AMADA idmançılara dəstək məqsədilə nümunələr hazırlayıb
- 17 Noy 2020 18:20
- 756
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) idmançıların antidopinq sahəsində hüquqi öhdəliklərinin yerinə yetirilməsinə kömək məqsədi ilə yeni nümunələr hazırlayıb.
Rekord.az xəbər verir ki, bu, idmançılara öz kareyraları ilə bağlı verdikləri qərarları hüquqi cəhətdən asanlıqla rəsmiləşdirməyə imkan verir.
Qeyd olunub ki, hər bir peşəkar idmançı öz karyerası və hərbi xidmətlə bağlı idmanı tərk etmə, idmana qayıtma, idman növünü dəyişmək barədə qərar qəbul edə bilər. Amma bu, antidopinq qaydaları əsasında həyata keçirilməlidir: "İdmanı tərk etmə, idmana qayıtma idman növünü dəyişmə, federasiya üzvlüyündən çıxarma halları beynəlxalq səviyyədə qəbul edilmiş qaydalarla tənzimlənir və həmin hüquqi prosedurlar düzgün formada icra edilməlidir. Bu, idmançının peşəkar karyerasını davam etdirə bilməsi baxımından əhəmiyyətlidir".
Qaydalara əsasən, idmançı idmanı tərk etdiyini rəsmi şəkildə AMADA-ya bildirməyibsə, o, test nümunəsinin götürülməsinə cəlb edilə bilər: "Bu zaman o, idmanı tərk etdiyini əsas gətirərək test nümunəsi verməkdən imtina edərsə, sanksiyaya məruz qala bilər. Yaxud idmanı tərk etmiş idmançı yenidən idmana qayıtmağını bildirdikdən dərhal sonra yarışlarda iştirak edərsə, onun nəticələri ləğv edilə bilər. Çünki həmin idmançı ən az 6 ay əvvəl bu qərarını rəsmi şəkildə bildirməli və dopinq nəzarətinə götürülməlidir. Barəsində sanksiya qərarı olan idmançı isə idmanı tərk edərsə, sanksiya müddəti dondurulur və o, idmana qayıtdıqdan sonra sanksiyanın icrası davam edir".
Bildirilib ki, hərbi xidmətə gedən idmançının bununla bağlı AMADA-nı məlumatlandırması vacibdir: "Çünki peşəkar idmançıların məkan məlumatlarının verilməsi, testlərə cəlb olunması və digər öhdəlikləri var. İdmançı hərbi xidmətə getməsi ilə bağlı AMADA-nı məlumatlandırdığı təqdirdə onunla bağlı dopinq nəzarəti tədbirləri müvəqqəti olaraq dayandırıla bilər. İdman növünü dəyişmə və federasiya üzvlüyündən çıxarılama qərarlarının bildirilməsi də dopinq nəzarətinin həyata keçirilməsi baxımından vacibdir. Bu, test planlaşdırılması, idmançı ilə bağlı məlumatların doğru ünvana göndərilməsi, idmançının və federasiyanın AMADA-nın göndərdiyi rəsmi məktublardan vaxtında xəbərdar olması və sair məsələlər baxımından vacibdir".
Sözügedən məsələlərlə bağlı məlumatlar AMADA-ya təqdim edilmədiyi təqdirdə, bu, müəyyən hüquqi nəticələrə səbəb ola bilər.
Göründüyü kimi, idmançıların karyeraları ilə bağlı verdiyi qərarların hüquqi cəhətdən rəsmiləşdirilməsi mürəkkəb prosesdir və bunun icrası hüquqi biliklər və vaxt tələb edir.
AMADA məsələnin əhəmiyyətini nəzərə alaraq idmançıların işini asanlaşdırmaq məqsədi ilə 5 sadə nümunə (idmançılar üçün: İdmanı tərk etmə forması, İdmana qayıtma forması, İdman növünün dəyişməsi forması, Hərbi xidmət haqqında forma, respublika idman federasiyaları üçün: Federasiyada üzvlükdən çıxarılma forması) hazırlayaraq rəsmi internet səhfəsinə yerləşdirib (https://amada.az/legal/idmancilar-ucun-formalar/). Bu nümunələrdə müraciətlə bağlı hüquqi prosedurlar, qaydalar və tələb olunan məlumatlar ətraflı şəkildə əks olunub. Nümunəni dolduran idmançı məlumatların düzgünlüyünə tam təminat verir və buna görə məsuliyyət daşıyır. İdmançının təqdim etdiyi forma AMADA tərəfindən təsdiqləndikdən sonra qərar rəsmiləşmiş hesab olunur.
AMADA üçün idmançıların hüquqlarının qorunması, onların idman fəaliyyətinin hüquqi cəhətdən düzgün təşkili prioritetdir. Elə buna görə də idmançılara dəstək xarakterli layihələr davamlı şəkildə həyata keçiriləcək.