Almeyda “Qarabağ” və Bakı üçün darıxır MÜSAHİBƏ
- 14 Mar 2020 12:00
- 770
Rekord.az xəbər verir ki, qışda “Qarabağ”ı tərk edib BƏƏ-yə yollanan Riçard Almeydanın yeni komandasındakı işləri pis getmir.
Açığı, yığmamızın üzvünün “Baniyas”a öyrəşmək üçün vaxt itirəcəyini düşünür, belə asanlıqla uyğunlaşacağını gözləmirdik.
Lakin solaxay yarımmüdafiəçi sanki uzun illərdi ərəb ölkəsində çıxış edirmiş kimi oynayıb qısa zamanda aparıcı fiqura çevrilə bildi. İndi o həm klub rəhbərliyinin, həm əbu-dabili futbolsevərlərin, həm də baş məşqçi Vinfrid Şeferin sevimli oyunçularındandı.
Riçardla çoxdan, hələ “Qarabağ”ı tərk edən gündən danışmaq istəyirdik. Lakin hər dəfə ortaya müxtəlif əngəllər çıxır, səmimi desək, müsahibədən yayınmağı bacarırdı.
Danışmaq üçün zamana ehtiyac duyduğunu deyib, gözləməyimizi xahiş edirdi. Nəhayət, onunla danışmaq mümkün oldu. Amma bir şərtlə: “Qarabağ”dan ayrılmaq mövzusunun üstündən keçməliyik.
- İsti BƏƏ-də, yeni komandada özünü necə hiss edirsən?
- Hər şey qaydasındadı, elə bir çətinliyim yoxdu. Özümü olduqca yaxşı hiss edirəm. Düzdü, hava şəraiti ilə bağlı ilk günlər bir az çətinlik vardı. Lakin qısa müddətdə uyğunlaşdım. Oynayıram, komandama kömək etməyə çalışıram.
- “Baniyas”a olduqca tez uyğunlaşdın. Və ilk günlərdən komandanın aparıcı fiquruna çevrildin. Resepti deyə bilərsən?
- İnsanın özündən çox şey asılıdı. Heç nədən qorxmamalı, özünə güvənməlisən. Təbii, belə olmasında getdiyin yerdə sənə olan münasibət də vacib rol oynayır. “Baniyas”dakı ilk gündən komanda yoldaşlarım, məşqçilər heyəti və klubda çalışanlar mənə çox kömək etdilər. Biri məsləhət verir, bir başqası yol göstərir, kimlərsə yanımda olduqlarını göstərirdilər. Məhz bunların nəticəsində hansısa problemlə üzləşmədim. BƏƏ-də özümü olduqca rahat hiss edirəm.
- 2010/11 mövsümündə “Bakı”nı çalışdıran Vinfrid Şefer səni yaxından tanıdığını və güvəndiyini demişdi. Maraqlıdı, sən alman çalışdırıcı haqda nə bilirdin?
- Şefer “Bakı”da işləyəndə mən Azərbaycanda oynamırdım. Ona görə də bura gələnə qədər şəxsi tanışlığım yox idi. Sadəcə, Azərbaycanda çalışdığını eşitmişdim. Haqqımda məlumatlı olması normaldı. Kluba futbolçu təklif olunursa, baş məşqçi onu tanımağa çalışır, oyunlarına baxır. Deyərdim ki, çox yaxşı məşqçidi. Yeri gələndə tələbkar olur, yeri gələndə zarafat etməyi bacarır. Bizimlə bir növ dost kimidi. Şəxsi söhbətimizdə mənə “Bakı”da çalışdığını dedi, Azərbaycanı və Bakını təriflədi, darıxdığını söylədi.
- Komanda yoldaşların Azərbaycan futbolu haqda sual verir, maraqlanırlar?
- Düzünü desəm, “Baniyas”dakı futbolçuların Azərbaycan futbolu haqda bildikləri əsasən “Qarabağ”ın avrokuboklardakı nəticələri ilə bağlıdı. Xüsusən də Çempionlar Liqasının qrupunda çıxış etməyimizin yaxşı reklam olduğunu hiss edirəm. Yeni gəldiyim vaxtlarda komandanın inkişafı və görülən işlər barədə soruşurdular.
- “Qarabağ”ın oyunlarını izləmək imkanın olur? Nəticələrlə maraqlanırsan?
- Düzünü deyim? “Qarabağ”ın bir oyununu da buraxmıram (gülür). Bacardığım qədər oyunları internet üzərindən izləməyə çalışıram. Hətta bu baş vermədikdə belə, nəticələri diqqətdə saxlayıram. Sevinirəm ki, “Qarabağ” liderdi, “Neftçi”dən 8 xal öndədi. Sabah BƏƏ-də yox, başqa yerdə olsam belə, “Qarabağ” mənim üçün ailəm olaraq qalacaq. Mən orda çox şey öyrənmişəm. Buna görə məşqçilərimə, komanda yoldaşlarıma və klubda çalışan dostlarıma təşəkkür edirəm. “Qarabağ” təkcə klub deyil, ora həm də futbol məktəbidi, bilmədiklərini öyrənirsən.
- Belə başa düşdüm ki, sabiq komandanın hazırkı durumu ürəyincədi.
- “Qarabağ”da heç nə dəyişməyib. Həmin komandadı, həmin oyundu. Qurban Qurbanov ordadısa, futbolçu dəyişiklikləri ilə ciddi mənada heç nə baş verməyəcək. Qış fasiləsindən sonrakı oyunlar, vurulan qolların sayı və turnir cədvəlindəki vəziyyət komandanın hazırkı durumunu göstərir. Baxarsız, bu cür də davam edəcək.
- Səmimi de, “Qarabağ” və Azərbaycan üçün darıxırsan?
- Bu sual bir az gözlənilməz oldu. Adətən, jurnalistlər futbolçuya cavabını bilmədiyi sualları verirlər (gülür). Əlbəttə, darıxıram. Az öncə dediyim kimi, ora mənim ailəmdi, bir insanın ailəsi üçün darıxmaması isə mümkünsüzdü. Ordakı dostlarım üçün darıxıram. “Qarabağ”da xoş günlərim olub, uğurlu nəticələrə imza atmışıq. Üstəlik, hamıyla qardaş olmuşam. Həmçinin Bakıdakı günləri də xatırladıqca darıxıram.
- Kimlərlə əlaqə saxlayırsan?
- Hamı ilə, futbolçularla və məşqçilərlə. “Qarabağ”dan ayrılmağım o demək deyil ki, əlaqəmi kəsmişəm. Yenə yeni münasibətdi, sadəcə, bir-birimizdən uzaq düşmüşük. Ümid edirəm ki, “Qarabağ” çempion olacaq və mən medalımı almaq üçün Azərbaycana gedəcəm.
- Martın sonunda yığma üzvləri təlim-məşq toplanışında bir araya gələcək, milli yoldaşlıq görüşləri keçirəcək. Gələcəksən?
- Bu tək məndən asılı olan məsələ deyil. Gərək dəvət olsun ki, gedim. Çağırsalar, istənilən vaxt milliyə kömək etməyə hazıram.
- Və son günlərin aktual mövzusu. Yığmanın “sükan”ı boş qalıb deyə, yeni baş məşqçinin kimliyi ilə bağlı müzakirələr davam edir. Namizədlərdən biri də Rəşad Sadıqovdu...
- Rəşadın xətrini sözlə ifadə edə bilməyəcəyim qədər çox istəyirəm. Peşəkar və möcüzəvi adamdı. Düzdü, qərarı biz yox, AFFA rəhbərliyi verir. Amma bir futbolçu kimi bu mövzuda fikrimi soruşsalar, Rəşadın yığmanın baş məşqçisi olmasına “hə” deyərəm. Futbolu dərindən bilir, futbolçuların psixologiyasına bələddi və ən əsası, azərbaycanlı oyunçuları yaxından tanıyır. Məncə, baş məşqçi kimi yığmada uğur qazana bilər. Sadəcə, güvənmək və bir az vaxt vermək lazımdı. Ümid edirəm ki, rəhbərlik Sadıqova şans verəcək (Futbol+).