AÇ-2020-nin seçmə mərhələsi Azərbaycan yığması üçün təkcə nəticə ilə yox, həm də tamaşaçı sayı baxımından antirekordla əlamətdar olub.

 

Rekord.az xəbər verir ki, tsiklin 4 ev oyununu cəmi 36422 tamaşaçı izləyib.

 

Ən yüksək göstərici Macarıstanla qarşılaşmada qeydə alınıb. Həmin görüşü 10 min 450 tamaşaçı seyr edib. Bu da anlaşılandı. Onda yığma Xorvatiya ilə səfər görüşündə yaxşı təsir bağışlamışdı və evdə ilk oyununu keçirirdi.


Amma sonradan məğlubiyyətlər sıralandıqca komandaya inam, ümid də azalıb. Bu da azarkeşlərin sayında əksini tapıb. Slovakiya ilə qarşılaşmada 8200, Xorvatiya ilə dueldə 9150, Uelslə matçda 8622 tamaşaçı yığmanın matçında olub. Son görüşdə 1000-dən artıq britaniyalının arenada olması, elə başqa oyunlarda da Avropadan gələnlərin yer alması diqqətdən yayınmamalıdı.
İstənilən halda seçmə mərhələnin ev oyunlarındakı orta tamaşaçı sayı 9106-ya bərabər olub. Bu, yığmanın Azərbaycanda oynadığı dövr üçün mütləq antirekorddu. Rəqibləri Türkiyənin Trabzon şəhərində qəbul etdiyimiz AÇ-96-nı nəzərə almasaq, heç bir turnirdə yığma belə az tamaşaçı toplamayıb. İlk dəfə orta göstərici 4 rəqəmli ədədlə ifadə olunur. Çünki heç vaxt 10000-dən aşağı düşməyib.
Təbii ki, oyunların daha az tutuma malik “Bakcell Arena”da keçirilməsini bəhanə göstərmək olar. Amma bu da azarkeşlərin problemi deyil. Fanatlar da ardıcıl uğursuzluqlardan bezərək yığmanın oyunlarına əvvəlki həvəslə gəlmir. Yoxsa 15 min tamaşaçı tutumuna malik arenanın təxminən 60 faiz dolması heç də müsbət hal deyil. Yığmanın təxminən iki dəfə kiçik “Şəfa”da (indiki “ASK Arena”) oynadığı vaxtlarda da, tsiklin bir neçə görüşünü başqa arenaya salmaqla daha yüksək göstəriciyə nail olmaq mümkün olub.
Amma bu dəfə AFFA ölkənin 1 nömrəli arenası Tofiq Bəhramov adına Respublika stadionuna və ən böyük idman qurğusu olan Bakı Olimpiya Stadionuna ehtiyac duymayıb. Yığmanın mütləq rekordu DÇ-2010-un seçmə mərhələsində qeydə alınıb. Həmin vaxt orta tamaşaçı sayı 22 min 546-ya bərabər olub.
1 2 3
AÇ-1996 5 3800
DÇ-1998 4 18500
AÇ-2000 5 15500
DÇ-2002 5 14620
AÇ-2004 4 11875
DÇ-2006 5 12600
AÇ-2008 6 17667
DÇ-2010 5 22546
AÇ-2012 5 16480
DÇ-2014 5 15012
AÇ-2016 5 18680
DÇ-2018 5 18036
ML-2019 3 16118
AÇ-2020 4 9106
1 – turnir, 2- oyun, 3 – orta tamaşaçı. (apasport.az)