Allah ermənilərin evini yıxsın...
- 05 İyn 2022 09:53
- 999
Elə bir işin tərsliyindəndi. Hər dəfə millimiz kiməsə məğlub olub, bizi əsəbləşdirəndə, yerin dibinə soxanda mənfur qonşularımız ermənilər qələbə qazanır. Ondan sonra da bizim qəzəbimiz və dərdimiz ikiqat artır, özümüzə yer tapa bilmirik. İstəsək də, istəməsək də paxıllıq hissi bizə üstün gəlir, “niyə o əjdahadan bizdə yoxdu” sualına cavab axtarmağa başlayırıq. Amma nə mənası? İllərdi bu sualı özümüzə də, futbol mütəxəssislərinə də veririk. Lap cavabını tapsaq belə, dəyişən heç nə olmayacaq. Əsas odu ki, AFFA-nın boz binasında oturanları belə suallar narahat etmir.
Dünən də belə oldu. Biz Qazaxıstana uduzduğumuz oyunun üzüntüsünü yaşamaqdaykən “dığalar” İrlandiyanı İrəvandan xalsız yola saldılar. İrlandiyanın adı bizə o qədər tanışdı ki... “Yaşıl geyimli oğlanlar” ötən ilin sentyabrında bizimkiləri Bakı Olimpiya Stadionunun qazonunun ortasında yerə sərib, üstümüzdən üç dəfə o tərəfə - bu tərəfə keçdilər, qapımıza da 3 cavabsız top vurdular. Həmin məğlubiyyətdən sonra italyan baş məşqçimiz Canni De Byazi köhnə nəğmələrini oxumuş, rəqibin səviyyəsindən, FİFA-nın reytinq cədvəlində bizdən öndə olmasından danışmışdı. Üstünü toz basmış köhnə qrammafon sayağı.
Qazaxıstan millisi bizimlə oyun öncəsi əsas heyətin az qala bütün üzvlərini itirmişdi. Məhəmməd Adiyev isə milli komandanı baş məşqçi statusuyla ilk dəfə meydana çıxarırdı. Bütün şərtlər bizim lehimizə sayılırdı. Amma biz saydığımızı sayaq, görək qazaxlar nə sayır. Qazaxların nə saydığını 90 dəqiqəni sonunda bildik. Qapımızı iki qol sayıb, 3 xal qazandılar. Biz yenə də “0”da qaldıq. Həm qol, həm də xal sayında. Ekskluziv yayım hüquqlarını əlində cəmləşdirməsiylə öyünən “CBC Sport”un sayəsində oyuna düz-əməlli baxmaq, meydanda nəyin baş verdiyini görmək də mümkün olmadı. Guya ki, baxmaqla nəsə dəyişəcəkdi? Necə deyərlər, biz bu filmləri çox görmüşük. Hər dəfə bəxt bizdən üz döndərib rəqib tərəfə gedir və nəticədə biz məğlub oluruq. Yaxşı ki, bu dəfə Adiyev Canni De Byazinin cavabını birbaşa verib. İtalyan təqaüdçünün bundan sonra danışmağa, bəhanə axtarmağa üzü də qalmadı.
Maksim Medvedev özü etiraf edir ki, artıq yorulub, həm klubda, həm də millidə oynamağa çatdırmır. “Milliləşdirdiyimiz” Bədavi Hüseynovun da gücü tükənir, heç “Qarabağ”da düz-əməlli meydana çıxmır. Dmitri Nazarovun, Eddi İsrafilovun, Renat Dadaşovun səviyyəsi bəllidi. Mahir Emreli millidə itib-batır. Bir sözlə, problemlər boğaza kimidi. Bütün bunları analiz edəcək, çıxış yolları axtarıb tapacaq enerjili, ağıllı bir baş məşqçiyə ehtiyacımız var. Bizim Canni De Byazi isə məsul oyunlara Riad Rəfiyevin bağında sac qovurub, kabab bişirib şərab nuş etməklə hazırlaşır. Belədə biz millimizdən hansı nəticəni gözləyə bilərik? Onsuz da öyrəncəliyik. Bir neçə gün danışıb, hər şeyi unuda bilərik. Amma bu “dığalar” imkan vermir. Hər dəfə biz uduzanda onlar qalib gəlir, ürəyimizdən qara qanlar axır. Allah ermənilərin evini yıxsın...