Anar Hüseynov: “Belə davam etsək, ağır atletikanı parlaq gələcək gözləyir” MÜSAHİBƏ + FOTO
- 14 İyl 2023 15:20
- 698
“Qadağan olunmuş maddələrdən istifadə edənlər ədalətsiz davranırlar, başqalarının əməyini oğurlayırlar. Belələri bizim ailənin üzvü ola bilməzlər. Bu məsələdə mövqeyimiz sərtdir, dönməzdir”.
Bunu Oxu.Az saytına müsahibəsində Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) İdarə Heyətinin sədri Anar Hüseynov deyib.
Müsahibəni təqdim edirik.
- Yeniyetmələrdən ibarət Azərbaycan yığması Avropa birinciliyində uğurlu çıxış edərək 14 medal - səkkiz qızıl, dörd gümüş və iki bürünc medalla Vətənə döndü. Tarixi nəticədir. Buna necə nail olundu və sizin üçün gözlənilən idimi?
- Təvazökarlıqdan uzaq olsa da, deyə bilərəm ki, bəli, gözləyirdik. Çünki buna addım-addım, planlı şəkildə irəliləyirdik. Tək bu yox, digər yaş qrupları və digər bütün yarışlarda olduğu kimi. Hər detala diqqətlə yanaşırıq. Yeniyetmə idmançılar isə xüsusi diqqət tələb edən qrupdur. Yaşları çox azdır, əksəriyyətinin ilk beynəlxalq yarışıdır, həyəcan hissi real gücü göstərməyə mane ola bilər. Rəhbərlikdən ən kiçik vəzifəni tutan şəxsə qədər komanda şəklində işləməliyik ki, uğur qazana bilək. Görünən odur ki, işimizin öhdəsindən gələ bilmişik. Bu yarışda Amin Osmanov, Turan Əliyev, Yunis Bayramov, Ravin Alməmmədov, Hüseyn Heydərov və Muhammədəli Məmmədzadə medallar əldə etdilər. Heydərov və Alməmmədov isə müvafiq olaraq 15 və 17 yaşa qədər mütləq sıralamada Avropanın ən güclü idmançıları adını da qazandılar. Bizə işimizdə dəstək olan hər kəsə, dövlətimizə, xüsusilə daim diqqət və qayğı nümayiş etdirən dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirik.
- Görünən odur ki, yeni nəsil idmançıların yetişdirilməsi əsas hədəfinizdir…
- Bəli, ilk gündən işə başlayanda hazırladığımız strateji planın əsas qayəsi məhz gənc nəsil idi. Anlayırıq ki, köhnə idmançılar təcrübələri hesabına müəyyən uğurlar qazana bilərlər. Ancaq bu işin davamlı olması üçün təzə, yeni düşüncəli nəsil gəlməlidir. Bunun üçün ilk günlərdən ən üst rəhbərlik səviyyəsində regionlara səfərlər edildi, rayonlarda infrastruktur qurulmağa başladı, 20-yə yaxın klub təsis edildi, avadanlıq və mütəxəssislərlə təminat işi həll edildi, respublikadaxili yarışlar ən yüksək səviyyədə təşkil olundu və bütün bunlar bütün yaş qrupları üzrə yığma komandaların heyətinin qısa zamanda formalaşdırılması, beynəlxalq arenaya çıxarılması üçün imkan yaratdı. Federasiyamızın sabiq prezidenti İnam Kərimovun başlatdığı strateji düşüncəni, bir günlük yox, mütəmadi və ardıcıl qələbələr üçün yeritdiyi siyasəti də qeyd etməliyik. Məhz bu yolla işimizi davam etdirərək qələbələrə nail ola bilir, hərtərəfli güclü olmağı bacarırıq. Yeniyetmələrdə nəticə ortadadır. Artıq növbə daha yuxarı yaşlarındır.
- Orada durum necədir?
- Eyni planla hərəkət edirik. Bu ayın sonunda Rumıniyada gənclər arasında Avropa birinciliyi, sentyabrda isə Səudiyyə Ərəbistanında böyüklər arasında dünya çempionatı var. Əzmlə hazırlaşırıq və deyərdim ki, uğur qazanmaq şansımız az deyil.
- Təbii ki, ağla ilk olaraq Olimpiya Oyunları gəlir.
- Bəli, hamını bu maraqlandırır. Biz də Parisdəki Olimpiadaya lisenziya qazanmaq üçün çalışırıq, bunun üçün bütün yarışlarda iştirak edirik. Amma onu da anlayırıq ki, bu, asan iş deyil. Çünki meyarlar, şərtlər çox sərtdir. Ən yaxşıların yaxşıları lisenziya qazana biləcəklər. Fransaya yollanmaq üçün öz çəki dərəcəsində 10 ən güclü atletdən biri olmaq lazımdır. Böyük rəqabəti nəzərə alsaq, bu iş asan görünmür.
- Hansı idmançılarımızı Parisdə görə bilərik?
- Ad çəkmək istəməzdim. Sadəcə, deyə bilərəm ki, biz tam gücümüzlə çalışırıq. Səbirli olmalıyıq. Həm də hər şeyi yalnız, xüsusilə də gələn il keçiriləcək Olimpiada ilə də ölçməməyin tərəfdarıyıq. Cəmi bir ildir işin başındayıq və pandemiyanın yaratdığı böyük fəsadları bu qədər qısa müddətdə aradan qaldırmaq və zirvə üçün yarışmaq asan iş deyil. Biz həm də Los-Anceles Olimpiadasını düşünürük. Yeniyetmələrin uğurlarının əhəmiyyəti məhz budur.
- Fəsadlar həm də dopinqlə bağlı ola bilir…
- Dopinq bütün dünya ağır atletikasının bəlasıdır. Biz AAAF olaraq bu məsələdə çox sərt mövqe seçmişik və “dopinqsiz də mümkündür” şüarı ilə yola çıxmışıq. Qazanılan uğurlarımız da bunu sübut edir. Sonradan əlindən alınacaq Olimpiya medalı, dünya və ya Avropa çempionluqları bizə lazım deyil. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə qeyd edib ki, biz əsas qələbəmizi döyüş meydanında qazanmışıq və bunu öz gücümüzlə etmişik, bizə başqa yollarla qələbələr lazım deyil. Bu baxımdan Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilə sıx əməkdaşlığımızı qeyd edə bilərik. Təşkilat da fəaliyyətimizi təqdir edir və bu istiqamətdə ən yaxşılar sırasında olduğumuzu bildirirlər. Qadağan olunmuş maddələrdən istifadə edənlər ədalətsiz davranırlar, başqalarının əməyini oğurlayırlar. Belələri bizim ailənin üzvü ola bilməzlər. Bu məsələdə mövqeyimiz sərtdir, dönməzdir.
- Ümumiyyətlə, ağır atletika ilə bağlı bir çox stereotiplər var.
- Zədələr, boyun balaca qalması… (gülür)
- Bəli.
- Qısa deyim: eşitdiyiniz bütün stereotiplər yanlışdır. Sadəcə, rəsmi rəqəmlərə və faktlara baxmaq yetərlidir. Ağır atletika ən çox zədə alınan idman növləri arasında heç 20-ci deyil. Düzgün məşq etdikdə, peşəkar davranıldıqda zədə ehtimalı minimumdur. Boy məsələsi də stereotipdir. Əksinə, biz idmançılarımızın boyunun çox tez artmasının problemini yaşayırıq. Elmdə sübut olunub ki, onurğa sütununa yüklənmə zamanı boy hormonu ifraz olunur və boy artımına səbəb olur. Əsas olan insanın çəkisi ilə boyunun proporsional olmasıdır. Ağır atletika üzrə yığma komandamızın üzvləri yetərincə hündürboydurlar. Ən tanınmış idmançımız - Dadaş Dadaşbəylini misal göstərək. Boyu 190 sm-dən yuxarıdır.
- Yeri gəlmişkən, ağırçəkili idmançıların azlığı Azərbaycan idmanının ümumi problemidir. Bu, güləşdə də, cüdoda da, digər idman növlərində də belədir. Sizdə bu iş nə yerdədir?
- Biz bunun səbəblərini öyrənmişik, ona uyğun davranırıq. Ağırçəkili idmançılarla iş səbir tələb edir. Çünki onlar ən ağır çəkiləri qaldırır, davamlı uğur qazanmaq ehtimalları az olduğundan xüsusilə mənəvi cəhətdən çətinliklər yaşayırlar. Səbirli olmalı, daimi qayğı ilə əhatə olunmalıdırlar. Burada iş daha çox məşqçilərin üzərinə düşür. Təcrübəli mütəxəssislər prosesi nəzarətdə saxlamalı, müvafiq çalışmaları etməlidirlər.
- Azərbaycanda ağır atletikanın gələcəyi necə görünür?
- Belə davam etsək, ağır atletikanı parlaq gələcək gözləyir. Gələcəyə təməl qoyur, istər idmançı resursu, istərsə də infrastruktur baxımından strateji fəaliyyət həyata keçiririk. Bu günü də unutmuruq. Yığma komandalarımız mütəmadi təlim-məşq toplanışları keçir, lazım olan bütün şəraitlə təmin edilirlər. Ümumilikdə idmanımızın inkişafı üçün çalışan qurum və onların rəhbər şəxslərinə minnətdarlığımızı bildiririk. Gənclər və idman naziri Fərid Qayıbov və onun müavini Mariana xanım Vasilevanın dəstəyi haqda da bildirməliyik. Çünki sıx əməkdaşlığımız, bizim bütün çətinliklərimizlə yaxından maraqlanmaları, dəstək üçün imkanlarını səfərbər etmələri bizi həvəsləndirir, çalışmağa sövq edir. Əminik ki, bütün idman ictimaiyyəti ilə birlikdə biz ağır atletikanı zirvələrə qaldıracaq, onun parlaq gələcəyini təmin edə biləcəyik.