APOEL-də gərginlik davam edir: baş məşqçi ilə klub prezidenti niyə yola getmir?
- 05 Noy 2019 14:48
- 747
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi APOEL-də klubdaxili gərginlik davam edir.
Rekord.az xəbər verir ki, baş məşqçi Tomas Doll ilə prezident Prodromos Petrides yola getmir.
Həmkarlarımız bu durumun futbolçulara da mənfi təsir etdiyini vurğulayıb. Problem Petridesin məşqçilər korpusuna yeni mütəxəssisi cəlb etmək istəyi ilə başlayıb.
Belə ki, o, "Doxa"nın sabiq baş məşqçisi Lukas Hacilukası almaniyalının əsas köməkçisi etmək fikrində olub. Baş məşqçi buna etiraz etsə də, İdarə Heyəti Hacilukasdan əl çəkmək fikrində deyil.
Klub prezidenti 52 yaşlı mütəxəssisə bu dəfə fərqli vəzifə vermək fikrindədi. Nikosiyalılar ona rəqibləri təhlil etmək və transfer siyahısındakı oyunçuları müntəzəm izləmək tapşırığı vermək istəyir. Tərəflər arasında danışıq artıq yekunlaşıb, tezliklə klub təyinatı rəsmən açıqlayacaq.
Yerli KİV-in iddiasına görə, Petridesin bunda məqsədi Hacilukası baş məşqçi postuna hazırlamaqdı. Belə ki, komanda Avropa Liqasında qrupdan çıxa bilməsə, prezident yola getmədiyi almaniyalı mütəxəssisi istefaya göndərməyi, məhz Lukas Hacilukası bu vəzifəyə təyin etməyi planlaşdırır.