AFFA-dan ikili standart: İsgəndər Cavadovun akademiyasına "hə", digərlərinə "yox"
- 15 Fev 2020 11:00
- 1060
Bu yaxınlarda saytımızda təəccüb doğuran mövzuya toxunmuşduq - AFFA-nın ötən əsrin 80-ci illərinin ünlü futbolçularından olan şəxsin adını daşıyan İsgəndər Cavadov Bakı Futbol Akademiyasına ayırdığı 26550 manata. Bir daha xatırladaq ki, assosiasiya 2019-ci ilin yekunu üçün ictimaiyyətə açıqladığı hesabatda adı çəkilən akademiyaya bu qədər pul ayrıldığını göstərib.
Rekord.az xəbər verir ki, akademiyanın vitse-prezidenti Yaşar Seyidov "Futbol plus"a açıqlamasında həmin vəsait üçün özlərinin AFFA-ya müraciət etdiyini gizlətməmişdi. Başqa cür desək, İsgəndər Cavadov şəxsi pulunun olmadığını əsas gətirərək, öz adını daşıyan akademiyanın xərclərini qarşılamaq üçün Elxan Məmmədovdan 26550 manat istəyib, icraçı vitse-prezident də “problem yoxdu” deyib.
Kim-kimə kömək edir, nə üçün edir, hansı maraq qarşılığında edir – bunlar məsələnin görünməyən və bizi maraqlandırmayan tərəfləridi. Bu gün İsgəndər Cavadov kimi veteran futbolçu ölkə futbolunun rəzil durumda olduğunu görüb üsyan etmək əvəzinə hər qərara razılıq əlaməti kimi əl qaldırırsa, təbii ki, AFFA rəhbərliyi onun bu “zəhmət”ini hansısa yolla qiymətləndirməlidi. İşin bizi narahat edən tərəfi eyni sevgi və diqqətin paytaxtda fəaliyyət göstərən başqa futbol məktəblərinə verilməməsidi. Söhbət futbol məktəbi saxlamaqdan gedirsə, heç şübhəsiz, onların da pula ehtiyacı var. Uşaqların verdiyi aylıq 30-50 manatla bütün xərcləri qarşılamaq qeyri-mümkündü. Məşqçilərin maaşı, inventarların alınması, nəqliyyat xərcləri, stadionların icarə haqqı – bunları üst-üstə gələndə xeyli vəsait edir.
Deməyimiz odu ki, AFFA rəhbərliyi İsgəndər Cavadovun adını daşıyan akademiyaya bu dərəcədə həssas yanaşırsa, eyni münasibəti başqalarında da göstərməlidi. Elə bu məsələ ilə bağlı bəzi futbol məktəblərinin əsas söz sahibləriylə danışmaq qərarına gəldik. Ki, onların nə vaxtsa AFFA-dan maddi yadım alıb-almadıqlarını öyrənək, ikili standarta münasibətlərini soruşaq, bu məsələdən sonra assosiasiyaya “bizə də kömək edin” müraciətində bulunub-bulunmayacaqlarını aydınlaşdıraq. Mövqelər gözlədiyimiz kimi oldu.
Fuad Sadıxov, “Miras”ın rəhbəri: “Əvvəla onu qeyd edim ki, hazırda sponsor axtarışındayıq. Dediyiniz kimi, xərclər həddən artıq çoxdu və təkcə uşaqlardan gələn aylıq vəsaitlə xərcləri qarşılamaq mümkün deyil. İndiyə qədər AFFA-ya bir dəfə müraciət etmişik. Bu da U-11 komandamızın çempionatda iştirakı ilə bağlı. Yeni yaranmış məktəbik, ona görə də ilkin mərhələdə bir komanda ilə başlamağı məqsədəuyğun saydıq. Təbii ki, gələcək üçün planlarımız var. O ki qaldı məsələnin digər tərəfinə, özüm uzun illər AFFA-da çalışmışam. Yəni ümumi durumdan xəbərdaram. Özəl məktəblərə bir az fərqli baxılır. İsgəndər Cavadov Bakı Futbol Akademiyasının hansı statusa sahib olduğunu dəqiq bilmirəm. Bəlkə də sosial layihə kimi nəzərdə tutulub, bəlkə də pullu dərnəklərlə yanaşı, pulsuz dərnəklər də var deyə, onlara yardım edilir. Ona görə də işin içini bilmədən dəqiq söz demək olmur. Amma biz indiyə qədər AFFA-dan heç bir maliyyə dəstəyi almamışıq. Əsasnamədə göstərilən çempionatda iştirak edən 14 yaşa qədər komandalar üçün nəqliyyat xərci dəstəyi isə bölgə təmsilçiləri üçün nəzərdə tutulduğundan, bizə hansısa məbləğ ayrılmayıb. Gələcəkdə AFFA-ya müraciət edəcəyik? Bu haqda indidən söz deyə bilmərəm. İnventar, məşqçilər, məşq üçün meydan – bəlkə də bu kimi məsələlərlə bağlı kömək istəmək olar. Dediyim kimi, indiki vəziyyətdə sponsor axtarışındayıq”.
Fərid Yusifov, “Leon”un icraçı direktoru: “Düzü, İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük. Çünki ötən ilin sonlarında “Leon” uşaq futbol məktəbi olaraq yardımla bağlı AFFA-ya e-mail məktubu göndərsək də, müraciətimiz cavabsız qalmışdı. Halbuki assosiasiyadan pul istəmirdik. Sadəcə, bəzi məsələlərdə yardım etmələrini xahiş etmişdik. Bu da stadion və məşqçilərlə bağlı idi. “Leon” klubu olaraq Respublika stadionunun və ADBTİA-nın balansında olan meydanlardan icarə əsasında yararlanırıq. Təkcə meydanların icarəsinə ayda 3 min manat ödəyirik. Xahişimiz bu idi ki, heç olmasa, Olimpiya stadionunda bizə şərait yaradılsın. Və ya məşqçilərin aylıq maaşının yarısını AFFA ödəsin, yarısını biz verək. Çünki bu işi Azərbaycan futbolunun gələcəyi üçün edirik. Son illər ölkədə uşaq futbolunun hansı durumda olduğunu bilirsiz. Biz də çalışırıq ki, gələcək adına nələrsə edək, ölkə futboluna hansısa mənada köməyimiz dəysin. Erməni futbolçular dünyanın hər yerinə səpələnib, bizimkilər niyə olmasın? AFFA-dan xahişimiz, istəyimiz məşq və oyunlar üçün meydanların ayrılmasıdı. Qurumun balansında bu qədər stadion varkən, fikrimcə, bizə hansısa mənada kömək etmək çətin olmamalıdı.
Bu gün “Leon”un 5 yaş qrupundan ibarət komandaları daxili çempionatda iştirak edir. Həmin uşaqların ümumi sayı 70 nəfərdi ki, onlardan pul alınmır. Ödənişli uşaqların sayı 55 nəfərdi. Bu qruplarda 6 məşqçi fəaliyyət göstərir.
İsgəndər Cavadov Bakı Futbol Akademiyasının vitse-prezidenti Yaşar Seyidov AFFA-nın Əsasnaməsinə uyğun olaraq 14 yaşa qədər çempionatda iştirak edən komandalara nəqliyyat üçün vəsaitin ayrıldığını deyib. Lakin bu günə qədər AFFA-dan nəqliyyat üçün 1 manat da almamışıq. Bir də ki, 26550 manat başqa məktəbə ayrılsa, adama təsir etməz. İsgəndər Cavadovun adını daşıyan akademiyanın aşağı yaş qruplarının hansı durumda olduğunu işin içində olanlar bilir. Turnir cədvəllərində bir onların mövqeyinə baxın, bir də bizim. Görün hansı məktəb uşaq yetişdirir, futbolu daha çox düşünür. Komandalarımızın iki dəst geyimi olduğu halda, İsgəndər Cavadovun akademiyasında uşaqların forması yoxdu. Bu gün komandalarımız və heyətdəki uşaqlar nəticələri, göstərdikləri oyunla diqqəti çəkirlər, adlarından söz etdirirlər. Buna baxmayaraq, “Leon” futbol məktəbinə heç bir kömək göstərilmir. Vallah, adam deməyə söz tapmır”.
Bu da reallıq. Əslində vəziyyətin bu dərəcədə biabırçı olduğunu bilirdik. Elə mövzunun üzərində xüsusi dayanmağımız da buna görə idi. Yaşar Seyidov AFFA-nın Əsasnaməsinə uyğun olaraq nəqliyyat xərclərini qabartsa da, sən demə, 26550 manatın hamısı sırf şəxsi münasibətlərə görə İsgəndər Cavadovun akademiyasına ayrılıb. Ayda təxminən 2300 manat.
Ölkənin ümumi durumu necədisə, futbolu da eyni gündədi. İş görənlərə, görmək istəyənlərə əl tutan yoxdu. Əvəzində “yuxarılar”la əl sıxanlara əl uzadanlar var. Siz İsgəndər Cavadovun adı yüksəklərdə olsun deyə yaradılan akademiyaya doğma balanız kimi baxmaqda olun, başqalarının məktubları cavabsız qalsın. Sabah da ölkədə uşaq futbolunun yoxluğundan danışarsız, problemləri sadalayarsız.