AFFA Sumqayıt komandasını yarışdan kənarlaşdırdı – “Qəbələ”nin futbolçusuna 10 oyunluq cəza
- 16:15
- 49
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Rekord.az xəbər verir ki, bu gün baş tutan iclasda qurumun bayrağı altında keçirilən yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:
U-15 Liqasının “Asta” FK – “Qəbələ” İK oyunu bitdikdən sonra “Qəbələ”nin futbolçusu Emil Təhməzov hakimə fiziki təzyiq göstərdiyinə (əli ilə vurduğuna) görə qırmızı vərəqə aldığı üçün 10 oyun cəzalandırılıb.
U-15 Liqasının “Metak” FK – “Turan Tovuz” FK oyununda “Metak”ın baş məşqçisi Mehman Səfərov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalandırılıb.
U-14 Liqasının “İmişli” FK – “Şamaxı” FK oyununda “İmişli”də 25 nömrəli futbolçunun əvəzinə adı protokolda olmayan başqa futbolçu oynadığına görə “İmişli”yə 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-13 Liqasının “Ruslan” (Gəncə) –“Gəncəvi” (Gəncə) oyunu “Gəncəvi”nin heyətində yetərsay olmadığına görə baş tutmadığı üçün “Gəncəvi”yə 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-13 Liqasının “Hindarx” (Ağcabədi) –“Pambıqçı” (Bərdə) oyunu “Pambıqçı”nın heyətində yetərsay olmadığına görə baş tutmadığı üçün “Pambıqçı”ya 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-10 Liqasının “Odlar Yurdu” (Sumqayıt) – “Sumqayıt City” FK oyunu “Odlar Yurdu” (Sumqayıt) komandası təyin edilən vaxt meydanda olmadığına görə baş tutmadığı üçün “Odlar Yurdu”na 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal 3-cü dəfə təkrar olunduğuna görə “Odlar Yurdu” yarışdan kənarlaşdırılıb.
U-13 Qızlar liqasının “Səbail” PFK – “Şəfa” FK oyununda “Səbail”in baş məşqçisi Etibar Həsənov təhqiredici, qeyri-etik ifadələr işlətmək və ya jestlərdən istifadə səbəbilə qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalandırılıb.