AMADA-dan “Fərqli” hesabat
- 01 Okt 2021 18:20
- 784
Azərbaycan Milli Antidopinq Agentliyi şəffaflıq və hesabatlılıq prinsiplərinə sadiq qalaraq 2020-ci il ərzindəki fəaliyyətinə dair ətraflı məlumatların yer aldığı hesabat jurnalı dərc edib.
Rekord.az xəbər verir ki, 2020-ci il COVID-19 pandemiyası bütün sahələrə olduğu kimi dopinq nəzarəti sahəsinə də öz təsirini göstərib.
Pandemiyanın gətirdiyi məhdudiyyətlər və yaratdığı reallıqlar digər illərlə müqayisədə tamamı ilə yeni və fərqli şərait yaradıb. Elə buna görə də AMADA 2020-ci ildə fəaliyyətini pandemiyanın yaratdığı reallıqlar əsasında qurub, tətbiq olunan məhdudiyyətləri nəzərə alaraq fəliyyətinin davamlılığını və effektivliyini təmin etmək üçün çevik qərarlar qəbul edib. Qabaqcıl təcrübələrin və innovativ üsulların tətbiqinə hər zaman xüsusi əhəmiyyət verən AMADA bu istiqamətdə öz fəaliyyətini daha da təkmilləşdirib. Dopinq nəzarəti testlərinin götürülməsi prosesi idmançıların və nümunə toplama heyətinin təhlükəsizliyinin təmin olunması məqsədi ilə tələblərə tam uyğun şəkildə həyata keçirilib.
Dopinq nəzarətinin ən mühüm vasitələrindən olan antidopinq maarifləndirməsi əsasən distant üsulla olmaqla fasiləsiz təşkil edilib. Hesabat ilində maarifləndirmə işlərində Ümumdünya Antidopinq Məcəlləsinin tətbiqi ilə bağlı məsələlər xüsusi yer tutub və AMADA bununla bağlı üzərinə düşən öhdəlikləri əvvəlcədən hazırlanan mərhələli proqram əsasında tam və vaxtında icra edib.
2020-ci il ərzində AMADA qlobal antidopinq hərəkatında da aktiv iştirak edərək bir sıra beynəlxalq layihələri uğurla həyata keçirib, beynəlxalq tərəfdaşlarla keçirilən çoxsaylı görüşlər, imzalanan müqavilələrlə əməkdaşlığı daha da genişləndirib.
2020-ci il Azərbaycan üçün həm də zəfər ili kimi tarixə düşüb. Vətən müharibəsində əldə edilən şanlı qələbə eyni zamanda ədalətin yenidən bərqərar olması idi. AMADA Vətən müharibəsində əldə etdiyimiz böyük zəfərə kiçik də olsa, töhfə vermək üçün müxtəlif yardım və təbliğat tədbirləri həyata keçirib.
Göründüyü kimi, 2020-ci il dünya və Azərbaycan üçün mənfi və müsbət hadisələri ilə yaddaqalan və fərqli olub. AMADA bu il ərzindəki fəaliyyətində innovativ və qabaqcıl yanaşmaları tətbiq edərək fərq yaratmağa çalışıb. Elə buna görə də, 2020-ci ilin yekunlarına həsr olunmuş hesabat “Fərqli” adlandırılıb. AMADA-nın fəaliyyəti ilə bağlı ətraflı və təfərrüatlı məlumatların yer aldığı hesabat jurnalının elektron versiyası Azərbaycan və ingilis dillərində AMADA-nın rəsmi internet saytında yerləşdirilib.