AFFA-da qalmaqal: Zaur Ramazanov dava salıb?
- 08 Noy 2019 12:00
- 2201
AFFA-nın təşkilatçılığı ilə UEFA-nın A kateqoriyalı məşqçi kursunun II modulu keçirilir. Kursda 8 məşqçi iştirak edir. İlk kurs Aslan Kərimov, Osman Rəhimov, Arif Əsədov və İlkin Hüseynovun rəhbərliyi altında Belarusun paytaxtı Minskdə təşkil olunub..
Rekord.az xəbər verir ki məşqçilər bu modulda UEFA-nın tələblərinə əsasən, Belarusda təşkil olunan 17 yaşadək futbolçuların Avropa çempionatının seçmə mərhələsinin oyunlarını analiz edib.
Kursun növbəti modulu hazırda Bakıda keçirilir. Son seminarda əsl qalmaqal baş verib. Belə ki, kateqoriya almaq istəyənlər arasında yer alan Zaur Ramazanovla Osman Rəhimovun sözü çəp gəlib.
Sonuncu millinin sabiq üzvünə Belarus səfəriylə bağlı irad tutub. Demə, Ramazanov Minskdə olarkən oyunları izləməkdən imtina eləyib və stadiona getməyib. Bu dəfə isə ondan həmin qarşılaşmalarla bağlı hesabat yazması istənilib.
Zaur isə yazı-pozuyla arasının olmadığını deyərək, tələbi yerinə yetirməyib. Belədə Rəhimov onunla sərt dillə danışmağa başlayıb ki, bu da veteran futbolçunu özündən çıxarıb.
Təlimatçı ona "sən B kateqoriyasını necə almısan, mən hələ də baş açmıram. Heç adını yaza bilmirsən, imtahandan da keçməmisən" deyincə, aldığı cavab bu olub: "Elxan Məmmədov mənə deyib ki, get, otur orda, başqa işin olmasın. İndi sən kimsən ki, mənimlə belə danışırsan".
Mübahisə əlbəyaxa dava səviyyəsinə qalxıb. Aslan Kərimov və digərləri bir-birlərini təhqir edən və vurmaq istəyən tərəfləri güclə sakitləşdirib və günlük seminara vaxtından əvvəl yekun vurulub.
Ramazanov baş verənlərlə bağlı sportinfo.az-a bunları deyib: "Minskdə keçirilən Avropa çempionatının seçmə mərhələ oyunlarını izləyirdik. Sonuncu turda Belarusla Latviya qarşılaşırdı. Həmin gün dişim möhkəm ağrıyırdı, fasilədə dərman almağa getdim. Aptek isə stadiondan 15 dəqiqəlik məsafədə yerləşirdi. Ona görə 60-cı dəqiqədə geri qayıtdım. Söhbət buna görə olub.
Bakıdakı seminarda anlaşılmazlıq yarandı. Osman Rəhimov mənimlə bir az yüksək tonla danışdı. Elə bilib ki, hava soyuq olduğundan çıxıb getmişəm. Minskdə heç yeri tanımıram, otelin yolunu da bilmirəm - hara gedəcəkdim ki? Ona dedim ki, qarda, şaxtada futbol oynamışam. Orada Elxan Məmmədovun adını çəkməmişəm. Aslan Kərimovdan da bunu soruşa bilərsiz. Kursu aparan odur. Kursdan əvvəl Aslan mənə dedi ki, "A"-nı oxumaq bir qədər çətin olacaq, buranın öz şərtləri var, mən sənə kömək edə bilməyəcəm. Şərtlərdən biri də hansısa komandada işləməkdir.
Mən də "Sabah"ın 19 yaşlılardan ibarət komandasının baş məşqçisi Hüseynqulu Quliyevlə danışmışam, onların məşqlərində iştirak edəcəm. Yazı-pozuya qalanda, bəli, bir az çətinliyim var. Bunu da bilməyən yoxdur. Amma öyrənəcəm, az qalıb. Dekabrın 2-də növbəti modul başlayacaq, həmin seminarda da iştirak edəcəm. Yenə deyirəm, Osman Rəhimovla aramızda ciddi nəsə olmayıb. Xırda söz-söhbət düşüb, vəssalam. Dava nədir, döymək nədir. Məni heç kim vura bilməz. Həmişə öz səviyyəmi qorumuşam, kimsə mənə güldən ağır söz deyə bilməz".