AFFA üçün Federasiyadan Assosiasiyaya keçid, yaxud regionlara güvənməyin vaxtıdı
- 06 İyn 2024 10:00
- 365
Hamının dilində eyni cümlə var: “Regionlarda futbol inkişaf etdirilməlidi”. Təbii ki, etdirilməlidi. Niyə etdirilmir, kim etdirmir, etdirmək istəyir bəlkə yolunu bilmir? Suallar çoxdu, biz jurnalistlərin işi də onları verməklə yanaşı, həll yolunu da göstərməkdi. Bu yazıda buna cəhd edəcək, inkişaf mexanizmini necə gördüyümü yazacam. Təklifim isə budur: “Regional Futbol Federasiyalarına büdcə ayrılmalı, bu qurumlar tam işlək vəziyyətə gətirilməlidi”. Geniş yazıdı, ona görə də özünüzü hazırlayın.
Başlayaq, lap başdan, işin əlifbasından.
AFF, yoxsa AFFA?
Futbolumuza cavabdeh qurumun adı nədi?
AFFA-nın Nizamnaməsinin birinci, “İzahlar” bölməsində bu barədə aşağıdakı kimi yazılıb:
I. İZAHLAR
Bu Nizamnamənin mətnində aşağıdakı terminlər və ixtisarlardan istifadə olunur:
“AFFA” – Azərbaycan Futbol Federasiyaları Assosiasiyası.
Yəni, hamımız bu qurumu “Federasiya” adlandırsaq da, əslində bu təşkilat “Assosiasiya”dı - Azərbaycan Futbol Federasiyaları Assosiasiyası. Nizamnamənin növbəti – “ÜMUMİ MÜDDƏALAR” bölməsinin “AFFA-nın hüquqi statusu və baş qərargahı” başlıqlı 1-ci maddəsinin 1-ci bəndində bu öz hüquqi təsdiqini də tapır: “AFFA assosiativ xarakterli müstəqil qeyri-hökumət təşkilatıdır və 3 aprel 1992-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 775 nömrə ilə dövlət qeydiyyatına alınmışdır”.
AFFA güclü mərkəzləşmiş mexanizmli struktur olsa da, fakt assosiativ qurumdu, addımlar da müvafiq qaydada atılmalı, bu çoxşaxəlilikdən maksimum yararlanılmalıdı. Sənəd üzərində belədi. Bəs bu mexanizm işləyirmi, sənəddəki ilə realdakı vəziyyət arasında hansı fərqlər var?
Sual: Regional Futbol Federasiyalarından hansının rəhbərinin adını bilirsiz, bu qurumların konkret nə işlə məşğul olmaları, son nəzərəçarpan fəaliyyətlərinin, çalışmalarının, layihələrinin nədən ibarət olmaları haqqında nə fikriniz var? Şimal, Cənub, Mərkəz, Bakı, Naxçıvan, Şimal-Qərb, Qərb, Gəncə Futbol Federasiyaları niyə var, ümumiyyətlə? Lazımsızdılarsa, niyə ləğv olunmurlar, lazımlıdılarsa, niyə onlardan effektiv istifadə edilmir? Bu suallar çox vacibdi, cavabları da fundamental problemlərin həllini təmin edə bilər. Addım-addım gedək.
Azərbaycan mərkəzi hakimiyyətin güclü olduğu, bütün qüvvənin mərkəzdə toplandığı, oradan idarə olunduğu bir ölkədi. Bunun mənfi cəhətləri olsa da, böhran durumlarından çıxmaq üçün effektiv mexanizmdi, 44 günlük müharibədə buna bir daha əmin olduq. Siyasət, iqtisadiyyat, sənaye və ya digər sahələrdə bu işlək ola bilər, amma idmanda, xüsusilə də futbolda bu məsələ fərqli xarakter daşıyır və hakimiyyətin, yəni idarəetmənin nisbi də olsa diversifikasiyası mütləqdi. Diversifikasiya, yaxud digər adları ilə şaxələndirmə, paylaşılma, bölünmənin vacibliyi artıq aşkar görünür. Necə? Qəbul etdik ki, Azərbaycan futbolunda böyük bir problem var və bunun da adı “Region futbolu”du. Bu problemin mərkəzdən idarəetmə yolu ilə həll olunmadığını illərdi görürük, effektiv yol deyil, əksinə bu problemin daha da dərinləşməsinə gətirib çıxarıb. Futbol mərkəzimizin regionlara, oradakı kadrlara inanmaması, güvənməməsi, əksər hallarda, yuxarıdan-aşağı baxıb potensiallarına etibar etməməsi həmin regionların faktiki sənəd üzərində qalmasına, addan başqa heç nədən ibarət olmamasına gətirib-çıxarıb. Ölkədə futbol sanki atom bombası atılan Xirosimadan çıxmış vəziyyətdədi, ortada yalnız “Ağdam məscidi” qalıb ki, o da təkdi, yalnız mənəvi gücünü qoruyur. Həll üçün fundamental, strateji addımlar atılmalıdı. Necə deyərlər, vaxt yetişib, vədə çatıb. Sözdə yox, beyinlərdə düşüncələri dəyişməliyik.
RFF nə işə baxır?
Ümumiyyətlə, Regional Futbol Federasiyası nə işlə məşğuldu? Öncə qeyd edim ki, RFF ad olaraq ümumi təşkilatdı, AFFA-nın üzvüdü, rəhbəri də İsgəndər Cavadovdu. Elə bu ad işlərin niyə bu qədər yararsız vəziyyətdə olmasını göstərir desək, yanılmarıq. Öz dilimizdə normal danışa bilməyən adamın regionlarla hansı səviyyədə ünsiyyət, kommunikasiya qurduğunu təsəvvür belə etmək adama ağır gəlir. Rəsmən fiaskodu.
Əsas, baş RFF öz yerində, konkret regionlar üzrə müvafiq Region Futbol Federasiyaları var. Hərəsi bir cür faydalı iş əmsalına malikdi. İzlədiyim qədərilə hazırda aralarında sadəcə bir möhür və nizamnamədən ibarət olanları da var, aktiv fəaliyyətlə məşğul olan, minimal imkanlar və böyük fədakarlıqlarla öz regionlarında futbolu inkişaf etdirməyə çalışanlar da.
Region Futbol Federasiyalarının adları və rəhbərlərinin siyahısını sizə təqdim edirəm:
Şimal Regional Futbol Federasiyası – Abdulla Məmmədov
Şimal-Qərb Regional Futbol Federasiyası – Rövşən Əhmədov
Cənub Regional Futbol Federasiyası – Sakin Məmmədzadə
Mərkəz Regional Futbol Federasiyası – Nadir Quliyev
Qarabağ Regional Futbol Federasiyası – Əli Şərifov
Qərb Regional Futbol Federasiyası – Nadir Nəbiyev
Bakı Regional Futbol Federasiyası – Tahir Süleymanov
Gəncə Regional Futbol Federasiyası – Nurəddin Əliyev
Naxçıvan Regional Futbol Federasiyası – Sakit Rzayev
Böyük ehtimalla, bəzilərinin adlarını ilk dəfə eşirdirsiz.
Hazırda AFFA-nın rəsmi saytındakı struktur bölməsində bu qurumlar “Regionlarda AFFA nümayəndəlikləri” adı altında və birbaşa Baş katibliyə tabe olduqları göstərilir. Sumqayıt, Sabirabad, Lənkəran, Mingəçevir, Gəncə, Bərdə, Qazax, Bakı Kəndlər futbolu və Naxçıvan nümayəndəlikləri qeyd olunan siyahıda yer alırlar. Vaxtilə məsələn, Şimal RFF kimi göstərilirdisə, indi Sumqayıt nümayəndəliyi kimi göstərilir. Səbəbi yəqin ki, mərkəzdən maliyyələşmənin təmin edilməsi, bu işi rəsmi şəkildə etməyin yoludu. Amma burda maliyyə deyəndə bir az böyük səslənir. Məndə olan məlumata görə, AFFA hər RFF-də ən yaxşı halda 1 nəfərə (qurumun rəhbəri) çox simvolik bir məvacib ayırır. Tutalım, Qarabağ RFF-in bir Bərdə nümayəndəliyi var, yalnız onun rəhbəri, yəni QRFF-in prezidenti AFFA-dan maaş (o da uzaqbaşı aylıq 300 manat olsun) ala bilər, bir də yəqin ki, müəyyən kargüzarlıq xərcləri (olsun, 70-80 manat da buna) ödənilə bilər. Qurtardı getdi. Faktiki AFFA QRFF-də bir adamı “tanıyır”, “oralarda” bir hadisə baş verəndə ondan soruşur, “oralıq” bir iş olanda ona tapşırıq verir, onunla işləyir. Mexanizm düzdü, amma bir nəfərlə heç bir iş həll oluna bilməz. Misal üçün Qarabağı dedim. Bunun Cənubu, Şimalı, Qərbi var, orda da futbol böyük miqyasdadı, daha dərin detallara varmağı tələb edir. Bir məsələnin Bakıdan zəng olmamış, ya da oradan “ok” almamış, yerində, operativ həll olunmaması ümumi prosesi ləngidir. Müasir idarəetmə mexanizmləri fərqlidi, onlar tətbiq olunmalıdı, insanlara səlahiyyət verilib boyunlarına məsuliyyət qoyulmalı, maliyyə ayrılmalı, sonra tələb edilməlidir. Bunun üçün isə əvvəlcə həmin insanlara müvafiq şərait yaradılmalıdı. Bir RFF yalnız onun prezidentindən ibarət olanda təbii ki, effektivlik aşağı olacaq. Niyə AFFA öz Bakıdakı strukturunun kiçik surətini müvafiq regionda da çıxartmır, bunun üçün müvafiq büdcə ayırmır? Məsələn, Cənub. Biz hardan bilirik ki, imkan, şərait yaradılsa, yerli RFF məsələn, daha yaxşı kommersiya fəaliyyəti qura bilməyəcək, daha çox sponsor cəlb edə bilməyəcək? Cənubu cənubludan yaxşı kim tanıya bilər?
Qayıdaq, sənəd üzərinə.
AFFA-nın Nizamnaməsinin 9-cu, “Region Futbol Federasiyaları” maddəsinin 2-ci bəndində yazılır:
2. Regional Futbol Federasiyaları AFFA tərəfindən yaradılan, öz fəaliyyətlərini AFFA-nın nəzarəti altında həyata keçirən və müvafiq regionlarda futbolun inkişafı üçün cavabdeh olan hüquqi şəxsdir.
“...Müvafiq regionlarda futbolun inkişafı üçün cavabdeh olan hüquqi şəxsdir”. Olmağına cavabdehdilər, amma onlara bu şərait həqiqətən də yaradılırmı, lazımi dəstək verilirmi?
Daha bir maddə: Maddə 14 – Tabelik. Bu maddənin 3-cü bəndində yazılır:
3. AFFA-nın İcraiyyə Komitəsi Regional Futbol Federasiyası, Sahə Futbol Federasiyası, İctimai Futbol Təşkilatları və PFL-ə futbolun inkişafı ilə bağlı şərait yaratmaq üçün onlara hüquq və öhdəliklər verə bilər.
“Hüquq və öhdəliklər verilə bilər”. Bilər. Niyə verilmir?
Verilməlidi artıq. Bakıda oturub, mərkəzdən telefonla, onlayn şəkildə idarəetmə mexanizmi çoxdan işləmir. Yerli, həmin ərazini, regionu daha yaxşı tanıyanlara şans verməyin, onlara güvənməyin vaxtıdı, vədəsidi. İndi başlamayıb, nə vaxt başlanacaq?
Bütün futbola diqqət
Biz regionlarda futbolun inkişafı dedikdə, həmişə uşaq və böyük futbolunu düşünürük, bu da yanlışdı. Bəlkə də bunu 3-5 nəfərlə “həll etmək” olar. Bəs çimərlik futbolu? Bəs həvəskar futbol, bəs futzal, bəs minifutbol, bəs amputant futbolu, bəs qadın futbolu? Bəs məşqçilərin yetişdirilməsi? Bəs digər mütəxəssislərin yetişdirilməsi? Bəs yaralı yerimiz olan hakimlik? Bakıda oturub “hakim tapmırıq” deməklə iş həll olunmur. Bəlkə hansısa rayonda, kənddə gələcəyin böyük hakimi var, amma onun paytaxta gedib seçimlərə, təlimlərə qatılmağa, təcrübə toplamağa, bunun kimi bir sıra fəaliyyətləri yerinə yetirməyə sadəcə pulu yoxdu? Astaradan Bakıya gəlmək, burda bir neçə gün qalmaq asandı, daha az xərcə səbəb olur, yoxsa səhər həmin Astaradan adi marşrut avtobusu ilə Lənkərana gəlib müvafiq təlimlərdən keçib, axşam da həmin avtobusla evinə qayıtmaq? Cavab məlumdu. Bu abzasda sadalanan bu qədər işi bir nəfərlə, ciddi maliyyəsiz nə dərəcədə effektiv həll etmək sualının cavabı da eynidi. Yerli RFF-lərin daha geniş fəaliyyət göstərib, daha böyük işlərlə məşğul olmaq imkanı olsa, biz zirvəyə doğru məsafəni qısalda bilərik.
Nə olacaq?
Xülasə, mənim təklifim AFFA-nın AFF-dan həqiqi AFFA-ya çevrilməsi, öz nizamnaməsinin tələblərini tam yerinə yetirməyə başlamağa və adına uyğun addımlar atmağa, nəhəng mexanizmin bütün çarxlarının dönməsini təmin edərək güclü olmağa başlamasıdı. RFF-lərə büdcə ayırmaqla yerli qurumun öz regionunda möhkəmlənməsinə, ciddi dayaqlar tapıb qısa zamanda ayağa qalxmasına təkan vermək olar. Özü də bunu etmək üçün elə də böyük rəqəmə ehtiyac yoxdu. Bugünkü reallıqlara baxsaq, hətta deyərdim, simvolik rəqəmlərdi. Buna qayıdacam.
Beləliklə, Regional Futbol Federasiyalarının maliyyələşməsi yolu ilə strukturunun möhkəmləndirilməsi halında nələrə nail olmaq olar:
- regionda yeni iş yerlərinin açılması, bu yolla dövlətin müvafiq siyasətinə dəstək göstərilməsi;
- yeni kadrların yetişdirilərək ölkə futboluna qazandırılması, kəmiyyətdən keyfiyyətə keçidə doğru addım atılması;
- regionda daha çevik, daha effektiv idarəetmənin qurulması, rəqabət mühitinin yaradılması yolu ilə inkişafa təkan verilməsi;
- kütləvliyin artırılması, bütün təbəqələrdən olan insanların futbola cəlbi;
- regionda kənd, qəsəbə, rayon futbolunun coğrafiyasının daha da zənginləşdirilməsi, klub futbolu mexanizminin möhkəm təmələ əsaslanmasının təmini;
- regional çempionatların keçirilməsi, xüsusi rəsmi status alması və qaliblərinin birbaşa mərkəzi, ümumrespublika turnirlərinə - məsələn, II Liqaya birbaşa vəsiqə qazanmasının təmin edilməsi yolu ilə rəqabət səviyyəsinin qaldırılması;
- digər.
Pul məsələsi
Hazırda 8 Regional Futbol Federasiyası var (sənəddə 9-du, amma Gəncə RFF-in məsələsi müxtəlif səbəblərdən hələ “havadadı”). Bir neçə nəfər işçiyə maaş, kargüzarlıq, ezamiyyə və digər xərclərin ödənilməsini təmin etmək üçün o qədər də böyük maliyyə lazım deyil. Aylıq 10 min manat, deyək. Bu, illik 120 min manat deməkdi. Bu rəqəmi 8-ə vuranda isə, cəmi 960 min manat eləyir. Heç 1 milyon deyil. “Səbail”, “Araz-Naxçıvan” kimi hava klublarına dövlət ildə bundan az qala 7-8 dəfə çox pul verir. Əlavə 1 milyonluq xərclə (sonra duruma görə artırmaq da olar) dünya dağılmaz (bu pulu verib, güclü audit və təftişlə onun xərclənməsinə ciddi nəzarət etmək də lazımdı ki, bu da problem olmamalıdı). Elə bir rəqəmdi ki, indiki reallıqlarla heç müzakirə mövzusu olmağa belə yetmir. Ölkəmizdə bir sosial layihə olan futbola dövlətin bu qədər diqqəti varkən, ondan doğru istifadə etmək, maliyyəni gələcək proseslərə möhkəm təməl rolunu oynamasına şərait yaratmaq olar. Əvəzində, qısa müddətdə regionda futbolun həqiqi inkişafı təmin edilər. Hər dəfə “Premyer-Liqada region klublarının sayı artırılmalıdı” deyəndə, bunun süni yolla edilməsi gündəmə gəlməməli, əvvəlcə klub kəmiyyətini keyfiyyətə keçirmək üçün ən aşağılardan başlayıb, uşaqdan-böyüyə doğru addımlamalıyıq.
Mexanizm çox sadədi. Qalır, onu reallaşdırmaq.
Kənan Məstəliyev, “Rekord.az”