"Turan Tovuz"un rusiyalı futbolçusu Anton Kraçkovski Rekord.az-a müsahibə verib:


- "Zirə" ilə son matçda heyətdə yer alsan da, meydançaya çıxmadın. Əvəzində sabahısı gün əvəzedicilərin matçında oynadın. Kurban Berdiyevin qərarı idi, yoxsa başqa səbəb var idi?

- Bəli, "Zirə" ilə oyundan sonra baş məşqçi ilə belə bir söhbətimiz oldu ki, həmin oyunda çıxış etmədiyimdən formamı itirməmək üçün əvəzedicilərin heyətində meydançaya çıxım.

- Zədən filan yoxdur ki?

- Yox, yox, şükür Allaha ki, belə bir problemim yoxdur, hər şey qaydasındadır.

- Komandaya qışdan sonra qoşuldun. Əhval-ruhiyyə necədir, uyğunlaşma prosesini tam olaraq başa vurmusan?

- Bəli, bu baxımdan da hər şey qaydasındadır, komanda da xoşuma gəlir, şəhər də. Şükür Allaha ki, bu baxımdan da hansısa problem yoxdur.

- Daha öncə Azərbaycanda olmuşdun?

- Xeyr, ilk dəfədir Azərbaycanda oluram.

- "Turan Tovuz" hazırda 4-cü pillədə qərarlaşıb və avrokubok şansını davam etdirir. Komandanın çıxışını və avrokubok perspektivini necə dəyərləndirərdin?

- Hədəfimiz avrokuboklara vəsiqədir. 3-cü pillədə qərarlaşan komandadan 4 xal geri qalırıq və çalışırıq ki, həmin komandaya çataq.

- "Zirə"ni məğlub etməklə buna nail ola bilərdiniz, amma uduzdunuz. Məğlubiyyətə səbəb nə oldu?

- Düşünürəm ki, qol imkanlarını reallaşdıra bilməməyimiz. Bir neçə bu cür imkanımız olsa da, dəyərləndirə bilmədik. Bununla belə avrokubok şanslarımız davam edir, qəyiyyn boşalmaq olmaz və son məğlubiyyətdən nəticə çıxardıb yolumuza davam etməliyik.

- Çempionatımızın səviyyəsi haqda hansı fikirdəsən?

- Xoşuma gəlir. Düzdür, daha əvvəl çıxış etdiyim Rusiya çempionatı ilə arada fərq var. Rusiyada komandalar daha cəld, sürətli oynayırlar. Orada daha tez oynayıb, daha tez qərar verirlər. Təbii ki, Rusiyada səviyyə daha yüksəkdir. Amma Azərbaycanda da yaxşı çempionat gedir, hər komandanın öz dəsti-xətti var. 

- Davamlı olaraq, əsas heyətdə yer almağına nə mane olur?

- Hədəfim budur ki, Mahaçqalada olduğu kimi, burada da daha çox oynayım, azarkeşlərin məndən tələbini də başa düşürəm, burdakı azarkeşlər də futbolu çox sevirlər. Çalışıram ki, qısa zamanda onların istədiyi oyunu ortaya qoyum.

- Tovuz stadionunun örtüyünün süni olması sənə hansısa maneçilik törətmir?

- Yox, yox, heç bir maneçilik törətmir. Düzdür, təbii örtük olsa, daha yaxşı olar, amma belə də problem yoxdur. 

- Müqavilənin müddəti nə qədərdi?

- Yarım illik.

- Qalmaq istərdin burda?

- Bu haqda indidən nə isə demək istəmirəm, yayda vəziyyətə görə qərar verəcəm.

- Tovuzda yaşayırsan, yoxsa Bakıda?

- Bakıda.

- Bakıda hər şey səni qane edir?

- Əlbəttə, Bakı gözəl, Avropa səviyyəli şəhərdi, hər şey ürəyimcədir.


Anar XANLAROV