Azarkeşlər sevimli komandalarını dəstəkləmək üçün stadionun yolunu tutur. Bu yolda onların ayağının altında stadiondan canlı reportaj yayımlayacaq telekanalın kabelləri qalır. Ayaq altda qalan kabellərə görə fanatlara irad bildirilir. Dünyanın hər yerində belədi, fanatlar dəli-dolu olar. Onlara münasibətdə bunu nəzərə almaq, reallıqla barışmaq lazımdı. Ağzında fanat deyirsən. Kimlərsə bunu nəzərə almır, yerə sərilən, ayaq altda qalan kabellər qalmaqala - əvvəl sözlü davaya, sonra da əlbəyaxaya səbəb olur. Bu davaya kənarda rəqib komandanın operatoru da müdaxilə edir. İnsan halıdı, başa düşmək olar. Amma adam davaya rəqib komandanın operatoru olduğu üçün yox, sabiq iş yoldaşlarını müdafiə etmək üçün qarışıb. Bu da onun şəxsi işidi. Az əvvəl dediyim kimi, insan halıdı, emosiyalar aşıb-daşıb, idarə etmək çətin olur.


Sözsüz ki, sonradan soyuq başla hər şeyi analiz edirsən, səhvini anlayırsan. Mən demirəm ki, “Azərsun Arena”nın girişində baş verənlərə görə kimin günahkar olduğunu araşdıraq, “prav”–“neprav” söhbəti edək. Təəccübləndiyim odu ki, bu mənasız davadan zərərə düşən “Qarabağ”, qazanan isə AFFA olur. Niyə?

AFFA İntizam Komitəsinin açıqladığı son cəzalarda elə bu cür də yazılıb. Azarkeşlər “Sabah”ın rəsmisi Dadaş Zeynalova fiziki təsir göstərdiyi üçün “Qarabağ”a 4000 manat cərimə kəsilib. Mənim Dadaş Zeynalova böyük hörmətim var. Futbolumuzun zəhmətkeş simalarından, halal əməyi ilə yaşayanlardandı. Yəqin özü də baş verənlərə görə narahatdı. “Qarabağ” azarkeşləri Zeynalova oyunu çəkdiyi yerdə hücum edib, nəsə xətər toxundursaydılar, klubu 4000 yox e, lap 40000 manat cərimələmək olardı. Çünki meydan sahibləri qonaq komandanın təhlükəsizliyini təmin etməyə görə məsuliyyət daşıyır. Amma oyundan əvvəl rəqib komandanın azarkeşi sabiq iş yoldaşlarının yanına gedib, ordakı dava-dalaşa müdaxilə edirsə, bunun adı o deyil. Ağıl da, məntiq də, ədalət hissi də bunu deyir. 


Belə çıxır ki, bundan sonra meydan sahibləri rəqibin hər bir əməkdaşının, hər bir futbolçusunun yanına iki mühafizəçi qoymalı, qonaqlar evinə çatana qədər onların qayğısına qalmalıdı. Kiminsə ayağı ayaqyoluna gedəndə sürüşsə, buna da cavabdehliyi meydan sahibləri daşıyır?! Ümumiyyətlə, AFFA özünü belə aparmağa son qoymalıdı. Ayıbdı, vallah. Oyun başlamazdan əvvəl stadionun qapısının ağzında yaranan dava-dalaşa görə klub nə üçün məsuliyyət daşımalı, buna görə cərimə edilməlidi?

Azarkeşlərin televiziya əməkdaşlarıyla, yaxud da rəqib klubun operatoruyla davasında hansısa hüquq pozuntusu varsa, buna AFFA yox, müvafiq hüquq-mühafizə orqanları qiymət verməli, məsuliyyəti olanlar cavadehlik daşımalıdı. Olmasın “Qarabağ”, olsun digər klub. Heç bir klubu azarkeşlərin oyundan əvvəl, tribunalardan kənardakı hansısa davranışına görə cərimələmək olmaz. 


AFFA-nın hər xırda münaqişəyə qazanc mənbəyi axtarması, klubları cərimələmək, büdcəsini doldurmaq üçün məqam gözləməsi xeyrə əlamət deyil. Bu günün sabahı var. Bölgələrdə futbol olsun deyirsiz, müstəqil iş adamlarını futbola cəlb etməyə çalışırsız (sözdə). Sabah Lənkəranda, Tovuzda, Gəncədə hər xırda söz-söhbətə görə klublara cərimə kəsəcəksizsə, sizin qəzəlinizə qulaq asan olmayacaq!