AÇ: Kərimova 5-ci oldu
- 18 İyn 2023 23:59
- 307
Bolqarıstanın Plovdiv şəhərində qılıncoynatma üzrə şəxsi yarışlarda Avropa çempionatı başa çatıb.
Rekord.az xəbər verir ki, qılıncoynatmanın sablya növü üzrə qadınların şəxsi yarışında qrup mərhələsini mütləq nəticə (5 qələbə) ilə başa vuran Səbinə Kərimova ilk pley-off görüşündə rumın Sabina Martisi 15:14 hesabı ilə məğlub edib.
Səbinə ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə Sesilia Berderlə qarşılaşıb. Fransalı rəqibi ilə görüşdən 15:10 hesablı qələbə ilə ayrılan qılıncoynadanımız qitənin ən güclü 8 qadın sablyaçısı sırasına yüksəlib. Yarımfinalın bir addımlığında italyan Martina Criscio ilə üz-üzə gələn Səbinə Kərimova rəqibinə 11:15 hesabı ilə uduzaraq yekun sıralamada 5-ci olub.
Qrup mərhələsində 3 qələbə qazanan milli komandamızın üzvü Palina Kaspiaroviç pley-offda keçirdiyi ilk görüşdə macar Anna Martona 15:11 hesabı ilə qalib gələrək ən güclü 16-lığa yüksəlib. Palina bu mərhələdə Almaniya qılıncoynadanı Julika Funkeyə 13:15 hesabı ilə uduzub.
Qrup mərhələsini 3 qələbə ilə bitirən Anna Başta pley-offda polşalı Malgorzata Kozaçuka 12:15 hesabı ilə məğlub olub.
Yığma komandamızın digər üzvü Valeriya Bolşakova isə qrup mərhələsini adlaya bilməyib.
Kişi şpaqaçıların şəxsi yarışında Ruslan Həsənov (2 qələbə), Barat Quliyev (3 qələbə) və Kənan Əliyev (2 qələbə) qrup mərhələsini adlyaraq pley-offa yüksəlib. Kənan Əliyev və Barat Quliyev 32-liyə yüksəlmək uğrunda keçirilən görüşlərdə məğlub olaraq mübarizəni dayandırıb. Ruslan Həsənov 32-liyə yüksəlmək uğrunda keçirilən görüşdə fransalı Aleks Favanı 15:14 hesabı ilə məğlub etsə də, növbəti pley-off qarşılaşmasında Niderland təmsilçisi David Van Nunenə 7:15 hesabı ilə uduzub.