Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə idman fedarasiyaları üçün antidopinq mövzusunda seminar keçirilib.

Rekord.az xəbər verir ki, tədbir Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında baş tutub.

Nazirliyin İdman şöbəsinin müdiri Elnur Mammədov dopinqə qarşı mübarizənin idman ictimaiyyəti üçün əhəmiyyətini qeyd edərək seminarın idman federasiyalarının fəaliyyətində səmərəli olacağını bildirib. AMADA-nın direktor müavini Elnarə Rəsulzadə seminarın proqramı barədə məlumat verib.

AMADA-nın Hüquq şöbəsinin rəhbəri Fərhad Abasov antidopinqə dair hüquqi məsələlər haqqında təqdimatla çıxış edib. Təqdimat zamanı Antidopinq Qayda Pozuntuları, Ümumdünya Antidopinq Proqramı və Məcəlləsi haqqında ətraflı məlumat verilib.

Qadağan edilmiş siyahı, terapevtik istifadə üçün istisnalar və dopinq nəzarəti prosesi haqqında təqdimatlardan sonra tədbir iştirakçılarına Dopinq Nəzarəti Prosesi haqqında animasiyalı video nümayiş etdirilib.

Toplantının ikinci günündə də AMADA mütəxəssisləri müxtəlif mövzularda çıxış edib, iştirakçıların suallarını cavablandırıblar.