Eddi İsrafilov millinin düşərgəsinə gəlməyəcək.

 

Rekord.az xəbər verir ki, noyabrın 16-da Bakıda Uelslə matçda baş məşqçi Nikola Yurçeviçin ixtiyarında olmayacaq.

 

Səbəb isə müəmmalı və qəribədi. İspaniya Sequndasında oynayan “Albasete” İsrafilovu AÇ-2020-nin seçmə mərhələsi çərçivəsindəki oyuna buraxmayıb. AFFA-nın açıqladığı rəsmi məlumatda bildirilir ki, ispan klubuna göndərilmiş məktubla bağlı texniki problem yarandığı üçün klub futbolçunu millimizin düşərgəsinə buraxmayıb.

 

Məsələnin məğzini öyrənmək üçün “Sportinfo”dan olan həmkarlarımız AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə söhbətləşib. Federasiya rəsmisi qarşı tərəfi günahlandırıb: "Albasete" tərəfi iddia edir ki, məktub onlara gec çatıb. Bilirsiz necədir, klub bir az cığallıq edir. Lap tutaq ki, məktub 1 sutka, yaxud da 2 saat gec çatıb. Eddi oyundan bir gün əvvəl milliyə çağırılmayıb ki? Matça hələ 4 gün var. Məktub isə bu ayın əvvəlindən göndərilib. Artıq məsələylə bağlı FİFA-nı məlumatlandırmışıq. Bu, kargüzarlıq cığallığı kimi bir şeydir. Futbolçu tərəfindən bizə hansısa imtina gəlməyib. Özü gəlmək istəməsəydi, qərarını bildirərdi. Belə bir şeylə qarşılaşmamışıq. Ötən toplanışda zədəli olduğu üçün gələ bilməmişdi. Açıqlama vermişdi ki, ürəyim ordadır, gəlib oynamaq istəyirəm. Klubla danışıq aparılıb. Biz öz mövqeyimizi bildirmişik. Deyildi ki, kargüzarlıq məsələsinə görə futbolçunun milli komandaya buraxılmaması düzgün deyil".

 

AFFA-nın mövqeyi aydındı. Həqiqətən dəvət vaxtında göndərilibsə, o zaman “Albasete”ni ciddi cəza gözləyir. Lakin İspaniya klubunun bunu bilə-bilə özbaşınalıq etməsi inandırıcı deyil. Bəlkə ortada başqa səbəblər var?

 

Bu suala cavab tapmaq üçün İspaniya ilə əlaqə saxladıq. Eddi zənglərimizə cavab verməsə də, “Albasate”nin mətbuat xidmətinin rəhbəri Xesus Ernandes Prensa ilə danışa bildik. Futbolinfo.az-a açıqlama verən klub rəsmisi Eddinin Bakıdakı qarşılaşmaya getməməsinin AFFA və klub arasında razılaşdırıldığını bildirdi: “Bu klub və federasiya arasında bir razılaşmadır. Bu barədə ətraflı məlumat vermək istəmirik. Bizim növbəti matçda ona ehtiyacımız var. Çünki Eddinin mövqeyində oynayacaq başqa futbolçumuz yoxdu”.

 

Xesus Ernandes Prensaya inansaq, Eddinin millinin qarşıdakı 2 oyundan birincisinə gəlməməsi tərəflər arasında razılaşdırılıb. O zaman bu komediya kimə lazımdı? Yoxsa yığmanın arxa plana keçirilməsi, klubun xahişinə HANSISA SƏBƏBDƏN müsbət cavab verilməsinə don geydirmək üçün “texniki problem” oyunu ortaya atılıb? Bəlkə də “Albasete”nin uğuru AFFA üçün millinin nəticələrindən daha önəmlidi?

 

Xatırladaq ki, "Albasete"nin noyabrın 17-də İspaniya Sequndasının 16-cı turu çərçivəsində əsas rəqiblərindən biri "Saraqosa" ilə vacib oyunu var. (futbolinfo.az)