“AFFA tərəfindən Gənclər və İdman Nazirliyinin nəznində olan Uşaq Gənclər İdman Məktəblərinin (UGİM) komandalarına AFFA-nın təşkil etdiyi liqalarda iştirakla bağlı maliyyə vəsaitinin ayrılmaması ilə əlaqədar yayılmış məlumat həqiqəti əks etdirmir”.

Rekord.az xəbər verir ki, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla sportinfo.az-a açıqlamasında belə deyib.

Assosiasiya rəsmisi söhbətin davamında maliyyənin kəsildiyini təsdiq edib:

“Həmin məktəblər Gənclər və İdman Nazirliyinin deyil, Təhsil Nazirliyinin balansındadır. Bu mövsümdən etibarən həmin vəsaitin ayrılmayacağı ilə bağlı Təhsil Nazirliyinə məlumat verilib. Çünki məktəblər Təhsil Nazirliyinin balansındadır”.

İndi ortaya növbəti sual çıxır: UGİM-lər Nazirliyinin nəznindədirsə, indiyə qədər niyə AFFA tərəfindən maliyyələşirdi? Bir başqa məqam: AFFA-nı indiyə qədər tutduğu yolu dəyişməyə kim, ya da, nə məcbur edib?

Firuz bəy məsələyə bu cür aydınlıq gətirdi: “Təxminən 10 ildir AFFA-nın müxtəlif yaş qruplarından ibarət liqaları keçirilirdi.

Bütün yaş qruplarını əhatə edən mövsümlük liqaların təşkili və keçirilməsi Azərbaycan futbolunda yenilik idi. Ona görə də AFFA tərəfindən ezamiyyə məbləğləri ödənilirdi.

Amma AFFA-nın da nəzərdə tutduğu layihələr var. Ona görə də cari mövsümdə həmin liqalara vəsaitin ayrılmaması ilə bağlı qərar qəbul olunub.

Həmin komandalara Təhsil Nazirliyi tərəfindən niyə maliyyə vəsaitinin ayrılmaması ilə bağlı suala nazirliyin məsul şəxsləri cavab verə bilər”.