AFFA hakimlərə pul verəcək?
- 17 Apr 2020 11:00
- 806
Bildiyiniz kimi, dünyanın çox yerində olduğu kimi, koronavirus pandemiyası üzündən Azərbaycanda da futbol və futzal çempionatları dayandırılıb.
Durğunluq dönəmində meydana çıxmayan oyunçuların əməkhaqqı məsələsi, şübhəsiz, klublar tərəfindən tənzimlənəcək. Bəs görəsən maaş yox, qonorar hesabına dolanan hakimlərin aqibəti necə olacaq? AFFA ədalət təmsilçilərinə para yardımı edəcəkmi?
Məsələyə aydınlıq gətirmək üçün bir neçə hakimə telefon açdıq. İstər ölkənin FİFA referiləri , istərsə də son vaxtlar karyerasını futzalda davam etdirən Rza Məmmədovdan oxşar cavablar aldıq.
Əliyar Ağayev: "Nəyinsə olacağını eşitmişik. Belə desəm, ucundan-qulağından... Ancaq hələ bizə dəqiq söz deməyiblər”.
Rəhim Həsənov: "Bildiyiniz kimi, təyin olunduğumuz matçlardan qonorar alırıq. Futbol çempionatları dayandırılıbsa, təbii ki, qonorar da yoxdu. Oyun idarə etmədiyimiz üçün maddi dəstək verəcəklərini deyiblər. Deyiblərsə, yəqin ki, verərlər”.
Rza Məmmədov: "Açığı, məbləğ barədə heç nə bilmirəm. Bu haqda məlumat verilməyib. İndi futzal oyunlarını idarə edirəm. Elektron ünvanıma gələn mesaja əsasən bizə AFFA tərəfindən pul veriləcəyini öyrənmişəm. Amma nə vaxt və nə qədər veriləcəyi deyilməyib”. (Futbol plus)