnövçülük üzrə yarışlar keçirilib.
Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə Azərbaycan yığma komandası çoxnövçülük yarışlarında (65.400 xal) bürünc medal qazanıb.
Komandamız həmçinin ayrı-ayrı alətlər (5 halqa, 3 lent və 2 top) üzrə sabah keçiriləcək final mərhələlərinə vəsiqə əldə edib.
Fərdi proqramda keçirilən çoxnövçülük yarışlarında yığma komandamızın üzvləri Zöhrə Ağamirova 125.450 xalla 9-cu, Arzu Cəlilova isə 125.350 xalla 10-cu pillədə qərarlaşıb. Qrup hərəkətləri komandalarının və fərdi gimnastların çıxışlarının yekun nəticəsinə əsasən, Azərbaycan yığması komanda hesabında 307.100 xalla 4-cü olub.
Xatırladaq ki, daha öncə AÇ-də yığma komandamızın üzvü Kamila Qafarova bürünc medal qazanmışdı.
Sabah fərdi və qrup hərəkətləri proqramında ayrı-ayrı alətlər üzrə qaliblər müəyyənləşəcək. İsrailin ikinci dəfə ev sahibliyi etdiyi qitə çempionatında 39 ölkədən 286 gimnast (91 fərdi böyüklər, 83 fərdi gənclər, 19 qrup hərəkətləri komandası) mübarizə aparır.