AİJF yazı müsabiqəsinin qaliblərini mükafatlandırıb
- 21 İyl 2020 23:02
- 1075
Görkəmli idman jurnalisti Mirpaşa Miriyevin 100 illik yubileyi münasibəti ilə elan edilmiş “Azərbaycan idman jurnalistikası: dünən, bu gün və sabah” mövzusunda yazı müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib.
Bu münasibətlə, iyulun 21-də Azərbaycan İdman Jurnalistləri Federasiyasının ofisində, karantin qaydalarına əməl etməklə keçirilən görüşdə AİJF-nin prezidenti Qabil Mehdiyev 22 İyul - Milli Mətbuat Günü münasibətilə idman jurnalistlərini təbrik edib. Q.Mehdiyev Mirpaşa Miriyevin 100 illiyi çərçivəsində görülən işlərdən, yazı müsabiqəsində iştirakçıların idman mediamızın problemləri ilə bağlı toxunduqları mövzulardan, idman mətbuatının bu günkü vəziyyəti və AİJF-nin planlarından danışıb.
O, qeyd edib ki, Gənclər və İdman Nazirliyi və AİJF Milli Mətbuat Günü münaisbəti ilə veteran idman jurnalistlərini də diqqət mərkəzində saxlayıb, onlara ərzaq sovqatı paylanıb. Q.Mehdiyev yaxın günlərdə federasiya üzvlərinə vəsiqələrin təqdim ediləcəyini bildirib.
Görüşdə iştirak edən AİJF-nin vitse-prezidenti Mahir Rüstəmli müsabiqəyə təqdim olunan yazılardan danışıb.
Daha sonra müsabiqənin qalib və mükafatçıları elan edilib. Sport24.az portalının baş redaktoru Ceyhun Əliyev müsabiqədə birinci yeri tutub. Səbuhi Musa (Oxu.az) ikinci, Kənan Məstəliyev (Rekord.az) üçüncü yerləri tutublar.
İlk üç yeri tutan jurnalistlərə, müvafiq olaraq, 500, 300 və 200 manat pul mükafatı, eləcə də, diplom və xatirə hədiyyələri təqdim edilib.