AFFA İK-nın sabiq üzvü: "Azərbaycanda futbolun olacağına şübhə ilə yanaşıram" MÜSAHİBƏ
- 28 Noy 2019 12:00
- 981
Xəzər Universitetinin rektoru, 1997/2004-cü illərdə "Xəzər Universiteti" FK-nın prezidenti olmuş AFFA İcraiyyə Komitəsinin sabiq üzvü, professor Hamlet İsaxanlı sportinfo.az saytına müsahibə verib. Rekord.az həmin müsahibəni sizə təqdim edir:
- Uzun illər futbolun içində olmusunuz. Yəqin ki, Azərbaycan futbolunu kənardan izəlyirsiz.
- Lap yaxından izləmirəm, amma xəbərim olur. Vaxt tapdıqca bəzi oyunlara baxıram.
- Sizin dönəmdəki Azərbaycan futbolunu indiki ilə necə müqayisə etmək olar?
- O zamanlar xaos dövrü idi, heç nədən baş açmaq olmurdu. Azərbaycan futbolunda çox tez-tez dəyişikliklər baş verirdi. Ona görə o vaxtkı Azərbaycan futbolunun daha parlaq olduğunu düşünmürəm. Sovet İttifaqı dağılandan sonra müəyyən qədər dirçəliş oldu. Azərbaycan müstəqil olandan sonra yavaş-yavaş inkişaf mərhələsinə qədəm qoydu. Düzdür, Azərbaycan futbolu SSRİ dağılandan sonra sanki cılızlaşdı. Komandalarımız yalnız Azərbaycan daxilində oynamağa başladılar. Fikrimcə, bugünkü futbol o dövrlə müqayisədə, keyfiyyət baxımından yaxşıdır. Uca zirvələr fəth etdiyimizi demirəm, amma ən azından müəyyən səviyyə, inkişaf var.
- Bəs nəticələr necə, sizi qane edir?
- Ölkə daxilində hansısa klubun çempion olması ciddi nəticə, ölçü vahidi sayıla bilməz. İstənilən halda çempionatda hər il bir klub ilk yeri tutmalıdır. Yaxud bir klub bir neçə dəfə çempion ola bilər. Əsas beynəlxalq arenada klub və milli səviyyəsində nə göstərdiyimizdir. Təbii, beynəlxalq səviyyədə "Qarabağ"ın timsalında müəyyən uğurlarımız var. Avrokuboklarda bir neçə mərhələ keçir, mübarizə aparır, qruplara düşür. Yığmamıza gəlincə, bizim millimiz heç vaxt güclü komanda olmayıb. Əvvəllər çox pis, böyük hesablarla uduzurduq, güclü olmayan millilərə məğlub olmağımız yaxşı yadımızdadır. İndiki halda biabırçı məğlubiyyətlər az olsa da, istənilən halda millimizin nəticələri klub səviyyəsində əldə etdiyimiz uğurlardan aşağıdadır.
- Maraqlıdır, yenidən futbola qayıtmaq fikriniz var?
- Hal-hazırda bütün gücümü, enerjimi, fikrimi təhsil sahəsində yaradıcılığa, universitetə, Avrasiya Akademiyası və Dünya Məktəbinə həsr etmişəm. Yalnız bu işlərlə məşğulam. Ona görə yenidən böyük futbola qayıtmaq, klub yaratmaq fikrində deyiləm. Futbola yalnız hər hansı komandanın idarə heyətində təmsilçi, psixoloji və təhsil baxımından məsləhətçi, əlaqələrin inkişafı və.s qismində qayıda bilərəm. Futbola sərmayə qoymaq fikrim və gücüm yoxdur. Komandaların hansına idarəetmə və ya akademik sahədə köməklik, məsləhətim, köməyim lazım olsa, məmnuniyyətlə bacardığımı edərəm.
- Yəni, bir daha "Xəzər Universiteti" kimi komanda yaratmayacaqsız.
- Yox, o səviyyədə mümkün deyil. Futbol tam dəyişib, əvvəlki kimi deyil. Biz o zaman klubu yaradanda heyət əsasən tələbələrdən ibarət idi. Məlum olanda ki, komandamızın bir neçə futbolçusu Azərbaycan millisinin oyunçularıdır, komandaya məşqçi dəvət edib onların parlamasına, daha irəli getməsinə yardımçı oldum. Qısa vaxtda onlar özlərini doğrultdular. Komandamız beləcə yüksək liqada mübarizəyə başlayıb yaxşı-güclü kollektivlərdən biri oldu. Sonra klubların əksəriyyətinin maliyyəsi, büdcəsi birdən-birə qeyri-adi dərəcədə artınca, biz də geri çəkildik. Çünki universitetin o boyda maliyyəsi olmur. Universitet özü inkişaf etmək üçün kənardan həmişə maliyyə axtaran bir təhsil müəssisəsidir.
- Universitetin rektoru olduğunuzu, daim gənclərlə çalışdığınızı nəzərə alsaq, sizcə, indiki uşaqlarda gələcəkdə yaxşı futbolçu olmaq potensialı var?
- Məncə, hər şey ölkənin mühitindən, gündəlik həyat tərzindən asılıdır. Daha çox futbolçunun, futbol ruhlu gənclərin meydana çıxması üçün bu idman növü ölkədə kütləvi xarakter almalı, daim məktəblərarası yarışlar keçirilməlidir. Belə yarışlar çox olmalı və Premyer liqa klublarının, millilərin baş məşqçiləri gəlib həmin turnirlərdə uşaqları izləməli, seçim etməlidir. İndi sanki kütləvilik çox azalıb. Futbol da elə bir idman növüdür ki, hansısa rayon-kəndlərdə olan istedadlı uşaqları yalnız kütləvilik vasitəsilə, idman tədbirlərində, yarışlarda, turnirlərdə üzə çıxarmaq, qazanmaq mümkündür. Məsələn, ucqar bir kənddə çox istedadlı, əla driblinqi, bütün parametrləri yüksək səviyyədə olan bir uşaq var. Bunu necə üzə çıxarmaq, necə tapıb düzgün istiqamətləndirmək olar? Təbii ki, kütləvi yarışlarla. Belə uşaqlar ölkədə çoxdur. Bunlar yaxşı məşqçi əlinə düşsə, əlbəttə, Azərbaycan yeni istedadlar, yeni futbolçular qazanacaq. Bu yarışların bir qismi məktəblərdə, universitetlərdə, digər bir hissəsi bölgələrdə keçirilməlidir. Futbol kütləvi deyilsə, güclü oyunçuların üzə çıxması da mümkün deyil. Bizdə indi bu kütləviliyi görmürəm. Bütün bunlar yekunda ümumi Azərbaycan futboluna birbaşa təsir edir. Ölkə xaricindən legioner gətirib milliləşdirməklə, yaxud əcnəbini oynatmaqla futbolu gücləndirmək, inkişaf etdirmək olmaz. Komandada əsas baza-təməl istedadlı yerli uşaqlar olmalıdır və bundan sonra legioneri gətirərsən ki bir qədər fərqlilik yaransın. Bu gün Azərbaycanda uşaq futbolu çox populyarlaşsa, kütləvilik artsa, bəlkə mən də həvəslənib ən azından 1-2 həvəskar komanda yaradaram. Ölkədə indi bu kütləviliyi, həvəsi görmürəm. Bu halda Azərbaycanda futbolun olacağına da artıq şübhə ilə yanaşıram.
- Milli komandamızın oyunlarını izləyirsiz?
- Deməzdim ki, çox baxıram. Sadəcə, arada dünya səviyyəli oyunlar olanda, yığmamız hardasa səfərdə olanda xəbər tuturamsa, izləyirəm. Azərbaycan çempionatına qəti baxmıram, buna marağım və vaxtım da yoxdur. Amma millimiz Fransa, Almaniya və ya Türkiyə kimi yığmalara qarşı oynasa, mütləq baxaram.
- Hamlet müəllim, millimiz AÇ-2020-nin seçmə mərhələsində cəmi 1 xal qazanmaqla tarixində ilk dəfə qatıldığı "AVRO-96"nın seçmə raundundakı nəticəni təkrarladı. Geridə qalan 24 ili və Azərbaycan futboluna sərf edilən pulun milyonlar olduğunu nəzərə alsaq...
- Bayaq ona görə dedim ki, Azərbaycanda futbolun inkişafından söhbət edəndə yalnız 1-2 klubun adını çəkə bilərik. Ki, yalnız onların, xüsusən "Qarabağ"ın timsalında futbolumuzda az-çox irəliləyiş var. Milli komandamızın uğurundan danışmağa, təəssüf ki, bir nəticə yoxdur. Gürcüstan və ya yaxın ölkələrin biri ilə müqayisə etsək, açıq-aşkar görərik ki, onlardan milli səviyyəsində geri qalırıq. Yalnız klub səviyyəsində sanki bir qədər irəlidəyik. Fikrimcə, bu gün yığmamızla "Qarabağ" üz-üzə gəlsə, milli komandamız məğlub olar. Səbəbini də az əvvəl izah elədim, ölkədə çox güclü futbol şəbəkəsi yaradılmalı, kütləvilik pik həddə çatdırılmalıdır. Yoxsa ölkədə güclü futbol, güclü yığmanın olması mümkün deyil.
- İndiki reallıqda Azərbaycan millisini əcnəbi məşqçi çalışdırmalıdır, yoxsa yerli?
- Fikrimcə, yaxşı məşqçi olandan sonra fərq etmir ki, yerlidir, ya xarici. Böyük fərqi yoxdur, məncə. Bəlkə də yerli mütəxəssis bir addım öndə olar, daha çox fayda verə bilər. Gənclərin, uşaqların xasiyyətini, ümumi mentalilteti, mühiti, ab-havanı, psixoloji xarakteri daha yaxşı bildiyi üçün. Həm yerli məşqçi gedib ölkəni gəzib axtarıb tapa bilər. Bir şeyə əminəm, əcnəbi baş məşqçi gəlib Azərbaycanda möcüzə yarada bilməz. Bir neçəsi işləyib də Azərbaycanda, qeyri-adi bir iş görməyiblər ki...Biz İtaliya, Almaniya və ya Fransa deyilik ki, məşhur bir məşqçini gətirib uğur qazanaq. Bizim zəif bir yığmamız var, bu komanda ilə yerli məşqçilər məşğul olmalıdır. İndiki halda əcnəbiyə gərək yoxdur, bəlkə səhv fikirləşirəm, düşüncəm budur.