“Aniş Giri üzərində qələbə mənə böyük inam verdi”
- 08 Avq 2023 19:45
- 365
“Aniş Giri asanlıqla məğlub olan şahmatçı deyil. Ona görə də bu qələbə mənə böyük inam verdi".
Rekord.az xəbər verir ki, bunu Azərbaycan şahmatçısı Nicat Abbasov Bakıda keçirilən Dünya Kubokunda niderlandlı Aniş Giriyə qalib gəldiyi oyun barədə turnirin rəsmi saytına açıqlamasında deyib.
Tay-brekin ilk duelinin əvvəlində yaxşı mövqe aldığını söyləyən qrossmeyster vaxt azlığının həmin oyunu uduzmasına səbəb olduğunu bildirib: "Bundan sonra növbəti qarşılaşmada mütləq qalib gəlməliydim. İkinci oyuna yeni ideya ilə başladım. Şah cinahında hücuma keçdim və düzgün gedişlərlə rəqibi məğlub edə bildim".
Abbasovun sözlərinə görə, əksəriyyət bu dueldə haqlı olaraq Girini favorit görsə də, tay-brekdə üstün tərəf olmur: "Burada şanslar bərabər qiymətləndirilir. Blitsdə ardıcıl heç-heçələrimiz oldu. Son oyunda isə qələbə qazanmağı bacardım. Rəqibin vaxtı azaldıqca, onun problemləri, mənim isə inamım artırdı. Nəticədə qalib gələrək növbəti mərhələyə adladım".
Nicat Abasov 1/16 finalda Pyotr Svidlerə (FİDE) qarşı keçirəcəyi görüşə də toxunub: "O, böyük təcrübəyə malik rəqibdir. Heç vaxt qarşılaşmamışıq. Giri üzərində qələbə mənə böyük inam verdi. Növbəti mərhələdə də yaxşı oynamağa çalışacağam".
Azərbaycan şahmatçısı məşqçi kimi dəstək olduğu Abdulla Qədimbəylinin ABŞ təmsilçisi Rey Robsona məğlubiyyətini riskli addımın nəticəsi adlandırıb: "Abdulla ilə oyundan əvvəl müəyyən müzakirələr oldu. İlk partiyada heç-heçədən sonra cavab görüşündə də ehtiyatlı oynamağının tərəfdarı idim. Risksiz mübarizə təklif etdim. Onun tay-brekdə məsələni həll etməsini daha düzgün sayırdım. Amma fərqli qərar qəbul etdi. Bu dəfə alınmadı, növbəti dəfə daha uğurlu olar".
Qeyd edək ki, Dünya Kubokunda 1/16 final oyunları avqustun 9-u və 10-da baş tutacaq.