AÇ-nin ilk günündə iki medal və xüsusi mükafat
- 18 May 2023 00:34
- 329
Bakıda bədii gimnastika üzrə Avropa çempionatı keçirilir.
Rekord.az xəbər verir ki, “Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast mübarizə aparır.
İlk yarış günündə Azərbaycan gimnastları iki medal qazanıblar.
Gənclərdən ibarət qrup hərəkətləri komandasının üzvləri Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərova çoxnövçülük proqramında (58.450) bürünc medala layiq görülüblər.
Onlar 5 topla hərəkətlərin icrasında da (29.000 xal) bürünc medal qazanıblar.
Bütövlükdə, Avropa çempionatının ilk günündə gənc qrup komandaları arasında çoxnövçülük proqramı, 5 top və 5 iplə hərəkətlərin icrasında qaliblər müəyyənləşib.
İlk gündə yerli təşkilat komitəsinin gənclər arasında qrup komandaları üçün nəzərdə tutulan “Tamaşaçı rəğbəti” nominasiyası üzrə xüsusi mükafatı da təqdim olunub. Bu mükafata yarışın ilk günündə tamaşaçılar arasında keçirilən səsvermənin nəticələrinə əsasən Azərbaycan komandası layiq görülüb.