AMADA-nın təcrübəsi milli olimpiya komitələrinə nümunə göstərilib
- 12 Fev 2024 16:00
- 223
Beynəlxalq Test Agentliyi (ITA) Paris-2024 Yay Olimpiya Oyunları öncəsi milli olimpiya komitələri üçün təmiz idman üzrə təlimatı zamanı Azərbaycan Milli Antidopinq Agentliyini (AMADA) nümunə göstərib.
Rekord.az xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin tərəfdaşlığı, Ümumdünya Antidopinq Agentliyinin (WADA) dəstəyi ilə hazırlanan təlimatda ITA 6 ölkənin və 1 regional təşkilatın təcrübəsindən yararlanıb.
AMADA-nın təhsil şöbəsinin fəaliyyətinə də geniş yer verilib. Qurumun təhsil proqramlarının WADA-nın tələblərinə uyğun şəkildə təşkili, düzgün maarifləndirmə siyasətinin aparılması, dopinqin zərərlərinin idman ictimaiyyətinə dolğun və düzgün çatdırılması milli olimpiya komitələrinə nümunə kimi göstərilib.
Həmçinin AMADA-nın təhsil üzrə proqramlarından hazırlanmış videoçarxlar da təqdim olunub.
Qeyd edək ki, AMADA 2023-cü ildə 3000 nəfəri əhatə edən təhsil proqramları çərçivəsində 52 maarifləndirmə seminarı, 17 vebinar, 6 kütləvi təşviqat tədbiri və 5 tədbir keçirib.