Adlar dəyişsə də, nəticə dəyişməyəcək...
- 09 İyn 2024 10:07
- 1231
Riyaziyyatda bir qayda var: “toplananların yerini dəyişəndə cəm dəyişməz”. Azərbaycan millisi ilə bağlı da vəziyyət eynidir. Hər dəfə müzakirə edirik ki, Azərbaycan millisini yerli yoxsa, əcnəbi çalışdırmalıdır? Qapıda kim dayanmalıdır: Şahruddin Məhəmmədəliyevə güvənməyə davam etməliyik, yoxsa Rza Cəfərova etimad göstərilməlidir? Bəs müdafiənin cinahlarını kim keçilməz etsin, mərkəz müdafiəçilərini cinahda oynadaq, yoxsa hamı öz yerində meydana çıxsa yaxşı olar? Bütün bu qızğın müzakirələr mənə qeyri-ciddi gəlir.
Heç kim məndən inciməsin. Mən demirəm ki, bu cür müzakirələrə qatılanlar, öz fikirlərini ifadə edənlər səhvə yol verirlər. İnsanlar öz fikirlərini mütləq ifadə etməlidilər, müzakirələrə qatılmalıdılar. Amma ki, mövzu Azərbaycan millisi və onun məşqçisi, futbolçusu olanda müzakirə aparmağa, təklif verməyə dəymir. Bunu şəxsən öz təcrübəmə və müşahidələrimə əsasən deyirəm. Çünki bu müzakirələrə əhəmiyyət verən, idman mətbuatında külüng döyənlərlə, təcrübəsiylə futbolumuza fayda verəcək jurnalistlərə və mütəxəssislərə qulaq asan yoxdu. İndiki halda AFFA dəyirman, müzakirə açıb, təklif verənlər isə çax-çax rolundadır. Bir məsəldə deyildiyi kimi, dəyirman öz işindədir, çax-çax isə baş ağrıdır.
1998-ci ilin oktyabr ayının 14-də Azərbaycan millisi səfərdə Lixtenşteynə 1:2 hesabıyla məğlub olmuşdu. Biz onda məğlubiyyətlərə indiki kimi öyrəncəli deyildik, millimiz uduzanda xeyli kədərlənərdik, qəzəblənirdik. Millini çalışdıranlar da hər məğlubiyyətdən sonra xeyli tənqid olunur, mətbuat konfranslarında özlərini təmizə çıxarmağa çalışırkən xəcalət təri tökürdülər. Belə mətbuat konfranslarının birində dövrünün ən tanınmış idman jurnalistlərindən biri millinin baş məşqçisi Vaqif Sadıqovdan tələb etmişdi ki, “qocalar”dan imtina edib, gənclərə yol açmağın zamanıdır, buraxın millinin heyətində Rinat Abdaşov kimi gənclər oynasın.
Həmin vaxt Abdaşovun cəmi 18 yaşı var idi, böyük gələcək vəd edirdi. İndiyə kimi yadımdadır. O vaxtkı OİK stadionunda Vadim Vasilyev Rinatın ayağına elə zərbə edirdi ki, gənc futbolçunun ayağını “şaqqıltısı” bütün stadiona yayıldı. Qarşılaşmanı tribunadan izləyən Rinatın hərbiçi atası dəmir çəpərin üzərindən meydançaya atıldı. Həyəcanlı atanı sonra tribunaya qaytarmaq mümkün olsa da, Abdaşovu meydana qaytarmaq mümkün olmadı. Gənc istedad karyerasını erkən bitirdi, onu millidə görə bilmədik. Millimiz də yenə “qocalar”ın ümidinə qaldı.
Bir müddər sonra da o “qocalar” getdi. Lakin gedənlərin əvəzinə rinatlar gəlmədiyi üçün onların yerini “milliləşdirilənlər” tutdu. Vaqif Sadıqovun, Əhməd Ələsgərovun əvəzinə isə millini Foqts, Prosineçki, De Byazi çalışdırmağa başladı. Nəticə isə dəyişmədi. 2019-cu ilin iyununda Lixtenşteynin gəncləri bizim U-21 komandasını üstələdi. Bununla da bizə göstərdilər ki, Azərbaycan futbolunun gələcəyi də qaranlıqdır. Biz hələ də o zülmətin içindəyik. Tunelin sonundakı işıq isə görünmür. Artıq təskinlik verməyə söz də qalmayıb...