Azərbaycan futbolunda Sumqayıtın xüsusi çəkisi hər zaman olub, bu gün də var. Zaman-zaman bu şəhərdən həm güclü futbolçular, həm də məşqçilər çıxıb, bu gün də bu ənənə davam edir. Sumqayıt futbolunun yetirmələri ölkənin həm milli komandasında, həm də iddialı klublarında forma geyiniblər. Bu futbolçuların bu səviyyəyə gəlməsində heç şübhəsiz ki, məşqçi əməyi də xüsusi yer tutur. Son 30-40 ildə Sumqayıt futbolu dedikdə ağla iki məşqçinin adı daha çox gəlir: Tofiq Rzayev, Ağamusa Bağırov. Tofiq müəllim artıq bir müddətdir ki, dünyasını dəyişib. Ağamusa Bağırov isə bu gün də aktiv fəaliyyətdədir, “Sumqayıt” Futbol Akademiyasında Azərbaycan futboluna yeni istedadlar bəxş etməkdə davam edir. Əsl adı Ağamusa olsa da, Sumqayıt futbol ictimaiyyəti uşaqdan böyüyə, ona Musa müəllim deyə müraciət edir. Musa müəllimin bu günlərdə 65 yaşı tamam oldu. Təcrübəli mütəxəssislə yubiley günündə biz də görüşüb geniş söhbətləşmək qərarına gəldik. İstərdik ki, bu şəxsi sizlərə də geniş şəkildə tanış edək.

 

- Musa müəllim, sıfırdan başlayaq…

- 1957-ci il sentyabrın 20-də Astara şəhərində anadan olmuşam. 1961-ci ildə, yəni 5 yaşım olanda ailəmiz Abşerom rayonu Saray qəsəbəsinə köçüb. 1964-cü ildə bu qəsəbədəki 1 saylı məktəbə getmişəm, 1974-cü ildə həmin məktəbi bitirmişəm. Məktəbi bitirəndən dərhal sonra hərbi xidmətə yollanmışam, 1975-77-ci illərdə hərbi xidmətdə olmuşam. Əmək fəaliyyətinə Mehdi Hüseynzadə adına stadionda başlamışam. Təlimatçı və baş təlimatçı vəzifələrində işləmişəm.

- Futbola gəlişiniz necə oldu?

- 1968-ci ildə, 11 yaşım olanda Saray qəsəbəsində məşqçi-müəllim Knyaz Əhmədovun rəhbərlik etdiyi bölmədə futbolla məşğul olmağa başlamışam. Ümumiyyətlə isə 1984-cü ilə kimi şəhər və Respublika miqyaslı yarışlarda iştirak etmişəm.

- Məşqçiliyə necə başladınız?

- 1980-ci ildə. Həmin vaxt 4 saylı MİS-də ictimai əsaslar üzrə məşqçi kimi işləməyə başladım. Bu arada deyim ki, özüm ali təhsilliyəm, ADBT institutunu bitirmişəm. 1984-87-ci illərdə UGİM-1 və “Spartak” cəmiyyətində məşqçi kimi fəaliyyətim olub.

- Biz size daha çox uşaq məşqçisi kimi tanıyırıq…

- Elədir. Amma deyim ki, böyüklərlə də kifayət qədər iş təcrübəm var. Özü də tək məşqçi kimi yox. Məsələn, 1987-89-cu illərdə SSRİ çempionatının II dəstəsinin 9-cu zonasında yarışan Sumqayıtın məşhur “Xəzər” komandasında, eləcə də “Vosxod”da məşqçilikdən əlavə komandanın inzibatçısı və rəisi vəzifələrində də çalışmışam. Bundan başqa, 1994-cü ildə Slovakiyada keçirilən 18 yaşadək futbolçular arasında Avropa çempionatında milli komandamızın meneceri olmuşam.

- Amma dediyim kimi, futbol ictimaiyyəti sizi daha çox uşaq məşqçisi kimi tanıyır…

- Çünki bu sahədə uzun illərə söykənən fəaliyyətimiz var. 1989-cu ildən aktiv olaraq uşaq futbolundayam. Həmin vaxt direktoru Kazbek Tuayev olan Respublika Futbol Məktəbi (PİOEUGİM) var idi və o məktəbdə məşqçi kimi işə başlamışam. 1996-cı ildən isə Sumqayıt şəhər İOEUGİM-də məşqçi və baş məşqçi kimi işləmişəm. 2010-cu ildən isə “Sumqayıt” klubunda çalışıram.

- Bildiyim qədəri ilə kifayət qədər beynəlxalq tədbirlərin də iştirakçısı olmusunuz…

- Bəli, elədir. Bu gün UEFA seminarları, sertifiktları çox dəbdədir və hər kəs ona yiyələnmək istəyir. Mən həmin sertifikatı 1994-cü ildə almışam. Məhz həmin ildə ilk dəfə Bakıda UEFA seminarı keçirildi. Analoji seminar 1998, 2000 və 2002-ci illərdə də keçirilmişdi və həmin seminarlarda da sertifikatlar almışam. 2004-cü ildən Beynəlxalq CCPA-OFFS layihəsinin Qafqaz dövlətləri üzrə təlimatçısıyam. 2006-cı ildə isə Norveçdə keçirilən “Grassrots Programme” UEFA seminarında iştirak etmişəm. 2004-14-cü illərdə bu layihə proqramında keçirilən seminarlarda, xarici ölkələrdə, Danimarka, Makedoniya, Bosnya və Hersoqovina və Gürcüstanda olmuşam.

- Məşqçi kimi qazandığınız uğurlar da az olmayıb…

- 1995-96-cı mövsümü Tofiq Rzayevlə birgə çalışdırdığımız “Gənclik-95” komandası var idi, yeni fəaliyyətə başlamışdı. Baxmayaraq ki, debüt ilimiz idi, bununla belə, “Həvəskarlar Liqası”nda 2-ci pilləni tutub I dəstədə oynamaq imkanı qazandıq. Uşaq futbolunda isə 1997-ci ildə 1980-81-ci il təvəllüdlü futbolçular arasında keçirilən ilk ölkə çempionatında 2-ci pilləni tutduq. Sonradan həmin yaş qrupundan olan əksər futbolçular ölkənin iddialı klublarında, milli komandada oynadı: Fərhad Vəliyev, Zaur Həşimov, Namiq Əliyev, Pərviz Bağırov, Ramin Hüseynov və s. 1998-ci ildə isə Yeniyetmələrin I Respublika oyunlarının qalibi olduq.  2000 və 2002-ci illərdə də analoji turnirdə II pilləni qazandıq. 2002-ci ildə isə 1984-85-ci il təvəllüdlü futbolçularımız ölkə çempionu adını qazandılar. Bu isə Sumqayıtın uşaq futbolu üçün mühüm hadisə idi. Həmin komandada Samir Abdulov, Vüqar Nadirov, Rəşad Kərimov kimi futbolçular oynayırdı.

- Nazim Süleymanov da sizin tələbəniz olub…

- Yox Nazim Süleymanov sırf mənim tələbəm olmayıb, rəhmətlik Tofiq Rzayevin tələbəsi olub. Yəni bizimlə paralel komandada olub, 1964-65-ci il təvəllüdlü futbolçuların komandasında. Amma olub ki, onları da yarışa aparmışam. Çox güclü heyətləri var idi və həmin komandamız 1981-ci ildə Respublika çempionu adını qazandı. Mən həmin vaxt köməkçi məşqçi idim.

- Nazim Süleymanovu futbolçu kimi necə xatırlayırsınız?

- Həddindən artıq çalışqan. Hamıdan əvvəl gəlib, hamıdan axırda gedirdi. Bir dəfə soruşdum ki, məşqdən sonra niyə yuyunmur, cavab verdi ki, müəllim, hələ krossum var, onu qaçıb gedib evdə yuyunacam. Demək bu adam dəniz kənarı ilə kross qaçaraq hamıdan qabaq məşqə gəlirdi məşqdən sonra qalıb hamıdan çox əlavə məşq edirdi və daha sonra yenə kross qaçaraq evə qayıdıb evdə yuyunarmış. Ona görə də Nazim Süleymanov oldu və getdi Rusiya çempionu oldu.

- Hazırkı dönəmdə uşaq futbolunun durumu sizi nə dərəcədə qane edir?

- İlk növbədə ondan başlayım ki, valideynlər uşaqların uşaqlığın əlindən alır. Çünki onların istəkləri ilə oturub-dururlar, erkən yaşda telefonlar, planşetlər, kompyuter və s. Bundan əlavə, uşaqların düzgün qidalanmır. Uşaq oyunları tamam unudulub. Ənzəlidən tutmuş, qaçdı-tutduya kimi. Bir sözlə, harmonik inkişaf var idi. Uşaqlar zəhmətkeş, çalışqan olurdu. İndi bunlar heç biri yoxdur. Hətta orta məktəblərin ibditadi siniflərində bədən tərbiyəsi dərslərini yığışdırıblar, keçmirlər. Sumqayıtda bir məktəbdə idman dərsi keçilir, o da rus bölməsinə. Müəllimdən soruşuram ki, Azərbaycan bölməsinə niyə keçmirsiniz, cavab verir ki, onların müəllimi istəmir, deyir ki, riyaziyyatdan zəifdilər, idmanın yerinə o saatı da riyaziyyat keçəcəm. Uşaq futbolunun əsas problemlərindən biri, məhəllə futbolunun olmaması, məhəllələrdə futbol meydançalarının azlığı. Futbolun kütləviliyi üçün əhalinin sıx yaşadığı məhəllələrdə futbol meydançaları tikilməlidir. Hətta klublar özləri böyük şəhərlərdə bunu etməlidir. Bu gün Sumqayıtda əksəriyyət uşağını Mehdi Hüseynzadə adına stadiona gətirir. "Sumqayıt" klubunun akademiyası burada fəaliyyət göstərir. Şəhərin elə məhəlləsi, elə yaşayış massivi var ki, ordan stadiona gəlmək üçün bəzən 2 marşurut dəyişirsən. Azyaşlı uşağı da ya valideyni, ya da babası, nənəsi gətirir. İki nəfərdin bir günlük gəlib-getmək xərci 2 manata çıxır. Həftədə 4 dəfə məşqə gəlsə 8 manat, aya isə 32 manat eliyir. Hər ailənin buna imkanı çatmır. Amma həmin ərazilərdə klublar öz bölmələrini açsalar, seleksiya baxımından klub üçün də rahat olar, uşaqların özləri üçün də. Bu gün Sumqayıtda böyük mikrorayonlar var, 17 mk, 18 mk, 9-cu mk. Hansı ki, stadiondan xeyli uzaqda yerləşir. Bundan başqa, telekanallar da gərək uşaq liqalarını mütəmaddi işıqlandıra, təbliğ edə. Uşaqları psixoloji zərbələrdən qorumalıyıq. Artıq U-9 liqasında nəticələrin hesablanması ləğv olundu. Belə də olmalıdır. Uşaq böyük hesablı məğlubiyyətin travmasını yaşamamalıdır. Uşaqlara yaradıcılıq sərbəstliyi verməliyik ki, beyinlərinin fantaziyasını meydançada sərbəst şəkildə ortaya qoya bilsinlər. Əvvəllər məktəblər arası futbol çempionatı keçirilərdi, mənzil istismar sahələrinin (JEK) çempionatı keçirilərdi. Bu gün bunların heç biri yoxdur. Uşaqlar orta məktəblərdə çox yüklənir. Bu gün ikinci növbədə oxuyan uşaqlar dərsdən sonra məşqə elə vəziyyətdə gəlir ki, bilirsən, ümumiyyətlə, imkan tapıb nə isə yeyə bilib, ya yox. O yüklənmədən sonra onun çıxıb rahat məşq etməsi də mümkün deyil. Uşaq məşqçiləri savadlı, zəhmətkeş olmalıdır, uşaqlarla düzgün davranmalıdır. Məşqçi başa düşməlidir ki, hər yetişdirdiyi yaxşı  futbolçu, həm də onun adıdır. Çünki uşaq gələcədkdə yaxşı futbolu olanda, müəllimini də tanıdır. Məsələ, Kamal Quliyev gedib Ukraynada o cür futbol oynamasa idi, kim idi məni tanıyan? Bu gün uşaq futbolunda problemlər çoxdur və danışsaq səhərə qədər danışa bilərik. Lazımdır ki, ortaya düzgün layihə, iş qoyub, bu problemləri həll edək.

 

 

Sonda Ağamusa müəllimin məşqçi kimi qazandığı bir sıra uğurları sizə təqdim edirik:

 

1989. Bakı birinciliyi (1976-77-ci il təvəllüd) – II yer.

1994. Bakı birinciliyi (1980-81-ci il t) – I yer.

1998. Yeniyetmələrin I Respublika oyunları (1980-81-ci il t.) – I yer.

2000. “Sevinc” kuboku, Respublika birinciliyi (1986-87-ci il t.) – II yer.

2000. Yeniyetmələrin II Respublika oyunları (1984-85-ci il t.) – II yer.

2002. Yeniyetmələrin III Respublika oyunları (1987-88-ci il t.) – III yer.

2003. “Sevinc” kuboku, Respublika çempionatı (1989-90-ci il t.) – II yer

Ölkə birinciliyi, I yer

2004. Yeniyetmələrin IV Respublika oyunları (1992-93-cü il t.) – II yer

2006. “Sevinc kuboku” – II yer

2007. Təhsil Nazirliyinin Kuboku –II yer

2008. “Sabahın ulduzları” – I yer

2012. Respublika çempionatı (1998-99-cu il t.) – I yer.

 

AFFA tərəfindən keçirilə yarışlarda qazanılan uğurlar:

2002. Respublika çempionatı (1984-85-ci il t.) – I yer.

2004. Azərbaycan birinciliyi, 16-17 yaş, “Xəzər” Sumqayıt, I yer.

2005. Azərbaycan birinciliyi, “Gənclərbirliyi” (1989-90-cı il t.) – I yer.

2007. Azərbaycan birinciliyi, “Sumqayıt” (1994-95-ci il t.) – III yer.

2011. U-14 liqası, “Sumqayıt” FK – III yer.

2022. Azərbaycan çempionatı, U15 lI yer, U-13 I yer.

 

RFFİB-nin “Regional” kuboku yarışlarının 3 qat qalibi. 1989-cu ildən Tofiq Rzayevlə birgə çalışmağa başlamış Ağamusa müəllim, milli komanda səviyyəsində futbolçuların yetişməsində böyük əmək sərf edib:

 

Kamal Quliyev, Rəşad Mustafayev, Şahin Şükürov, Zaur Hidayətov, Rəsul Məmişov, Samir Abasov, Elşən Poladov, Daşqın Alıyev, Namiq Əliyev, Ramil Hüseynov, Fərhad Vəliyev, Zaur Həşimov, Mahir Şükürov, Rauf Ələkbərov, Anar Niftəliyev, Rəşad Muradov, Rəşad Kərimov, Orxan Rəcəbov, Vüqar Quliyev, Vəfədar Quliyev, Əsgər Abbasov, Natiq Məmmədkərimov, Elmar Məmmədov, Vüqar Nadirov, Samir Abdulov, Ceyhun Fətəliyev, Bəhruz Zeynalov, Azər Aslanlı, Fərid Kərimzadə, Ramil Orucov, Tural Bayramlı, İsmayıl Babayev, Səbuhi Abdullazadə, Rüfət Abdullazadə, Samir Məhərrəmli, Rəhman Məmmədov, Sənan Ağayev, Xəyal Fərzullayev, Sərraf Yusifzadə, Elvin Yunusov, Sənan Əsədov, Mirmehdi Rzayev.

Bağırov işindəki naliyyətlərə görə  2013-cü ildə Respublikanın əməkdar məşqçisi, 2017-ci ildə isə Əməkdar Bədən Tərbiyəsi və İdman işçisi fəxri adına layiq görülmüşdü. Hazırda Şimal Regional Futbol Federasiyasının vitse-prezidentidir.

UEFA B kateqpriyasına sahib Ağamusa müəllim hazırda “Sumqayıt”Futbol Akademiyasında U-9-dan U-15-ə qədər komandaların koordinatoru vəzifəsində çalışır.