19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Çexiyada çıxış edən zaman gündəmə gəlib.

Rekord.az xəbər verir ki, yığmanın futbolçuları Çexiyada qaldıqları oteldə siqaret çəkməklə AFFA-ya problem yaradıblar. Bu barədə "sportfm.az" ilk olaraq məlumat yaymışdı.
 
Oyunçuların otelə vurduqları ziyana görə AFFA-nın cərimə olunduğu bildirilir.
 
AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla hadisəni təsdiqləyib:
 
"Belə bir hadisə baş verib. Futbolçular qaldıqları oteldə siqaret çəkiblər. Milli komandanın daxili nizam-intizam qaydalarına görə həmin oyunçular da baş məşqçi tərəfindən cəzalandırılıb. Lakin bu məsələdə AFFA-nın hər hansı cəza alması isə doğru deyil. Belə hadisəyə görə federasiyanı kim cərimələyəcək? Sırf futbolçuların günahıdır və onlar da cəzalarını alıblar (Qafqazinfo)”.
 
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Çexiyadan olan həmyaşıdları ilə görüşdə 0:4 hesabıyla məğlub olub.