Ağakişi, yoxsa Federiko?!
- 19 Yan 2021 14:45
- 2396
44 günlük Vətən müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Qısa müddət ərzində vətən topraqlarını mənfur erməni işğalçılarından azad etdik, düşməni ildırım sürətiylə qaçmağa məcbur etdik, Şuşada üçrəngli bayrağımızı dalğalandırdıq. Biz bu müqəddəs savaşa xalq olaraq yumruq kimi birləşib qatıldıq. Ona görə də düşmən qarşımızda davam gətirə bilmədi, qısa müddətdə onu məğlubiyyətə düçar etdik. Hazırda işğaldan azad edilmiş ərazilərimizin normal həyata qayıtması üçün vacib işlər görülür. Daha bir vacib məsələ isə Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgərlərimizin qayğı ilə əhatə olunması, onların borcundan müəyyən qədər çıxılmasıdı.
Bu işə də dövlət bütün resurslarını səfərbər edib. Müdafiə Nazirliyində əsgər və zabitlərimizin, eləcə də şəhid ailələrinin problemləriylə maraqlanmaq, onları dinləmək üçün xüsusi komissiyalar yaradılıb. Amma təəssüflər olsun ki, AFFA gözümüzün önündə Qarabağ döyüşlərinin qəhrəmanlarından birinə hörmətsizlik edir. Diqqət yetirin, AFFA-da döyüşdən qayıdan əməkdaşlarla, futbol hakimləri ilə görüşlər keçirilir, Elxan Məmmədov onlarla şəkil çəkdirmək fürsətini əldən vermir. Di gəl ki, Ağakişi Mehdizadəyə qarşı eyni münasibətin şahidi olmuruq. Mehdizadənin səsini eşitmək, onu qəbula çağırmaq, lap elə günahı varsa belə, Vətən müharibəsindəki xidmətlərini nəzərə alıb, günahından keçmək bu qədərmi qəliz işdi?!
Kimdi bu Ağakişi Mehdizadə? "Neftçi"nin, "İnter"in və Gürcüstan millisinin sabiq məşqçisi, futbol analitikası sahəsində fərqlənən gənc azərbaycanlı. Adamın qabında nəsə olmasaydı, Kaxaber Tsxadadze onu “İnter”dən Gürcüstan millisinə aparmazdı. İndiyə qədər detalları açıqlanmayan müəmmalara görə Mehdizadəni futboldan uzaqlaşdırıblar. Adını da qoyublar ki, Ağakişi futbol qarşılaşmalarının əvvəlcədən razılaşdırılması prosesində iştirak edib. Detallar ortada yoxdu, nəyin və necə baş verdiyini bilmirik. Mən iddia etmirəm ki, Mehdizadə zamanında hansısa səhv buraxmayıb, günah etməyib. Amma bu məsələlərə belə prinsipial yanaşsaq, gərək Azərbaycan futbolunda cəzalanmayan adam qalmaya. Mehdizadə uzun müddətdi işsizdi, sevimli peşəsindən uzaq düşüb. Mənəvi cəzasını da yetərincə çəkib, maddi sıxıntıları da hiss edib. Bir əsgər kimi Ali Baş Komandanın çağırışına səs verib, Qarabağ döyüşlərində iştirak edib və yaralanıb. Yaralanandan sonra yenidən döyüşlərə qatılıb. Onun mənəvi keyfiyyətlərinə qiymət vermək üçün yetərli deyilmi?
Respublika Prokurorluğu 2018-ci ildə bu işə xitam verib. Məntiqlə AFFA da ondan sonra Ağakişinin cəzasını ləğv etməliydi. Çünki gənc mütəxəssisin günahı sübuta yetirilsəydi, onu məhkəməyə çıxarardılar. Mikayıl Nərimanoğlunun “Kəpəz”dəki yeyintiləri hamımızın yadındadı. Ortada danılmaz faktlar vardı. Hüquq-mühafizə orqanlarına müraciətlə bağlı sualdan şəxsən Elxan Məmmədov yayınmışdı, bildirmişdi ki, bunu “Kəpəz” edə bilər. Pulu yeyilən isə AFFA idi! “Kəpəz”in idarəçiləri də birbaşa AFFA tərəfindən təyin olunmuş adamlar. Deməli, şəxsən Elxan Məmmədov məsələnin ört-basdır edilməsinə çalışdı, məsələnin Azərbaycan qanunlarına uyğun həllində maraqlı olmadı. Olmaya, kürəyini UEFA-ya söykəyən Məmmədov yenə də Azərbaycanın məhkəmə-hüquq sisteminə etinasız yanaşır?
Azərbaycan millisində Federiko Turitsiani adlı bir italyan çalışır. Onun adına videoanalitik qoyub, xarici valyuta ilə maaş verirlər. Millimiz isə 5 oyunda qol vura bilmir. Federiko nəyi analiz edir? Niyə Vətən müharibəsinin qazisinə italyan qədər hörmət qoyulmur? Ümid edirəm ki, bu suallar səbəbkarların vicdanını sızladacaq!