AÇ: Azərbaycanın 2 boksçusu finalda, 3-ü bürünc medal qazandı
- 18 Noy 2023 15:30
- 401
Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında finalçılar bəlli olub.
Rekord.az xəbər verir ki, yarımfinal döyüşlərinin nəticəsinə əsasən Azərbaycan milli komandasının 2 idmançısı həlledici görüşə vəsiqə əldə edib.
Nicat Hüseynov (51 kq) yarımfinalda türkiyəli Semih Gümüşlə münasibətinə aydınlıq gətirib. Görüş Avropa çempionumuzun 5:0 (28:26, 29:25, 29:25, 28:26, 29:25) hesablı qələbəsi ilə yekunlaşıb. O, bununla da ardıcıl olaraq ikinci dəfə qitə birinciliyində finala yüksəlib.
Hüseynovun uğurunu 57 kq çəkidə Əzrək Bəbirov da təkrarlayıb. Boksçumuz finala gedən yolda Rafiq Əmirxanovla (Rusiya) üz-üzə gəlib və rəqibini məğlub edib – 3:2 (29:28, 28:29, 28:29, 29:28, 29:28).
Millimizin 3 boksçusu isə bürünc medalını rəsmiləşdirib. Tural Sarıyev (48 kq), Murad Allahverdiyev (80 kq) və Marjona Savriyeva (50 kq) Avropa çempionatını 3-cü pillədə başa vurublar.
Qeyd edək ki, final görüşləri bu gün keçiriləcək.