Ağsulular SOCAR-ın vitse-prezidentindən kömək istədi
- 28 Yan 2020 15:20
- 850
Ağsu rayonunun futbol ictimaiyyətinin nümayəndələri və ağsaqqallar azarkeşlər adından SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılova müraciət ünvanlayıblar.
Rekord.az xəbər verir ki, müraciətdə deyilir:
“Hörmətli Mikayıl müəllim. Diqqətinizə çatdırırıq ki, 2018-ci ildə yerli futbol həvəskarlarının təşəbbüsü ilə əsasən yerli gənclərdən ibarət, AFFA-nın Region Liqası layihəsi çərçivəsində “Ağsu Siti” komandası yaradılıb.
Elə həmin il 7 komandadan ibarət Mərkəz zonasında 1-ci yeri tutduq. Bu il də mövsüm davam edir və komandamız inamla qrupda liderdi.
Komanda artıq Ağsu gənclərinin sevimlisinə çevrilib. Ölkənin idman qəzetləri və saytları “Ağsu Siti”nin uğurlarından yazır. Bununla doğma Ağsumuzun adı yaxşılığa çəkilir. Bu bizi fərəhləndirir.
Komandanın yaradılmasında başlıca məqsəd ağsulu gəncləri pis vərdişlərdən, qeyri-sağlam həyat tərzindən yayındırmaq, onların idmana cəlb olunmalarına az da olsa, nail olmaqdı. Bu istəyə iki ildə müəyyən qədər nail olmuşuq. Amma daha da irəli getmək olar.
Məlumdu ki, istənilən komandanın sona qədər fəaliyyət göstərməsi, daha böyük uğurlar qazanması üçün maddi və mənəvi dəstəyə ehtiyac var. Biz stajlı futbol fanatları olaraq gücümüz daxilində nəsə edirik, lakin bu yetərli deyil.
Çünki ev və səfər oyunlarında futbolçuların qidalanması, oteldə qalması, nəqliyyat xərcləri, kənardan dəvət olunan bir neçə təcrübəli oyunçunun qonorarlarının ödənilməsi üçün əlavə vəsaitə ehtiyac var. Bu xərcləri qarşılamaq artıq çox çətindi. Komanda dağılmaq təhlükəsi ilə üz-üzədi.
Ona görə Mikayıl müəllim, xahiş edirik, kollektivimizi qəbul edəsiz və bizə dəstək verəsiz. Biz futbol sahəsində Ağsunun adının ucalmasını istəyirik”.