AFFA millini koronavirusun bir addımlığına aparmaqda israrlıdır
- 10 Mar 2020 13:00
- 925
Dünyanı ağuşuna alan koronavirus bəlası Azərbaycan millisinə də təsir edə bilər. Premyer Liqamızda oyunlar təxirə salınmasa da, ölkə xaricinə yollanacaq yığmamız üçün durum fərqlidi.
Rekord.az xəbər verir ki, əsas komandamız martın 23-dən 31-dək Maltada təlim-məşq toplanışında olmalıdı.
Burada yerli komandayla yanaşı, Lixtenşteyn yığması ilə yoldaşlıq oyunu keçirmək planlaşdırılıb. Lakin məlum virusun Avropaya yayılması ilə planlar dəyişə bilər.
Malta koronavirusun geniş yayıldığı İtaliya ilə həmsərhəddi. Apennin yarımadasında bu baxımdan vəziyyət yaxşı deyil, xəstəlik xüsusilə futbol həyatına ciddi təsir edib – oyunlar, məşqlər təxirə salınır, azarkeşlər tribunalara buraxılmır. Malta da xəstəliyin yayılması narahatlıq yaradır.
Bütün bunlar millimizin Malta səfərinin ləğv edilməsinə səbəb ola bilər. Artıq bu haqda müəyyən söz-söhbət var.
Xəbəri dəqiqləşdirmək üçün AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq (futbolinfo): “Söz-söhbətlər təbiidi, vəziyyətdən asılı olaraq, bəlkə müzakirə edildi. Lakin hazırda belə bir qərar yoxdu.
Bir sıra UEFA miqyaslı yarışlar keçirilir, heç biri təxirə salınmayıb. Ona görə də toplanışın ləğv edilməsi inandırıcı görünmür. Həm də milli komandanın hazırlığı üçün ən uyğun vaxtdı. Yəqin ki, ən uyğun qərar veriləcək” .