Anderssondan sonra kim getsin?
- 19 Sen 2024 13:06
- 759
“Neftçi” isveçli idman direktoru Yens Anderssonu yola saldı. Klub ona fəaliyyətinə görə təşəkkür edib, yolların qarşılıqlı razılıq əsasında ayrıldığını deyir. Amma qundaqdakı körpə də bunun belə olmadığını bilir. Hələ ayrılıq xəbərindəki “Bu qərarın komandanın son həftələrdə göstərdiyi nəticələrlə əlaqədar olmadığını bildirərək, Yens Anderssona gələcək karyerasında uğurlar arzulayırıq” cümləsi Molla Nəsrəddinin lətifələrindən birini xatırladır. Söhbət “üzrü günahından betər” lətifəsindən gedir. Əminəm ki, çoxunuz bu lətifəylə tanışsız. Guya ki, Andersson Bakının küləkli-bürkülü havasındans sıxılıb, evinə qayıtmaq həvəsinə düşüb. Əvvəllər azərbaycanlı futbolçular Bakının havasından, restoranlarındakı kababdan, çayxanalardakı qəlyanların qoxusundan ötrü darıxıb, yerli klublara qayıdardılar. İndi nə oldu, Andersson da bizimkilərlə oturub-durandan sonra azərbaycanlı futbolçular kimi düşünməyə başladı?
Klubun türkiyəli söz sahibi Cenk Sümer “köhnələr”dən qalan əcnəbi direktorun üzərində qələbə qazandı, əl-ayağını dolaşanlardan birini yolundan kənarlaşdırdı. İsveçlinin yerinəm Sümer öz həmyerlilərindən kimisə gətirib əyləşdirsə heç təəccüblənmərəm. Lap elə kreslosu laxlayan ukraynalı Roman Qriqorçukun əvəzinə də Şenol Günəş kimisini gətirib əyləşdirmələri mümkündür. Sümer hakimiyyətini möhkəmləndirmək üçün bütün yollara əl ata bilər. Hansısa gizli və futboldan bixəbər qüvvə onu gətirib, “Neftçi”nin başında otuzdurub. Bütün səlahiyyətləri də Cenk bəyə veriblər. Adamın da ilk işi “Neftçi”də çalışan sadə insanları çörəksiz qoymaq, inzibatçını, gözətçini, xadiməni işindən uzaqlaşdırmaq oldu. Nəticəsi də hamımızın gözünün qabağındadır. Ölkənin ən qocaman klubun düşdüyü acınacaqlı durum hamımızın ürəyini ağrıdır.
Hələ avqustun ilk günlərində “Rekord.az” oxucusuna təqdim etdiyim yazımda “Neftçi”nin böhrandan çıxış yolu”nu göstərmişdim. Bundan bir qədər əvvəl, daha doğrusu, mayın sonlarında üzümü səlahiyyət sahiblərinə tutub, “Çörəyi verin çörəkçiyə” demişdim. Çox təəssüf ki, bizim sözlərimizi qulaq ardına vururlar, doğru olanı etmək istəmirlər. “Neftçi” də bu səbəbdən batdıqca batır. “Neftçi”ni xilas edəcək adamlar klubun bazasından çox da uzaqda deyillər. Onları Türkiyədə, İsveçdə axtarmağa gərək yoxdur. Anderssonun gedişindən nəticə çıxarmaq, bahalı və faydasız əcnəbi axınından vaz keçmək lazımdır. Yeli kamilləri də “ocaq başından” uzaqlaşdırın. “Neftçi”yə uğur qazandırmış, adlarını Azərbaycanın futbol tarixinə yazdırmış adamları çağırın, klubu onlara təhvil verin. Bu adamların adını hamımız əzbər bilirik: Sadıq Sadıqov, Tahir Süleymanov, Bəxtiyar Musayev, Tərlan Əhmədov...
“Neftçi”ni xilas etmək üçün gecikirsiz, cənablar. Azarkeşlər tribunadan qaçaq düşür, futboldan küsdürülür. “Neftçi”nin adı lağ-lağı mövzusuna çevrilir, tarixi hörmətdən salınır, uğurları unudulur. Bir də işin maddi tərəfi var. Milyonlar kimlərinsə ciblərinə axıdılır, qızıldan qiymətli neft pulları israf edilir. Bu prosesi dayandırmaq üçün hərəkətə keçin. Anderssonun ardınca digərlərini də yola salın Elə bu gün!